DİM laqeyd yanaşır: "Magistraturaya qəbulda əmək bazarı nəzərə alınmır"




"Ali məktəblərin magistratura pilləsinə aparılan 60-dan çox ixtisas üzrə qəbul həyata keçirilərkən əmək bazarının ehtiyacları nəzərə alınmır”.

Bunu Sherg.az-a bakalavrların magistratura pilləsinə qəbulu zamanı mövcud olan boşluqları şərh edərkən təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, ümumi statistik göstəricilər əsasında qəbul həyata keçirilir:

"Bir çox ixtisaslar üzrə ya qəbul plan yeri müraciət edənlərin sayından dəfələrlə azdır, ya da əksinə çoxdur. Elə ixtisaslar var ki, ora müraciət edənlərin sayı hədsiz azdır, amma plan yeri çoxdur. Amma bəzi proqramlarda müraciət edənlər çoxdur, plan yerlərində isə dəyişiklik edilməyib. Təəssüf ki, Dövlət İmtahan Mərkəzi (DİM) plan yerlərini ali məktəblərlə bərabər formalaşdırmır. Magistratura üzrə imtahan verənlərin hansı bölmədə təhsil almasından asılı olmayaraq onların magistratura ixtisaslarına yalnız bir bölmə üzrə imtahan vermək imkanı olur. Bu, isə düzgün deyil.

Bakalavr pilləsində hansı ixtisaslar, hansı bölmələr tədris olunubsa, magistraturada da eyni şəkildə yer verilməlidir. Məsələn, politologiya ixtisası hazırda Dövlət İdarəçilik Akademiyası və Bakı Dövlət Universitetində və özəl universitetlərdə tədris olunur. Hər iki universitetin həm Azərbaycan, həm rus, həm də ingilis bölmələri üzrə qəbul üçün plan yeri ayrılmalı idi. DİM isə bu məsələyə çox laqeyd yanaşır. Üstəlik, ali məktəblərlə əlaqədar qurumun əməkdaşlığı çox aşağı səviyyədədir. Hazırda bakalavr pilləsinə qəbul ciddi nəzarət altında saxlanılır. Magistratura pilləsinə qəbul isə nəzarətdə deyil. Bölmələrlə bağlı problemlər əksər ixtisaslarda yaşanır. Bu da rus bölməsinin və digər tələbələrin hüquqlarının pozulmasıdır”.

Qeyd edək ki, magistratura pilləsinə qəbul zamanı bəzi rus bölməsi ilə imtahan verən bakalavrlar yüksək bal toplamalarına baxmayaraq seçdikləri proqram üzrə rus bölməsi yaradılmadığından təhsildən kənarda qalıb.

Aysel Aslan