Bakı Media Mərkəzi sözünü deyib

Qurumun işini izləmişik və görmüşük ki, Azərbaycanın çox ciddi problemlərinin gündəmə gətirilməsində, ölkəmizin tanıdılmasında, tariximizin və mədəniyyətimizin təbliğində böyük rol oynayıb


Ötən günlərdə Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub. Mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. Azərbaycanın media sahəsində yeni və innovativ şirkət olan BMM 2013-cü ildən fəaliyyət göstərir. Şirkət ötən müddətdə istər dövlət qurumlarının, istərsə də ayrı-ayrı təşkilatların sifarişi üzrə ən müasir texnologiyalar əsasında çoxsaylı audio-videomateriallar hazırlayaraq təqdim edib, müxtəlif videoçarxlar hazırlayıb, tanınmış yayım şirkətlərinə materiallar ötürüb, Azərbaycanın gözəlliklərinin fotosalnaməsini yaradıb. Məlumat verilib ki, bu qurumun inzibati binasının istifadəyə verilməsi ilə Bakı Media Mərkəzi fəaliyyətini daha da genişləndirəcək və təkmilləşdirəcək.

Açılış mərasiminə toplaşan qonaqları salamlayan Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva dörd ildir fəaliyyət göstərən bu qurumun uğurlu irimiqyaslı layihələr həyata keçirdiyini bildirib. İnformasiyanın ötürülməsində sosial medianın və internet resurslarının artan rolundan danışan Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bu qurumun Arzu Əliyevanın rəhbərliyi ilə ötən dörd il ərzində bir sıra maraqlı və yaddaşlarda qalan beynəlxalq miqyaslı layihələr həyata keçirdiyini vurğulayıb. Bildirib ki, Bakı Media Mərkəzində peşəkar komanda formalaşıb və onlar ən müasir avadanlıqlarla təmin ediliblər.

Bir sıra beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülən Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun sifarişi ilə maraqlı sənədli filmləri də tamaşaçıların ixtiyarına verib. Orijinal üslubda inşa edilən Bakı Media Mərkəzinin binası iki il ərzində ərsəyə gəlib. Binada avadanlıqların nümayiş olunduğu və saxlanıldığı bazalar, foto və videoçəkiliş pavilyonları, işıq avadanlığı üçün xüsusi anbarlar yaradılıb. Mərkəzin montaj otaqları, səsyazma studiyaları və arxivi də müasir texnoloji avadanlıqla təmin edilib. Bakı Media Mərkəzinin həyətindəki qapalı depo xüsusi çəkiliş maşınları və avadanlıqları üçün nəzərdə tutulub. Xatırladaq ki, Mərkəzin açılış mərasiminə "Teleqraf Media Qrupu”nun rəhbəri Aynur Camalqızı və "modern.az” saytının baş redaktoru Elşad Eyvazlı da qatılıb. Baş redaktor Aynur Camalqızı bildirib ki, Bakı Media Mərkəzi ölkəmizin media sahəsində yeni və innovativ bir qurumdur: "Bu şirkət az müddət ərzində həm ayrı-ayrı dövlət qurumlarının, həm qeyri-dövlət təşkilatlarının sifarişi ilə ən yüksək standartlara cavab verən çoxsaylı audio-videomateriallar hazırlayıb. Bir neçə sənədli film çəkilib, məsələn, "Əbədi ezamiyyət” və "Hədəf Bakıdır”, "Hitler neft uğrunda döyüşü necə uduzdu” və s. Həmin filmlər beynəlxalq müsabiqələrin mükafatını alıb. Peşəkarların əməyi ilə müxtəlif tanıtım videoçarxları hazırlanıb. Həmin əsərlər dünyaca məşhur yayım şirkətlərində yayımlanıb, Azərbaycanın gözəlliklərinin fotosalnaməsi yaradılıb. Bütün bunlar Azərbaycanın dünyaya təqdim olunması, tanıdılması baxımından çox önəmlidir. Mən tədbirdə öyrəndim ki, Bakı Media Mərkəzi 1-ci Avropa Oyunlarının, Bədii Gimnastika üzrə 30-cu Avropa Çempionatının, Formula-1 yarışlarının, "Tour d’Azerbaidjan” turnirlərinin, IV İslam Həmrəyliyi Oyunlarının çəkiliş və yayımında yetərincə təcrübəli Avropa şirkətləri ilə birlikdə işləyib. Açığı, belə bir maddi-texniki təchizatı, peşəkar kollektivi olan media qurumunun Azərbaycanda olmasına, beynəlxalq layihələrdə iştirakına çox sevindim. Amma maraqlıdır ki, bu şirkət öz fəaliyyətini heç vaxt qabartmayıb, "mən də varam” iddiasında olmayıb. Mən o açılış mərasimində bunun sadə səbəbini anladım. Bu, ona görədir ki, Bakı Media Mərkəzinə Arzu xanım Əliyeva rəhbərlik edir”. A.Camalqızı əlavə edib ki, sözügedən qurumun inzibati binasının istifadəyə verilməsi Bakı Media Mərkəzinin fəaliyyətini daha da genişləndirməyə xidmət edir: "Bu, həm də mədəniyyətimizə töhfədir. Bakı Media Mərkəzinin binasının foyesində qoyulan "Dream” əsərini, sadəcə, görmək lazımdır. Bu əsər güclü ruhu olan qadın obrazını canlandırır. Daş plastikası üsulu ilə yaradılan əsərdə qədimlik, tarixilik və müasirlik vəhdət təşkil edir. Müəllifi rəssam Rəşad Mehdiyevdir. Mən binanın özünü də zərif, zövqlə inşa olunmuş, yüksək səviyyəli memarlıq nümunəsi sayıram. Öncə düşündüm ki, yəqin bu binanın memarı əcnəbidir. Çünki son illər bir sıra böyük memarlıq layihələri məhz əcnəbi mütəxəssislərin rəhbərliyi ilə araya-ərsəyə gəlib. Sevindirici haldır ki, bu binanın memarı azərbaycanlıdır”. Baş redaktor bəyan edib ki, açılış mərasimində jurnalistlər say etibarilə kifayət qədər idi: "Amma onların əksəriyyəti televiziya əməkdaşları, rəhbərləri, tanınmış aparıcılar idi. Onlayn, print mediadan yalnız mən və Elşad Eyvazlı təmsil olunurduq”.

BMM-in 4 illik fəaliyyəti ilə bağlı "Şərq”ə danışan millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, Bakı Media Mərkəzi Azərbaycanın informasiya məkanında xüsusi əhəmiyyətə malikdir. Deputatın sözlərinə görə, Mərkəz effektiv işləməyi bacaran önəmli bir qurumdur:

"2013-cü ildən bugünədək Mərkəzin fəaliyyətinə nəzər salsaq, görərik ki, sadəcə ölkə daxilində ictimai-siyasi, mədəni-sosial proseslərə yönəlik fəaliyyət göstərməyib. Həmçinin, xarici dövlətlərdə Azərbaycanın güclü təbliğatını quran, müxtəlif mərkəzləri Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandıran bir təşkilat rolunu oynayıb. Bundan başqa, tarix və mədəniyyətlə, sosial həyatla, incəsənətlə bağlı təbliğat işi aparan böyük Mərkəzə çevrilib. Ona görə də düşünürəm ki, BMM-in fəaliyyətini qlobal çərçivədə qiymətləndirmək daha düzgün və ədalətli olar. Azərbaycan böyük mədəniyyətə və tarixə malik ölkədir. Ölkəmizin rəngarəng incəsənəti, musiqisi var. Çox böyük dövlətçilik tarixinə, siyasi keçmişə sahibik. Adını çəkdiyim hər sfera üzrə qlobal informasiya məkanında axtarış aparsaq, qarşımıza çıxan ilk təşkilat Bakı Media Mərkəzi olacaq. Çünki həmin istiqamətlər üzrə yüksək və uğurlu fəaliyyət göstərmək məhz BMM-in sayəsində mümkün olub. Cümhuriyyət dövründən bu yana Azərbaycanın tarixi ilə bağlı bir çox sənədli filmlər çəkilib. İncəsənətimizin və mədəniyyətimizin təbliğatı ilə bağlı mühüm tədbirlər keçirilib. Bakı Media Mərkəzi hazırkı mərhələdə informasiya məkanı kimi səciyyələndirən postmodernist xüsusiyyətlərinə görə, Azərbaycanın səsi olmağı bacarıb. Düşünürəm ki, bu amil çox vacib aspektdir”.

Baş redaktor bildirib ki, Bakı Media Mərkəzi müasir texniki avadanlıqlarla təchiz olunmuş modern mərkəzdir: 

"Bugünlərdə qurumun açılışının şahidi olduq. Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın fəaliyyəti olduqca təqdirəlayiqdir. Bu gün hər bir ölkənin milli təhlükəsizliyinin əsasında onun informasiya təhlükəsizliyi dayanır. İnformasiya təhlükəsizliyi təkcə məlumatın təhlil edilməsindən, operativ çatdırılmasından ibarət deyil, eyni zamanda xarici tərəfdaşlarımıza, dünya ictimaiyyətinə ölkəmizi olduğu kimi təqdim etməkdir. Dövlətimizin düzgün təbliğini qurmağı bacarmaqdır. Bakı Media Mərkəzi bu işlərlə geniş məşğul olur və olmaqdadır. Mərkəz milli maraqlarımız və təhlükəsizliyimiz baxımından çox böyük işlər görməkdədir. Əminik ki, bu işlər gələcəkdə də davam etdiriləcək”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət "Şərq”ə deyib ki, Azərbaycan informasiya müharibəsində mümkün olan bütün imkanlardan istifadə etməlidir: 
"Geniş imkanlarla fəaliyyət göstərən Bakı Media Mərkəzinin özünü təkrar ictimaiyyətə təqdim etməsi sevindiricidir. Çünki Mərkəzin fəaliyyəti təqdirəlayiqdir. Ötən illər ərzində qurumun işini izləmişik və görmüşük ki, Azərbaycanın çox ciddi problemlərinin gündəmə gətirilməsində, ölkəmizin tanıdılmasında, tariximizin və mədəniyyətimizin təbliğində BMM öz sözünü deyib. Bir müddət əvvəl "Əbədi məzuniyyət” filmi ilə bağlı çox geniş müzakirələr getdi. Bundan başqa, Mərkəz tərəfindən təqdim olunmuş çoxlu maraqlı və yetişməkdə olan gənc nəsil üçün ibrətamiz əsərlər ortaya qoyulub. Belə əsərlərin bol olması Azərbaycanın xeyrinədir. Burada özəlliklə vurğulamaq istədiyim məqam ondan ibarətdir ki, bu qurumun başında duran şəxs - Arzu Əliyeva elə bir insandır ki, o, bütün fəaliyyətlərində azərbaycançılıq və dövlətçilik maraqlarından çıxış edir. Əlindən gələni edir ki, məhz dövlətimiz və insanlarımız dünyada yaxşı yöndən tanınsın. Eyni zamanda Azərbaycanın dərdləri dünyaya bəlli olsun, ölkəmizin haqlı davasına dəstək qazanılsın. Binanın yüksək texnologiyalarla təchiz edilməsi də mühüm şərtdir. Texnologiyalar dövründə köhnə cihazlarla irəli gedə bilmərik. Mütləq şəkildə yeniliklərlə ayaqlaşmalıyıq. Ümumiyyətlə, Azərbaycanın yüksək səviyyədə, daha yaxşı tanıdılması üçün xaricilərin başa düşəcəyi dil və vasitələrlə öz təbliğatımızı aparmalıyıq”.
İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb