Paytaxtda pul qazanmaq daha cəlbedicidir

Əməkhaqqı yüksək olduğuna görə hamı Bakıya üz tutur

Bakı Statistika İdarəsindən verilən məlumata görə, 2017-ci ilin yanvar-mart aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib. Cari ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 3700 nəfər və ya 0,2 faiz artaraq aprel ayının 1-nə 2 mln. 249,5 min nəfərə çatıb.

Maraqlıdır, görəsən, paytaxtımıza olan maraq nə ilə əlaqəlidir, əhalinin sayının artması sosial, yoxsa iqtisadi amillərlə bağlıdır? 

İqtisadi və Sosial İnkişaf Mərkəzin direktoru, iqtisadçı-ekspert Vüqar Bayramov paytaxt Bakıda əhalinin sayının artması ilə bağlı "Şərq”ə açıqlama verib. İqtisadçının sözlərinə görə, regionlarla müqayisədə paytaxtda əmək haqqı yüksəkdir və məhz bu səbəbdən Bakıya üz tutan insanların sayı artmaqdadır: 

"Birmənalı şəkildə Bakı investisiyanın, eləcə də biznesin əhəmiyyətli hissəsidir. Rəsmi statistikaya əsasən Bakıdakı əmək haqqı regiondakı əmək haqqından 2 dəfə çoxdur. Təbii olaraq 2 dəfə fərqin olması ondan xəbər verir ki, paytaxtımız pul qazanmaq baxımından daha cəlbedicidir, alıcılıq qabiliyyəti yüksəkdir və burada biznes daha çox cəmlənib. Nəticə etibarı ilə bütün bunlar paytaxta olan tələbatı artırır. Bu baxımdan Bakı gəlir baxımından yüksəkdir, biznesin əhəmiyyətli hissəsinin təxminən 90 faizi buranın payına düşür və bu da paytaxtın infrastrukturunun daha çox inkişaf etməsinə gətirib çıxarır”.

Yeganə Bayramova