İqtisadçı əmlak bazarında belə halların baş verməsini təəccüblü saymır
“Məlumatsızlıq və ya kifayət qədər bilginin olmaması, kredit götürdükdən sonra bir çox ailələrə ciddi problemlər yaşadır”
Bakı və Xırdalanda ipoteka krediti ilə alınmış mənzillər ya şirkətə geri qaytarılır, ya da satışa çıxardılır. Marjanın yaydığı məlumata görə, əmlak saytlarında ipotekada olan mənzillərin satışı elanları kəskin artıb. Səbəb maddi vəziyyəti pisləşən ailələrin aylıq kredit borclarını ödəyə bilməmələridir.
Yaşayışa yeni təhvil verilmiş yaşayış komplekslərinin sakinləri bildirirlər ki, mənzillər boşalır. Son 2 ayda mənzilindən imtina edənlərin sayı kəskin artıb.
Manatın devalvasiyalarına qədər və sonra tikinti şirkətləri Azərbaycan Beynəlxalq Bankının ilkin ödənişsiz və ya 10 faiz ilkin ödənişli 20 illik ipotekası ilə xeyli mənzillər satmışdılar. Bu gün isə gəlirləri azalan bir çox ailələr krediti ödəməkdə çətinlik çəkirlər. Vəziyyətin pisləşdiyini görən Beynəlxalq Bank ipotekanın bir addan digər ada rəsmiləşdirilməsinə icazə verir. Yəni, borcunu ödəyə bilməyəcəyini görən alıcı mənzili başqasına təklif edə bilir. Bu halda, satıcı satışa qədər banka ödədiklərini alıcıdan alır, həmçinin qalan aylıq ödənişlər də yeni alıcı tərəfindən Banka ödənilir.
Qeyd edək ki, mənzilin tikinti şirkətlərinə qaytarılması halları da mövcuddur. Mənzil tikinti şirkətinə qaytarılan zaman alıcı cərimələnir (mənzilin dəyərinin 2 faizinə çatan dəbbə pulu), MTK-ya dəymiş ziyan və digər məsrəflər alıcıdan tutulur. Mənzilin başqa bir şəxsə satışından əldə edilmiş vəsaitdən bütün məsrəflər çıxılır, sonra alıcının ötən müddət ərzində MTK-ya və ya Banka ödədiyi vəsait qaytarılır. Eyni zamanda bank ilə alıcı arasında bağlanmış müqaviləyə görə, alınan mənzil girova qoyulur. İpoteka krediti üzrə aylıq ödəniş 90 gün gecikdiyi zaman mənzil üzrə bütün hüquqlar Banka keçir və Bank mənzili satışa çıxarda bilər. Cərimələnməmək və digər məsrəfləri ödəmək istəməyənlər mənzilini elan saytları vasitəsilə özləri satışa çıxardıblar. Bu gün əmlak saytları ipotekada olan mənzillərin satış elanları ilə doludur.
Digər tərəfdən, Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditini dayandırdıqdan sonra tikinti şirkətləri 3-5 illik daxili kredit təklif etməyə başladılar. Daxili kreditdə ilkin və aylıq ödəniş çox yüksək olur. Adətən tikinti şirkətləri 50 faizədək ilkin ödəniş tələb edirlər. Daxili kredit ilə alınmış mənzillərin geri qaytarılması halları da artıb.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun "Şərq”ə açıqlamasına görə, daşınmaz əmlak bazarında belə halların baş verməsi heç kimi təəccübləndirməməlidir. O, kimlərinsə ipoteka kreditləri hesabına aldığı mənzilləri geri qaytarmasının təbii hal olduğunu deyib:
"Geri qaytarılan həmin mənzilləri bazarda bir başqa müştərilər ya kreditlə və yaxud başqa yollarla alırlar. Bu, bazarın ümumi qaydalarıdır. Bütövlükdə isə alınan mənzillərin geri qaytarılmasının bir neçə səbəbi ola bilər. Hesab edirəm ki, bu səbəblər içərisində başlıca yeri insanlarımızın iqtisadi biliklərin olmaması və ya az olması tutur.
Belə ki, əksər vətəndaşlarımız ailə büdcəsinin necə idarə olunması və onun nələrdən sığortalanmasının vacibliyi ilə bağlı mühüm hesab olunan məqamlar barəsində az məlumatlıdırlar və ya tam məlumatsızdırlar. Belə məlumatsızlıq və ya kifayət qədər bilginin olmaması, kredit götürdükdən sonra bir çox ailələrə ciddi problemlər yaşadır. Buna dair yüzlərlə, misallar göstərmək mümkündür”. Professorun sözlərinə görə, ipoteka krediti hesabına alınmış mənzillər satışa çıxarılırsa, bu halda vətəndaş satış anına qədər ödədiyi kreditin xərclərini mənzilin satış qiymətinə əlavə edir:
"Əgər mənzil onu tikib satan şirkətə qaytarılırsa, bu halda şirkətin maliyyə vəziyyətinə uyğun addımlar atılır. Yəni, şirkət vətəndaşın ödədiyi məbləği ona qaytararaq, mənzili geri alıb, onu yenidən satışa çıxara bilər və ya mənzili geri qaytaran vətəndaşla müqavilə bağlayıb həmin mənzili borcla birlikdə satmaq qərarı qəbul edir. Bütün hallarda bu məsələlər hər iki tərəfin qarşılıqlı razılığı əsasında həll olunur”.
Şəymən