İntiharlara səbəb ümidlərin tükənməsidir

Orxan Oruc: "Tək maddi sıxıntıların olması intihara səbəb deyil. Belə olsaydı, gərək Afrikada günlərlə çörək tapmayan insanlar intihar etsin"

"İnsanların intihar etməsinə səbəb ümidlərin tükənməsi olur”.

Bunu Sherg.az-a insanların maddi sıxıntılardan intihar etməsi probleminə toxunarkən psixoloq Orxan Oruc deyib. 

O bildirib ki, ümidlərin tükənməsi isə hər kəsdə fərqli şəkildə müşahidə olunur:

"Tək maddi sıxıntıların olması intihara səbəb deyil. Belə olsaydı, gərək Afrikada günlərlə çörək tapmayan insanlar intihar etsin. Onların o maddi sıxıntısı, gündəlik lazımı qida tələbatlarını ödəmək üçün əllərində heç bir vasitələr yoxdur. Ona görə, bu birbaşa intihar səbəbi deyil. Sadəcə insanın ümidi tükənirsə, intihara qərar verməyə başlayır. Yəqin ki, maddi sıxıntıdan əziyyət çəkən insan tək intihar edən şəxslər deyil. İntiharı sadəcə insanın ümidinin tükənməsi kimi qiymətləndirmək lazımdır. İnsanı həyata bağlayan onun hər hansı ümididir. Ola bilər ümid böyük olsun, ya da kiçik olsun, başqalarına gülməli gəlsin. Amma hər halda bu ümidlərlə yaşayan insanlar var”.

Qeyd edək ki, Lənkəranda orta məktəbdə intihar hadisəsi baş verib. Şəhərin Koroğlu küçəsi 3 ünvanında yerləşən S.Kazımbəyov adına 6 saylı məktəb-liseydə gözətçi işləyən 1966-cı il təvəllüdlü Məhərrəmov Aydın Bəycan oğlu özünü asaraq həyatına son qoyub.

Aysel Aslan