Ədalət Tahirzadə: “Şəxsi arxivimdən nə istəyiblər vermişəm”

“Rəsulzadənin yubileyi ilə əlaqədar bir sıra mühüm işlərin görüləcəyinə inanıram”


Yanvarın 28-də, saat 12:00-da İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şura sədri, görkəmli ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Tarixin bir səhifəsi” adlı sərgi təşkil olunacaq.

Prezident İlham Əliyevin sərəncamının icrası ilə əlaqədar olaraq hazırlanmış Tədbirlər Planına əsasən təşkil olunacaq sərgidə M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən sənədlər nümayiş etdiriləcək. Nümayiş etdiriləcək dəyərli sənədlər içərisində tarixçi, publisist Ədalət Tahirzadənin şəxsi arxivindən 30 ədəd fotoşəkil və muzeyin fondunda saxlanılan kitablar da olacaq. Bu barədə "Şərq”ə danışan Ə.Tahirzadə yubileylə bağlı görülən işlərdən xəbərsiz olduğunu desə də, bu istiqamətdə mühüm addımların atılacağına ümid edir: "Səhhətimlə əlaqədar televiziyanı və mətbuatı izləyə bilmirəm. Ona görə də çox şeydən məlumatım yoxdur. Ancaq M.Ə.Rəsulzadənin yubileyi ilə əlaqədar bir sıra mühüm işlərin görüləcəyinə inanıram. Ayın 28-də keçiriləcək sərgi də buna bir nümunədir. Həmin sərgiyə məni də dəvət ediblər. Sərgi üçün şəxsi arxivimdən nə istəyiblərsə, artıqlaması ilə onlara vermişəm. Güman edirəm, gözəl tədbir olacaq. Çünki ora dəvət edilənlərin hamısını yaxşı tanıyıram. Çox vətənpərvər insanlardır”.

İsmayıl