Xəzərin çirkləndirilməsinə etiraz: "Turizmə ziyan dəyir, canlılar məhv olur"




"Dənizin çirklənməsi həm ətraf mühitə, həm də Azərbaycanın turizm potensialına ziyan vurur”.

Bunu Sherg.az-a Xəzər dənizinin sahilboyu çirkləndirilməsi, çirkab sularının dənizə axıdılması ilə bağlı problemlərdən danışarkən millət vəkili Fazil Mustafa deyib. 

O bildirib ki, çirkab sularının dənizə axıdılması ilk növbədə dəniz canlılarının məhv olması ilə nəticələnir:

"Həmçinin çimərlik kimi Xəzərin turistik məkan olaraq ekoloji təmizliyinə ziyan dəyir. Bunlar kompleks təsirlərdir. İlk növbədə çirkab sularının dənizə axıdılması üzərində düşünməliyik ki, ölkəmizin sərvətini daha faydalı məcrada istifadə edək. Problemin həlli üçün kompleks tədbirlər həyata keçirilməlidir. Çirkab sularının, kanalizasiya qurğularının dənizə axıdılmasının qarşısını almaq istiqamətində struktur qurulmalıdır. Bəzi yerlərdə bu məsələ həllini nisbətən tapıb. Amma xüsusilə Hövsan tərəfdə bu qurğuların yerləşdirilməsi yaxşı olar. Nəzərə almalıyıq ki, həmin ərazidə xeyli çimərliklər və obyektlər var. Çirkab sularının dənizə axıdılması onların işləməsinə də ciddi şəkildə mənfi təsir göstərir”.

Qeyd edək ki, Hövsanda dəniz kənarında xoşgəlməz mənzərə yaranıb. Sakinlərin verdiyi məlumata görə, sözügedən ərazidə kanalizasiya boruları oğurlanıb və çirkab su dənizə axır. Ərazidə yaranmış antisanitar vəziyyət insanların həyatı üçün böyük təhlükə yaradır.

Aysel Aslan