Fransa da Avropa İttifaqından ÇIXIR ? - ŞƏRH



"Heç kimin gözləmədiyi vaxtda Böyük Britaniya ilk addımı atıb, Avropa İttifaqından çıxdı”.

Bunu Sherg.az-a Avropa İttifaqı (Aİ) ölkələrində mərkəzdənqaçma meyllərini izah edərkən politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, hazırda Fransada da müəyyən qüvvələr ittifaqdan çıxmağın tərəfdarıdı:

"Xüsusilə, sabiq prezidentliyə namizəd Marin Le Pen və onun tərəfdarları referendum keçirilməsinin lehinə idi. O qələbə çala bilmədi. Lakin bu o demək deyil ki, bu ideya qüvvədə deyil. Fransa Avropanın iki aparıcı dövlətindən biridir. Həmin ölkə düşünür ki, Avropa İttifaqından imtina edəsə, Almaniya liderə çevriləcək. Bu da Fransanın maraqlarına cavab vermir. Ona görə, inanmıram ki, yaxın illərdə Fransanın Böyük Britaniya kimi Aİ-dən çıxsın. Referendum keçirilə bilər, amma əhalinin əksəriyyəti birliyin tərkibində qalmağa səs verəcək.

Hazırda Almaniyada da eyni vəziyyət hökm sürür. Bu ölkənin də yaxın gələcəkdə Aİ-nin tərkibindən çıxmaq fikri olmayacaq”.

Böyük Britaniyanın ittifaqdan çıxması səbəblərinə toxunan ekspertin sözlərinə görə, bu dövlət hələ 1970-ci illərdə Avropa İttifaqına müəyyən şərtlərlə daxil olmuşdu:

"Hətta o, birliyə daxil olduqdan sonra da avronu pul vahidi olaraq qəbul etmir, özünün funt-sterlinqini işlədirdi. Ada dövlət olduğuna görə ittifaqın daxili məsələlərində də fəal ola bilmirdi. Ona görə, onun çıxması müəyyən qədər başa düşüləndir. Amma Fransa və Almaniyanın prosesdən kənarda qalması özlərinə ziyan verə bilər. Çünki indiki halda Aİ bu iki dövlətin ətrafında bütün qitə dövlətlərini yığıb. Onların birlikdən çıxması xaos yarada bilər, hərə özü üçün fəaliyyət göstərər. Belə halın baş verməsi təqdirdə nələrə gətirib çıxara biləcəyini təxmin edə bilərik. Hər iki dünya savaşı məhz Avropadan başladı.

Bütün bunları nəzərə aldıqda düşünürəm ki, Avropada mərkəzdənqaçma meylləri olsa da nə Fransa nə də Almaniya Aİ-nin tərkibindən uzaqlaşan deyil. Digər ölkələrdə də bəzi millətçi partiyalar Avropa İttifaqına qarşı aksiyalar həyata keçirir. Əsas olan isə qitənin problemlərinin həllini sürətləndirməyə çalışmaqdır. Böyük Britaniya nümunə oldu, ittifaqdan çıxdı. Amma onu gələcəkdə ciddi çətinliklər gözləyir. Belə ki, İttifaqda hansı ölkənin nə qədər borcu olması mübahisə doğurur. Hər ölkə bir rəqəm deyir. Bu ciddi prosesə çevrilə bilər. Kim ki Böyük Britaniya kimi ittifaqdan çıxmaq haqqında düşünsə, görsün ki, ona neccə baha başa gələ bilər. Böyük Britaniya bir qədər varlı ölkədir və müəyyən məbləği ödəyə bilər. 

Amma elə dövlətlər var ki, bu pulu ödəmək iqtidarında deyil. Məsələn Fransanın özündə iqtisadi problemləri çox dərindir. Ona görə bu risklidir. Son seçkilərdə Fransada Emmanuel Makronun qələbəsi və Almaniyada Angela Merkelin qələbəyə doğru addımlaması ondan xəbər verir ki, hələlik Avropada mərkəzdənqaçma meyilləri olsa da ittifaqın qorunmasını dəstəkləyən siyasi güclər daha lider səviyyədədir. Son seçkilərdə də məhz bunlar qələbə çaldı.

Əlavə edim ki, Böyük Britaniyanın indiki baş naziri Tereza Mey əvvəlki hökumətdə "Brexit”in əleyhinə çıxırdı. Referendumun nəticələri bəlli olduqda baş nazir bunu dəstəkləməyə məcbur oldu. Hökumətdən istefa verən sabiq baş nazir Devid Kameron referendumun keçirilməsinə razılıq verdi, o özü belə "Brexit”in əleyhinə idi. Sadəcə qərar veriləndən sonra artıq baş nazir də bu siyasəti həyata keçirməyə məcbur oldu”.

Ayyət Əhməd