Bu gün azyaşlılar arasında intihar halları artıb və bu, olduqca qorxunc bir tendensiyadır
"Bakı Bulvarında gənc oğlan özünü dənizə atdı”, "yeniyetmə həyatına qəsd etdi”, "qız özünü asdı”- bu cür başlıqlar artıq adiləşib.
Növbəti intihar hadisəsi Saatlı rayonunun Qaralar kəndində qeydə alınıb. Bir neçə gün bundan əvvəl itkin düşdüyü üçün suda axtarışları aparılan 10 yaşlı Fərəcov Etibar Ramil oğlunun meyiti tapılıb.
Qeyd edək ki, xaraktercə əsəbi olan uşağın evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına "intihar etməyə gedirəm” yazaraq yoxa çıxdığı bildirilirdi. Evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalında uşağın ayaqqabısının bir tayı tapıldığından, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunub və axtarışlara başlanılıb.
Baş verən hadisə ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Əsas məsələ isə insanların baş verənlərə müxtəlif prizmadan yanaşaraq fərqli fikirlər səsləndirməsidir. Hadisədə uşağın anasını günahlandıranlar olduğu kimi, bəziləri ən böyük zərbənin anaya dəydiyini də qeyd edib. Azyaşlının nədən intihar etməsi isə hələ sual altındadır. Ümumiyyətlə, 10 yaşlı uşaq intiharın nə olduğunu dərk edə bilərmi?
Məsələ ilə bağlı "Şərq”ə danışan psixoloq Azad İsazadə bildirib ki, bu gün azyaşlılar arasında intihar halları artıb və bu, olduqca qorxunc bir tendensiyadır:
"Sözsüz ki, bu yaşda insan həyatı tam dərk eləmir. Ona görə də o özünə və ətrafdakılara ağrı verə bilər, çünki fiziki ağrının nə olduğunu bilmir. Ona görə bu yaşda bəzən heyvanlara-pişiyə, itə işgəncə verən uşaqlara rast gəlinir. Onlar ağrı və itki nə deməkdir bilmirlər. Baş verən hadisə azyaşlının sadəcə emosional reaksiyası olub. Söhbət təkcə Azərbaycandan getmir, dünyada belə bir tendensiya var ki, intiharlar cavanlaşır. İntihar edən uşaqların sayı get-gedə çoxalır və bu, olduqca təhlükəli faktdır. Bu gün vahid bir proqram formasında belə bir problemlə məşğul olan qurum yoxdur. Azərbaycan intiharlara görə birinci yeri tutmur, biz digər ölkələrdən geridə qalmışıq. Nə qədər geridə qalsaq yaxşıdır, lakin yenə də intiharların artımı qeyd olunur. Bu problemlə mübarizə aparmaq üçün vaxtımız və şansımız var”.
Psixoloq həmçinin deyib ki, belə hadisələr baş verən zaman ehtiyatlı davranmaq lazımdır:
"Hətta intihar halı heç səsləndirilməsə yaxşıdır. Kimsə valideyni günahlandıra bilər, halbuki bu dəqiqə ilk növbədə valideynlər faciə yaşayır. İlkin baxımdan belə çıxır ki, guya anada günah var. Lakin reallıq günahdan getmir, istər-istəməz bütün valideynlər övladını danlayır və hansısa neqativ söz deyir. Artıq hadisə baş verib, biz başa düşməliyik ki, bu olanlar ana üçün nə qədər ağırdır”.
Yeganə Bayramova