"...Dağlıq Qarabağ Azərbaycanın tərkibinə heç vaxt qayıtmayacaq" - İDDİA




"Heç vaxt hər hansı diplomat öz məqsədini açıq şəkildə demir. Rusiyanın da Dağlıq Qarabağ münaqişəsində mövqeyi budur”.

Bunu Sherg.az-a Rusiya xarici işlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər" açıqlamasını şərh edərkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. 

O diqqətə çatdırıb ki, Sergey Lavrov özü də əslən ermənidir:

"Eyni zamanda Rusiyanın mövqeyini təmsil edir. Rusiyanın deyimi ilə, münaqişə danışıqlar yolu ilə həll olunmalıdır. Bu o deməkdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə heç vaxt qayıtmayacaq. Ona görə, Rusiyanın baş diplomatı da rəsmi Moskvanın mövqeyini açıq şəkildə ifadə edə bilmədiyindən danışıqlarla bağlı belə üstüörtülü bəyanatlar səsləndirir. 

Hesab edirəm ki, Azərbaycanda hamı üçün Rusiyanın mövqeyi məlumdur. Rusiya istəmir ki, münaqişə həllini tapsın, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qaytarılsın. Buna görə, rəsmi Moskvanın açıqlamalarını Azərbaycan rəhbərliyi özü də analiz edir. Rəsmi Bakı buna uyğun mövqe tutmalıdır. Artıq ümid edək ki, Rusiyanın münasibəti yaxşılaşarsa, münaqişə həllini tapacaq, belə şey yoxdur.

QAT sədri onu da əlavə edib ki, hətta bu gün şimal qonşumuz ən böyük güzəştlərə də getsə, hərbi bazasını Azərbaycanda yerləşdirilsə də onun mövqeyi dəyişməyəcək:" 

Ola bilər Rusiya Qarabağın Ermənistan ərazisinə qatılmasını istəyir, ola bilər münaqişəni qeyri-müəyyən halda saxlamağa çalışır, hər halda bu onun mövqeyidir ki, torpaqlarımızın bizə qaytarılmasını istəmir. Biz şimal qonşumuzun bu niyyətindən nəticə çıxartmalıyıq”.

Aysel Aslan