Uşaqlara peyvəndlər mütləq vurulmalıdır

Şəmsiyyə Namazova peyvənd vurulmuş körpələrdə müəyyən ağırlaşma hallarının ola biləcəyini istisna etmir
Vaxtında peyvənd olunmayan körpə 5 yaşında göy öskürəyə yoluxursa, əlbəttə, ağırlaşa da bilər, fəsadlar da yaranar

Valideynlərin qorxulu röyası - peyvənd problemi bitmir. Xüsusilə son illərdə valideynlər peyvəndə, necə deyərlər, at nalbəndə baxan kimi baxırlar. Körpəsini poliklinikaya aparıb hansısa peyvəndi vurduran anaların narazılığı başlayır: uşağın qızdırması qalxdı, bütün gecəni yatmayıb, heç nə yemir, qarnı ağrıyır və s.

Belə hallar baş verdiyindən bəzən valideynlər körpələri peyvənddən yayındırır. Sovet dövrü adamlarınınsa belə hallarda dediyi adətən bu sözlər olur; biz də uşaq olmuşuq, peyvənd də vurublar, belə hala düşməmişik. Peyvəndin nişanəsi indi də qolumuzda - bazu hissədə qalır. Lap sovet "möhürü” kimi.

Müasir körpələr peyvəndlərə nədən bu qədər həssasdır?

Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında peyvəndlərin insanın həyatında mühüm əhəmiyyət daşıdığını bildirdi:

- Peyvəndlər mütləq vurulmalıdır. Körpə dünyaya gəldiyi ilk gündən təxminən 7-9 yaşına qədər müxtəlif peyvəndlər edilməlidir. Peyvəndlərlə bağlı dəqiq qrafik mövcuddur. Hansı xəstəliyə qarşı peyvənd nə zaman vurulmalıdır, bunlar hamısı doğum evlərində də, poliklinikalarda da qeyd edilir və bu barədə valideynə məlumat verilməlidir. Hər yaş dövrünün öz peyvəndi var. Hazırda dünyaya yeni göz açmış körpələrə doğum evindəcə hepatit və vərəm əleyhinə peyvəndlər edilir. Sonra poliomelitə, qızılcaya qarşı peyvəndlər edilməlidir. Bununla bağlı həkimlər valideynə dəqiq qrafik bildirməlidirlər ki, körpəni nə zaman peyvənd olunmağa gətirsin. Sahə həkimi olan pediatrlar da öhdəsindəki ailələri bu barədə hər dəfə məlumatlandırmalıdır və körpələrin peyvənd edilib-edilməməsinə nəzarəti itirməməlidirlər. Xüsusilə poliomelit ağır xəstəlikdir. Ona qarşı peyvəndin vurulmaması sonradan uşaqda sümük boşluğu yarada bilər.

Ş.Namazova peyvənd vurulmuş körpələrdə müəyyən ağırlaşma hallarının ola biləcəyini də istisna etmədi:

- Bəzən körpələrdə peyvənddən sonra qızdırma, mədə-bağırsaq pozğunluğu yaranır. Bu da körpənin orqanizminin nə dərəcədə möhkəm olması ilə bağlıdır. Elə körpə var, immunoloji sistemi zəifdir. Elə körpə var, orqanizmi dərman preparatlarına həssasdır, preparata mənfi reaksiya verir. Körpələrin səhhətindəki narahatlığa peyvəndlərin düzgün şəraitdə saxlanmaması da səbəb ola bilər. Məlumdur ki, peyvəndlərdə istifadə olunan preparatlar çox zaman xarici ölkələrdən gətirilir. Preparatlar ölkəyə uyğun şərtlər altında gətirilməyə də bilər. Saxlanma şəraiti düzgün olmaz. Bəzən hətta belə hallar da olur ki, bir ampula, tutalım bir neçə nəfər üçün nəzərdə tutulmuş olur, həkim bir uşağa görə ampulanı açıb istifadə etmək istəmir, bir neçə uşağın eyni vaxtda poliklinikaya gətirilməsini gözləyir. Peyvənd vuran həkim valideynə bütün lazımi məsləhətləri, göstərişləri verməlidir. Əgər həkim bildirirsə ki, körpə 3 gün müddətində çimməməlidir, peyvənd vurulmuş hissəyə su dəyməməlidir, ana gərək bu göstərişlərə əməl etsin. İstənilən peyvənd birmənalı olaraq həkim göstərişi ilə, təyin olunan vaxtda vurulmalıdır. Peyvəndlər bəzən körpələrdə narahatlıq yaratsa da, onların vurulması zəruridir. Çünki peyvəndlər orqanizmdə xəstəliklərə qarşı müqavimət yaradır.

Həkim qeyd etdi ki, bu işdə həkimlərin məsuliyyəti böyükdür:

- Poliklinikalar bu işdə böyük məsuliyyət daşıyır. Sahə həkimləri qeydiyyatda olan körpələri daim ziyarət edib yoxlamalıdır, valideynləri maarifləndirməli, məlumatlandırmalıdırlar. Körpələri peyvəndə cəlb etməlidirlər. Bir də görürsən, uşaq çatıb 3 yaşına, amma 1 yaşda edilməli olan peyvənd hələ vurulmayıb. Vaxtında peyvənd olunmayan körpə 5 yaşında göy öskürəyə yoluxursa, əlbəttə, ağırlaşa da bilər, fəsadlar da yaranar. Ona görə də körpələrin sağlamlığında, xəstəliklərə qarşı müqavimətli olmasında yerli poliklinikalar və sahə həkimləri məsuliyyət daşıyır.

Məlahət Rzayeva