" “Metsamor”un bağlanması ilə bağlı Ermənistana təzyiq edilsin !" - TƏLƏB




"Ermənistan "İsgəndər” raketlərini, digər hərbi sursatları bizim hərbi obyektlərlə yanaşı, mülki əhalinin sıx yaşadığı ərazilərə, sosial və infrastruktur obyektlərinə yönəldir”.

Bunu Sherg.az-a Azərbaycana qarşı "İskəndər” raketlərinin istifadə edilə biləcəyi ilə bağlı Ermənistan tərəfinin səsləndirdiyi təhdidlərə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib. O qeyd edib ki, bu, Ermənistan siyasətinin anti-humanist mövqeyindən irəli gəlir:

"Düşmənin bu addımlarından görünür ki, Azərbaycan dövləti ilə deyil, Azərbaycan xalqı ilə mübarizə aparır. Rəsmi Bakının strategiyasına gəldikdə isə dövlətimiz hədəf kimi heç vaxt erməni xalqını seçməyib. Azərbaycanın düşməni o xalqın rəhbərləri, hərbi xunta rejimidir. Ona görə, aprel döyüşləri də göstərdi ki, Azərbaycan heç vaxt ermənilərin sıx yaşadığı, mülki əhalinin məskunlaşdığı yerlərə atəş açmır. Ordumuz adətən, hərbi hissələrə, hərbi obyektlərə atəş açır. İndiki vəziyyətdə belə ermənilər etiraf edirlər ki, mülki obyektlərə də atəş açmağa hazırdır. Azərbaycan isə bunu demir və etmir.

Ermənistanın hərbi obyektləri Azərbaycan ordusunun nəzarəti altındadır, hər an onlara zərbə endirə bilərik. Amma inanmıram ki, "Metsamor” AES hərbçilərimizin hədəfində olsun. Başa düşürük ki, həmin stansiyaya zərər vurulsa, bu, yalnız Ermənistana deyil, digər ölkələrə, Naxçıvana da ciddi təsir göstərəcək. Hətta hər dəfə beynəlxalq ictimaiyyətə müraciət edirdik ki, Ermənistana "Metsamor”un bağlanması haqqında təzyiq edilsin. AES heç hərbi zərər yetirilmədən də, özü-özlüyündə təhlükə yaradır. "Metsamor” istismar müddəti bitmiş stansiyadır. Ermənilərin ona mütəmadi yeni avadanlıqlar almağa maddiyyatı çatmır. Köhnəlmiş qurğular isə o qədər pis işləyir ki, bir-neçə dəfə orada qəzalar baş vermişdi. Ona görə, dəfələrlə deyirik ki, stansiyanı bağlamaq lazımdır. Bu, ermənilərin özünə təhlükədir. Belə texnogen qəzalar baş verdikdə ilk növbədə Ermənistan bəlalar çəkəcək. Bu səbəbdən biz belə anti-humanist siyasəti aparmırıq ki, hərbi obyektlər dura-dura "Metsamor”u vuraq”.

Qeyd edək ki, düşmənin qeyri-hərbi obyektlərini hədəf olaraq seçmədiyi barədə Azərbaycanın dəfələrlə bəyanatlar verməsinə baxmayaraq, əlverişli hava şəraiti də nəzərə alınmaqla AES-a təsadüfən düşə biləcək raket onun nüvə reaktorunun dağılmasına və radioaktiv tullantıların ətrafa yayılmasına gətirib çıxara bilər.

Aysel Aslan