Səidə Sultan: “Çünki o, şouya gələn gündən eyni simada qalıb. Heç bir qruplaşmaya da qoşulmayıb”
“Mən bir nəfərlə mübarizə aparmadım. Eyni vaxtda iki oyunçu ilə mübarizə apardım. Əsas odur ki, birinci dəfə qalib ola bildim”
Bu dəfə Səidə Sultanın əlindən "Maşın” getdi. Maşın ətrafında olan ən güclü və eyni zamanda qalmaqallı, maraqlı iştirakçılardan biri kimi ətrafında daha çox müzakirələr aparıldı. Əslində Səidəni bir çox tamaşaçılar bu realitidə yenidən tanımış oldular. Hər halda maraqlı oyunçu olaraq "Maşın”ın tarixində iz qoya bildi.
"Maşın”ı itirib simasını qoruduğunu deyən iddialı Səidə Sultan "Şərq”ə maşında olanlarla bağlı təəssüratlarını bölüşdü.
- Səidə, maşın əldən getdi. Təəssüratların maraqlıdı...
- Əslində inanın, bu barədə danışmaq istəmirdim. "Maşın” əsl realiti-şoudu. Orda hər kəs simasını, daxili aləmini, xarakteri, mədəniyyətini göstərdi. Tamaşaçı hamının gerçək simasını orda görə bilir. Mən "Maşın”da heç nə itirmədim. Əvəzində tamaşaçı sevgisini qazandım. Məni tanımayan tamaşaçı məni tanıya bildi. Murad Dadaşovun sayəsində "Maşın”da iştirak etdim. Bu şəraiti mənə Murad təqdim etdi. Sevgi qazandım. Buna çox sevinirəm. Məni bir çoxları fərqli tanıyıblar.
- Dəli-dolu tanınan Səidəni bu şou daha düzgün təqdim edə bildi...
- Bəli, tam razıyam bu fikirlə. Məni yaxşı mənada dəli-dolu kimi tanıyırdılar, bir az emosional, bir az çılğın Səidə. Sevinirəm ki, mən orda da həmin Səidə idim. Dəyişmədim, simamı itirmədim. Mən əlimi "Maşın”dan götürəndə simasız qalmadım. Vacib olan budu.
- Orda şou aləmində olanlar arasında səni simasızlığı, maskası ilə təəccübləndirənlər oldumu?
- Oldu. Orda bəziləri var ki, heç vaxt istəmərəm ki, bir də onlarla yola çıxım. Demirəm hamı belədi. Amma elələri var ki, istəmərəm ki, onlarla bir də bir masada otura bilim, bir məkanda üz-üzə gəlim, yol gedim.
- Pərvinlə aranızda olan gərginlik böyük müzakirələrə səbəb oldu. "Maşın”a qədər də tanışlığınız, münasibətiniz var idimi? Niyə məhz səni hədəf seçdi Pərvin?
- Mənim o qıza qarşı heç vaxt aqressiyam, antipatiyam olmayıb. Biri-birimizi tanımışıq, münasibətimiz də çox gözəl, normal olub. İndi də ona qarşı bir kinim, aqressiyam qalmayıb. Gözəl xanımdı, Allah yolunu açıq etsin, işlərində uğurlar arzulaya bilərəm. Səsi Hollivuddan gəlsin. İnanın, ona qarşı kinim qalmayıb. Bu bir oyun idi, hərə öz marağını bir şəkildə qurmağa çalışdı.
- Bəs Toliklə münasibətin necədi? Tolik maşından gedəndən sonra açıqlamasında "Səidə mənə rəqib ola biləcək statusda olan müğənni deyil” demişdi.
- Mənim Tolikə qarşı münasibətimdə inanın bir inciklik qalmayıb. Biz illərdi biri-birimizi tanıyırıq. Küsmüşük, barışmışıq. Qaldı onun açıqlamasına, nə deyim ki? Tolikdi də. Onu hamı tanıyır. Bir anda coşa bilir. Amma bilirəm ki, ürəyində mənə qarşı onun da kini yoxdu. Tolik bir söz deyib, başqa sözü yerinə yetirib. Hər gün dəyişə bilir Tolik. Tolikin də Allah canına dəyməsin.
- Maraqlı və iddialı iştirakçı idin. Səidənin proqnozu varmı, maşın bu gedişlə kimə qismət ola bilər?
- Orda elə çətin oyun gedir ki, mənim ad çəkməyim bir qədər düzgün olmaz. Çünki hamı oynayır. Proqnoz verə bilmərəm ki, kim maşın udacaq. Amma çox istərdim ki, maşını Fərda Xudaverdiyev udsun. Çünki o, şouya gələn gündən eyni simada qalıb. Heç bir qruplaşmaya da qoşulmayıb. Bir də Nadir Qafarzadənin udmağını istərdim. Hazırda o çox gərgin vəziyyətdədir, yəni əsəbləri yerində deyil. Əsas odur ki, kim udacaqsa, xeyirli olsun.
Allah sağlığına qismət etsin. Mən orda iştirakçıların hər üzünü görmüşəm deyə, düşünürəm ki, nə yaxşı simamı itirmədən ordan çıxdım. Bu, oyun idi. Mən də iştirakçı olaraq oynayırdım. Mən bir nəfərlə mübarizə aparmadım. Eyni vaxtda iki oyunçu ilə mübarizə apardım. Əsas odur ki, birinci dəfə qalib ola bildim. Bu dəfə maşını itirdim, hörmətimi və simamı qazandım. Ən böyük qazanc elə budu mənə elə gəlir. Maşının üstündə o qədər nəfs var ki, onu qazanan adam hansı ürəklə sürə bilər? Allah kim qazanacaqsa, ona xeyir versin. Haqqı olan qazansın.
Tahirə