Peşə təhsili üzrə ixtisaslı kadr qıtlığı yaşanır
Xüsusilə, tikinti, energetika, kənd təsərrüfatı sahələri üzrə mütəxəssislər, ixtisaslı kadrlar çatışmır
Təhsil naziri Mikayıl Cabbarov peşə məktəbi şagirdlərinin iş yerlərində istehsalat təcrübəsinə cəlb ediləcəyini deyib. Trend-in məlumatına görə, nazir bildirib ki, qısa müddətdə peşə ixtisas təhsili müəssisələrinin əksəriyyətində montiorinqlər keçirilib:
"Onların bir çoxunun rasionallaşdırılması və optimallaşdırılması ilə bağlı müvafiq təkliflər hazırlanıb. Nəticədə 32 ilk peşə təhsil müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 dövlət peşə təhsili mərkəzlərində yerləşdirilib. Bu günlərdə daha bir rasionallaşdırma baş verib. Nazirlər Kabinetinin müvafiq qərarı olaraq, Qəbələdə 2 təhsil müəssisəsinin əsasında müvafiq peşə təhsil mərkəzi yaradılıb.
Şəffaflığın təmin edilməsi məqsədilə "Asan peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə təhsili müəssisələrinə şagird qəbulu Asan Xidmət Mərkəzləri tərəfindən həyata keçirilib. Yeni tədris ilindən Asan Xidmət Mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda da həyata keçirilməsi nəzərdə tutulur”.
Nazir qeyd edib ki, Mənzil İnşaatı Dövlət Agentliyi ilə əməkdaşlığa əsasən, bu ildən tikinti və quraşdırma üzrə Dövlət Təhsili Mərkəzinin şagirdləri iş yerində istehsalat təcrübələrinə cəlb edilib.
"Növbəti tədris ilindən etibarən, ölkənin ən iri işə götürənlərindən biri olan "Gilan Holding”lə qarşılıqlı əməkdaşlıq çərçivəsində sifarişlər əsasında əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlığının həyata keçirilməsi nəzərdə tutulur.
Peşə ixtisas təhsilinin inkişafı ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev peşə təhsili üzrə ixtisaslı kadr qıtlığı yaşandığını dedi:
- Xüsusilə, tikinti, energetika, kənd təsərrüfatı sahələri üzrə mütəxəssislər, ixtisaslı kadrlar çatışmır. Birinci səbəb odur ki, 90-cı illərin əvvəllərində sovetlərin vaxtındakı sovxozlar, fermalar dağıdıldı. Sovet illərində mexanikləşdirilmiş fermalar vardı. Ot mal-qaranın qarşısına gətirilirdi, su sağımında əl əməyi demək olar, aradan qaldırılmışdı. O zamanlar kənd təsərrüfatı üçün xüsusi kadrlar hazırlanırdı. Həm ali məktəblər səviyyəsində, həm də peşə məktəbi səviyyəsində. Rayon mərkəzlərində peşə məktəbləri vardı, kənd təsərrüfatının yerli imkanları nəzərə alınaraq kadrlar yetişirilirdi. Bu sistem dağıldı, uzun müddət durğunluq oldu, indi yavaş-yavaş bu sahələr dirçəlməyə başlayır. Fermalar, istehsal sahələri yaradılır. Tədris sahəsində də irəliləyiş başlayıb.
Peşə təhsili üzrə Dövlət Proqramı qəbul olunub. Dövlət Proqramına əsasən peşə təhsilinin maddi-texniki bazası gücləndirilməlidir. Ötən il Təhsil Nazirliyi xüsusi bir layihə həyata keçirməyə başladı - regionlar üzrə mərkəzləşdirilmiş peşə məktəblərinin yaradılması layihəsi. Məsələn, Saatlı, Salyan, Sabirabad rayonlarının pambıqçılıq təmayüllü, Quba, Xaçmaz rayonlarının bağçılıq, cənub bölgələrinin subtropik xüsusiyyətinə uyğun çayçılıq, subtropik meyvələrin yetişdirilməsi və s. nəzərə alınaraq bu regionlarda kənd təsərrüfatının həmin sahələri üzrə peşə məktəblərinin yaradılmasına başlandı. Hələ ki, sayları azdır, ancaq mən ümid edirəm ki, yaxın zamanlarda müsbət nəticələr əldə edilər. Bölgələrdə peşə məktəbləri var, amma fəaliyyətləri zəifdir. Gərək ölkənin ümumi iqtisadi inkişaf proqramına uyğun kənd təsərrüfatına da diqqət artırılsın. Kənd təsərrüfatı üzrə təhsilli kadrların hazırlanmasında peşə məktəbi rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Peşə məktəbinin təcrübə sahəsi olmalıdır. Çünki burada praktika çox önəmlidir.
Peşə məktəbləri təsərrüfatlarla əlbir fəaliyyət göstərməlidirlər, bilməlidirlər ki, tələbə harada təcrübə keçəcək. Peşə məktəbi öz fəaliyyətini yerli şərait nəzərə alınmaqla qurmalıdır. Rayonda hansı təsərrüfat sahələri geniş yayılıbsa, peşə məktəbi də o sahələr üzrə kadr hazırlığına önəm verməlidir. Peşə məktəbi yerli ehtiyacları öyrənərək fəaliyyət göstərməlidir. Kənd təsərrüfatı sahəsində nəinki sıravi fəhlələrə - traktorçu, kombayn ustası, mexanizator və sairəyə, həmçinin savadlı kadrlara ciddi ehtiyac var. Aqronom da, zootexnik də savadlı, bilikli olmalıdır. Hazırda biz görürük ki, bütün dünya ekoloji fəlakətlə üz-üzədir. Elə kadrlar hazırlanmalıdır ki, onlar təbiətin vura biləcəyi ziyanları vaxtında aradan qaldırmaq gücündə olsunlar. Elmləri, bilikləri sayəsində. Görürsünüz, deyirlər, filan yerdə dolu təsərrüfatlara ziyan vurub. Bu dolunun qarşısını almağın yolları, üsulları var. Mütəxəssislər onu yaxşı bilir. Bizim bu sahə üzrə keyfiyyətli kadrlarımız olsa, təbiətin şıltaqlıqlarının qarşısı alınar.
Təsərrüfatlara da az ziyan dəyər. Amma görünür ki, bu sahədə çatışmazlıqlar mövcuddur. Bu baxımdan peşə təhsilinin inkişafı, kənd təsərrüfatı üçün ixtisaslı kadrların hazırlanması vacibdir. Eləcə də, digər istehsal sahələrində ixtisaslı kadrların olması vacibdir. Hamı mühəndis ola bilməz ki. Kimsə işıqçı, dülgər, xarrat, mexanik, qaynaqçı...bunlar da ixtisasdır. Binanın layihəsini memar hazırlayır. Tikintini isə inşaatçılar, fəhlələr - daşyonan, suvaqçı, bənna inşa edir. Biz çalışmalıyıq ki, bənna da savadlı olsun, qaynaqçı da, motorçu da. Peşə təhsili məktəblərinin əsas vəzifəsi ixtisaslı, savadlı işçi qüvvəsi yetişdirməkdir.
Məlahət Rzayeva