“Azərbaycan müharibəyə hazır olmalıdır” - POLKOVNİK




"Azərbaycan müharibəyə həmişə hazır olmalıdır”.

Bunu Sherg.az-a Müdafiə naziri Zakir Həsənovun snayperlərlə bağlı  tapşırıq verməsinə münasibət bildirərkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. 

O diqqətə çatdırıb ki, dövlətimizin 20 faiz torpaqları işğal altında olması mütəmadi döyüş hazırlığının olmasını vacib edir:

"Üstəlik dünyada baş verən təhlükələr Azərbaycanı bu hazırlığa vadar edir. Azərbaycan müdafiə qabiliyyətini günü-gündən inkişaf etdirmək, təkmilləşdirmək, müasir situasiyalara hazır olmaq üçün imkanlarını səfərbər edirlər. Bununla təhlükələrin və təxribatların qarşısını professional, çevik şəkildə almaq mümkün olur. 

Qonşu dövlətlərlə hərbi təlimlər keçirilir, hərbi hazırlığa, həm Azərbaycanda, həm xaricdə professional kadrların yetişdirilməsinə diqqət edilir. Təkmilləşdirmə işləri müasir tələblərə, dünyada və regionda mövcud olan vəziyyətə uyğun aparılır. Bütün bunlar Azərbaycan ordusunun tam hazırlıqlı, güclü silahlı birləşmələrə çevrilməsinə, düşmənə qarşı çevik mübarizəsinə yönəlmiş tədbirlərdir”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən Snayper Hazırlığı Mərkəzində olub. Məlumata görə, Mərkəzdə snayperlərin səhra bacarıqlarının təkmilləşdirilməsi məqsədilə real döyüş şəraitinə uyğun lazımi infrastrukturun yaradılması barədə məruzə edilib. İdarəetmə məntəqəsindən praktiki atış və digər hazırlıq çalışmalarını izləyən müdafiə naziri snayperlərin döyüş vərdişlərinin artırılması ilə bağlı tapşırıqlar verib.

Aysel Aslan