Ali məktəblərin boş qalan plan yerləri necə dolacaq? - AÇIQLAMA




"Şərait yaratmaq lazımdır ki, ali məktəblərin plan yeri boş qalmasın və müəyyən baldan yuxarı olan tələbələri götürsünlər”.

Bunu Sherg.az-a qəbul imtahanlarının nəticələrinə uyğun ali məktəblərdə plan yerlərinin boş qalmasına münasibət bildirərkən "Xəzər” Universitetinin rektoru, professor  Hamlet İsaxanlı deyib. 

O bildirib ki, əks halda həmin tələbələr xarici ölkələrə, məsələn, Ukraynaya gedəcəklər:

"Bu gün Türkiyədə 15 min azərbaycanlı tələbə oxuyur. Hesab etməyin ki, onların hamısı Türkiyənin çox yaxşı universitetlərində oxuyur. Türkiyədə də ali məktəblər arasında çox əlaları var. Məsələn, Orta Doğu Teknik və İstanbul Teknik Universitetləri kimi nümunəvi ali məktəbləri misal göstərmək olar. Amma əyalətlərdə xeyli zəif universitetlər var. Həmin ali məktəblərdə minlərlə azərbaycanlı tələbə oxuyur. Onları ciddi şəkildə imtahan da etməyiblər. 

Tələbə müraciət edib, universitetə qəbul ediblər. O universitetlərin çoxu düzgün dərs də keçmir. Sadəcə gedirlər, əziyyət çəkirlər, yol, ev xərcləri çox olur. Ciddi təhsil də ala bilmirlər. O tələbələrin ən azı bir hissəsi öz ölkəsində, regionlarda, Bakıda, Naxçıvanda, Gəncədə digər yerlərdə oturub oxuya bilərlər. Niyə onların oxumasına imkan verilməsin? Sadəcə ali məktəblər çalışsın ki, ciddi şəkildə onları yaxşı oxutsunlar. Oxumayan adam qiymət almasın”.

Ayyət Əhməd