Televiziya Azərbaycan qadınına münasibəti dəyişə bilib. Bu gün Azərbaycan qadınının əzmi, iddiası, zəkası, bacarığı, cəmiyyətdə tutduğu mövqeyi televiziyada o qədər düzgün şəkildə təqdim olunur ki, qadınlarımızda özün
“Televiziyanın strategiyası olmalıdır”
Fatma Bağırova: “Bu gün biri-birini təkrarlayan məzmunsuz verilişlər çoxdu”
Televiziya Azərbaycan qadınına münasibəti dəyişə bilib. Bu gün Azərbaycan qadınının əzmi, iddiası, zəkası, bacarığı, cəmiyyətdə tutduğu mövqeyi televiziyada o qədər düzgün şəkildə təqdim olunur ki, qadınlarımızda özün
Televiziya Azərbaycan qadınına münasibəti dəyişə bilib. Bu gün Azərbaycan qadınının əzmi, iddiası, zəkası, bacarığı, cəmiyyətdə tutduğu mövqeyi televiziyada o qədər düzgün şəkildə təqdim olunur ki, qadınlarımızda özün
Televiziya estetika deməkdi həm də. Burada zəriflik önəm daşıyır. Teleməkanda "Zərif qəhrəman” olaraq formalaşmaq, tanınmaq və imzanı təsdiqləmək o qədər də çətin deyil. "Şərq”in budəfəki "Zərif qəhrəman”ı ömrünün 20 ilini televiziyaya həsr edib.
Bir çox müəllif verilişlərinin aparıcısı, redaktoru olub. Onun bu gün televiziyadan danışmağa istər bir peşəkar televiziyaçı olaraq, istərsə də qadın olaraq haqqı var. Müsahibim "Zərif qəhrəman” verilişinin müəllifi və aparıcısı Fatma Bağırova oldu. 20 ilin televiziyaçısı ilə bu günün televiziyasından danışdıq.
- Azərbaycan Televiziyası bu gün kənardan necə görünür? Nə qədər rəngarəng və ya ağ-qara effekti var?
- Televiziya bu gün nə qədər müzakirə olunsa və tənqidlər səslənsə də, düşünürəm ki, əvvəlki illərlə müqayisədə bu gün Azərbaycan televiziyası daha rəngarəng görünür. Demirəm televiziyalarımız qüsursuzdu. Bu gün tamaşaçı efirdə yetərincə qüsur, irad görə bilər. Amma bütün bu qüsurlara, televiziyadakı çatışmazlıqlarımıza baxmayaraq Azərbaycan televiziyaları deyilən qədər də qaranlıq bataqlıq deyil. Əvvəllərə baxanda bu gün teleməkanımız daha işıqlı görünür. Əvvəllər olmaz deyilən bir çox məhdudiyyətlər bu gün yoxdu. Bu gün efir daha səmimi ünsiyyətə üstünlük verir. Efir bu gün həm də tamaşaçı ilə daha yaxın, bir az da məhdudiyyətsiz ünsiyyətə önəm verməlidi. Misal üçün, mən "Zərif qəhrəman” verilişi hazırlayanda müxtəlif fikirlər səsləndi ki, baxan olmayacaq. Bəlkə araya müğənnilər qataq ki, tamaşaçı marağı yaransın. Mən razı olmadım. Çünki mən əmin idim ki, sıradan, sadə insanların həyatı maraqlı olacaq. Olmaz deyilən arqumentləri də teleməkan üçün qəbul etmirəm. Efir cəmiyyətdə baş verənlərin göstəricisi olmalıdı. Mənim üçün reytinq önəm daşımadı, mən keyfiyyətə önəm verdim. Televiziyanın strategiyası olmalıdı. Verilişin ideya xətti olmalıdı. Bu gün biri-birini təkrarlayan məzmunsuz verilişlər çoxdu. Verilişin məzmunu olmalıdı. Yaxşı televiziyaçı ilk növbədə bir sualı özünə verməlidi. Tamaşaçı niyə mənim verilişimə baxmalıdı? Əgər aparıcı, veriliş müəllifi bu suala özündə cavab tapa bilirsə, demək, meydana keyfiyyətli ekran işi qoymaq mümkündü.
- Deyirsiz bu gün efir sizin üçün rəngarəng görünür. Bəziləri efirlərimizdə primitivliyin çoxaldığını irad tuturlar. Bəlkə siz televiziyada olduğunuz üçün efiri rəngarəng görməyə çalışırsız?
- Mən artıq 20 ildi televiziyada çalışıram. Bu illər ərzində heç vaxt hədəfim şou olmayıb və şouya işləməmişəm. Bayağı verilişlər şou xarakterli layihələrə aiddi. Mən bu günə qədər belə layihələrə imza atmadığımdan bilmirəm onlar hansı stereotiplərə önəm verirlər. Bir peşəkar televiziyaçı olaraq da məntiqli, məzmunlu, təkrara yol verilmədən tamaşaçını düşündürə və məlumatlandıra bilən verilişlər tərəfdarıyam. Mən zamanında da televiziyanı bu tərzdə öyrənmişəm.
- Axı aparıcılar bəzən səmimiyyət adı altında bayağılığa yol verirlər.
- Mən heç kimin adını çəkərək bu barədə münasibətimi bildirmək istəməzdim. Amma ümumi fikrim təbii ki var. Mənə elə gəlir ki, hər bir aparıcı tamaşaçı qarşısına çıxan obrazla barəsində fikir yarada bilir. Onun yaratdığı obraz tamaşaçıya həmin aparıcının intellekti, dünyagörüşü, savadı barədə məlumat ötürməyə imkan verir.
- Aparıcı olaraq efirə tamaşaçı qarşısına çox sadə və makiyajsız çıxırsız. Bu sizdə heçmi kompleks yaratmır?
- Mənə elə gəlir ki, aparıcının görünüşü, makiyajı bir neçə dəqiqə tamaşaçını ekrana bağlamaq gücünə malikdi. Əgər onun təqdim etdiyi tamaşaçı üçün maraq doğurmursa, o nə qədər gözəl görünsə də, düyməni dəyişəcək. Bəli, mən efirə demək olar çox zaman makiyajsız, sadə tərzdə çıxıram. Bundan da qətiyyən narahat deyiləm. Veriliş üçün hazırladığım heç bir reportajda bəzənmiş, makiyajlı tərzdə məni görə bilməzsiz. Ancaq studiya çəkilişində yüngül bir makiyajım ola bilər. Buna səbəblərim var. Mən tamaşaçıya çatdırmaq istəyirəm ki, mənim sizdən heç bir üstünlüyüm yoxdu. Mən də sizdən biriyəm. Mən tamaşaçını maraqlı və intellektual verilişlə təmin edən mükəmməl jurnalist, televiziyaçı olmaq istəyirəm. Ucuz reytinq arxasınca qaçıb mən peşəkarlığı kölgə altına ata bilmərəm. Başqalarının adından danışmağa haqqım yoxdu. Amma mən bir televiziyaçı olaraq simamı göstərmək üçün efirə çıxmaq istəmirəm. Mənim tamaşaçıya göstərib təqdim etmək istədiyim maraqlı efirdi. Ona görə də heç bir geyim tərzi, makiyajımla tamaşaçını qazanmaq istəməmişəm. Mən layihəmlə tamaşaçı qazanmağa üstünlük verirəm. Mənə elə gəlir ki, peşəkar televiziyaçı tamaşaçısını intellekti ilə qazanmalıdır.
- Qeyd etdiniz ki, ucuz reytinq arxasınca qaçmamısız deyə şou verilişlərindən uzaq olmusuz. Şoudan tamamilə uzaq verilişin aparıcısı olmaq və tamaşaçı auditoriyası qazanmaq çətin olmadı ki?
- Təbii ki, başlayanda çətin oldu. Amma mənim məqsədim var idi. Ona görə də məqsəd mənə bu yolda dəstək oldu. Mən tamaşaçıya nə vermək istədiyimi bilirdim. Ona görə də bu gün bu qədər şou və əyləncəli verilişlərin arasında mən öz verilişimin auditoriyasını qura bilmişəm. Bizə gələn telefon zəngləri, sosial media vasitəsilə müraciətlərdən o nəticəyə gələ bilirik ki, biz məqsədimizə çata bilmişik. Mən əminəm ki, təkrarçı verilişlərin sonu gəlib çatacaq. Atıq şou əhli üçün də televiziya o qədər böyük əhəmiyyət daşımır. Çünki müğənnilər sosial mediada kifayət qədər özlərini reklam etmək, tanıtmaq imkanı əldə edirlər. Təbii ki, istənilən halda televiziya böyük təsir qüvvəsinə malikdi. Amma müğənnilər də artıq yüngül şoulu verilişlərdən uzaqlaşmağa üstünlük verirlər. Artıq şou verilişlərinə tələbat elə də çox deyil. Əslində sənətçilər də azalıb, onların tamaşaçıya təqdim etmək istədikləri yeniliklər də o qədər çox deyil. Bu gün sənət adamlarımızın, xüsusilə şou-biznes nümayəndələrinin göstərməyə heç nələri yoxdu. Bir də unutmayaq ki, televiziya göstəricidi. Bir millət haqqında onun televiziyası məlumat verə bilən güzgüdü. Ona görə də televiziya istər estetik baxımdan, istər intellekt səviyyəsi baxımından nümunədi. Televiziya tamaşaçının marağını ödəməlidir. Tamaşaçı gün ərzində televiziya vasitəsilə informasiya aclığını doldurmalıdı. Televiziya bu və ya digər şəkildə məlumat, xəbər ötürən məkandı. Sadəcə bu məkandan düzgün, səmərəli şəkildə istifadə etmək vacibdi.
- Azərbaycan qadınının bu gün televiziyadakı rolunu necə dəyərləndirmək olar? Azərbaycan qadını televiziyadan necə görünür?
- Azərbaycan qadını bu gün televiziyadan çox ağıllı, intellektli, iddialı, ambisiyalı, xüsusən də güclü görünür. Televiziya Azərbaycan qadınına münasibəti də dəyişə bilib. Bu gün Azərbaycan qadınının əzmi, iddiası, zəkası, bacarığı, cəmiyyətdə tutduğu mövqeyi televiziyada o qədər düzgün şəkildə təqdim olunur ki, qadınlarımızda özünə güvən yaranır. Bu da qadının müxtəlif sahələrdə fəaliyyətinə birbaşa təsir edə bilir.
- Elə efirdə olan qadınlara da birmənalı münasibət yoxdu. Çünki televiziya kifayət qədər yaradıcı bir mühit olduğu üçün burada çalışmaq daha çətindi. Burda çalışan televiziyaçı saatı bəlli olmadan efirdə olmağa məcburdu, digər sahələrdən fərqli çətin tərəfləri var. Fatma xanım üçün həm televiziyada çalışmaq, həm də ailə sahibi olaraq öhdəliklərini ödəmək çətin olmur?
- Təbii ki, çox çətindi. Bu sahəyə yanaşma da fərqlidi, burada çalışmaq üçün güc lazımdı. Kim desə ki, bir qadının, xüsusilə ailəsi olan qadının televiziyada çalışması asandı, mən bununla razılaşa bilmərəm. Buna sübut mən özüməm. Eyni vaxtda həm televiziyada çalışmaq, veriliş aparmaq, həm ailənin öhdəliklərini yerinə yetirmək, ev işləri görmək, sosial qayğıları tənzimləmək, inanın, asan deyil. Bir az yemək yediyin vaxtdan oğurlayırsan, bir az mətbəxdəki vaxtından oğurlamalı olursan, bir az övladarınla keçirəcəyin vaxtı azaldırsan ki, televiziya işinə xələl gəlməsin. Çünki tamaşaçı üçün efirdə olan insanın şəxsi qayğıları maraqlı deyil. Tamaşaçı səndən onun tələblərinə cavab verən veriliş gözləyir. Gecə saatlarına qədər televiziyada oturub çəkiliş edənlər, layihə hazırlayan televiziya işçilərimiz var. İnanın, bu o qədər asan deyil. Bəzən uşağını məktəbə çatdıra bilmirsən, bəzən yaxınlarına vaxt ayıra bilmirsən, bəzən evə gec gəlməli olursan ki, çəkilişdəyəm. Bilirsiz, ailədə bəzən bunlar həm çətinlik, həm söz-söhbət yarada bilir. Ona görə də Azərbaycan qadını bu sahədə fədakarlıq nümayiş etdirir. Ona görə də televiziyada olan insan, xüsusilə qadın planlı şəkildə həyatını qurmalı, hər gününü planlı şəkildə tənzimləməlidir. Televiziyada çalışan xanım yuxusundan oğurlamasa, işlərini çatdıra bilməz.
- Aparıcılarımızın imici, nitq qabiliyyəti də hər zaman müzakirə predmeti sayılır. Aparıcı necə olmalıdı?
- Bu məsələdə ad çəkməklə kiminsə işini kölgələmək niyyətində deyiləm. Aparıcı məsuliyyətli, tamaşaçı qarşısına çıxanda, dəvət etdiyi qonaqla ünsiyyətində hazırlıqlı olmalıdı. Mənə elə gəlir ki, hər bir aparıcı ilk növbədə tamaşaçı qarşısında olan məsuliyyəti dərk etməlidi. Mütaliəsi güclü olmalıdır. İmicə gəldikdə isə buna fərdi yanaşmaq olar. Xəbər aparıcısının imici ilə maqazin verilişi aparan aparıcı arasında təbii ki, fərq olmalıdı. Sadəcə, istənilən halda televiziya bayağılığı sevmir. Nə danışıqda, nə imicdə, nə tərzdə, nə də digər məqamlarda. Səmimi olmaq vacibdi, amma səmimilik, sadəlik ifrat sərbəstlik demək deyil. Çərçivəni sevməyən televiziyanın özünün də görünməyən çərçivəsi olur. Ona görə də tamaşaçı səni səmimi, amma şit görməməlidir. Səni izləyən auditoriya səndə dinamika görmək istəyir, amma bu o demək deyil ki, efiri palatka toyuna döndərə bilərik. Mən müəllimlərimdən televiziyanı belə öyrənmişəm. Böyük mənada televiziyada bu gün senzura olmaya bilər. Aparıcının öz təfəkküründə senzura olmalı, o, cavabdehlik hissi daşımalıdır. Aparıcının, televiziyanın bu gün ən böyük senzurası tamaşaçının özüdür. Elə etmək lazımdı ki, tamaşaçı səni izləməyə maraqlı olsun. Bu marağın da bünövrəsində peşəkarlıq durur. Televiziyada olan insan millətinə xidmət etməyə maraqlı olmalıdı. Çünki o, millətin qarşısına çıxır. Deməli, onlar qarşısında cavabdehlik daşıyır.
Tahirə Məmmədqızı
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb