Əsas məsələ terrorun özünə qarşı mübarizə aparmaqdır

İlham İsmayıl deyib ki, qanunları sərtləşdirmək hələ terrorla mübarizə demək deyil
Mövcud qanunlar Suriya və İraqa gedən azərbaycanlılar üçün sərtləşdirilə bilər

Azərbaycanda "Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Bununla da terrorçu və terror təşkilatı anlayışı genişləndirilir.
Layihəyə əsasən, qanunun 1-ci maddəsinin üçüncü bəndində bildirilir ki, terrorçu - hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən fiziki şəxsdir. Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "Terrorçu - hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxsdir”. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.

Dəyişikliklə bağlı "Şərq”ə fikirlərini bölüşən təhlükəsizlik üzrə ekspert, polkovnik-leytenant İlham İsmayıl deyib ki, qanunları sərtləşdirmək hələ terrorla mübarizə demək deyil. Ekspertin sözlərinə görə, nəzərdə tutulan əlavələr sadəcə siyasi mahiyyət daşıyır: 

"Söhbət konkret hansısa qurumların terror təşkilatı kimi tanınıb-tanınmamasından gedir. Bu, ortaya siyasi iradə qoymaq deməkdir və tamam başqa məsələdir. Mövcud qanunlar Suriya və İraqa gedən azərbaycanlılar üçün sərtləşdirilə bilər. Lakin əsas məsələ terrorun özünə qarşı mübarizə aparmaqdır. Məhz bu istiqamətdə mübarizəni gücləndirmək, peşəkar əməkdaşlar hazırlamaq, əməliyyat məlumatlarını genişləndirmək lazımdır. Digər ölkələrlə ikili fikir mübadiləsi aparılmalıdır. Bunun üçün də ölkənin xüsusi xidmət orqanları var”.

Qonşu İranda baş vermiş terror aktına münasibət bildirən ekspert deyib ki, terror sərhəd tanımır, bu gün Fransada olar, sabah Rusiyada, o biri gün isə tamam uzaq bir ölkədə: 

"ABŞ-da tez-tez terror olur, amma onlara qonşu Meksikada terror hadisəsi baş vermir. Hər dövlətin öz siyasəti var. Terrorun əsas hədəfi adətən hansısa dövlətin apardığı siyasətə təsir və təzyiq etmək məqsədi güdür. Yaxınlıq terror hadisələrinin yayılması üçün şərt deyil. Bizim apardığımız siyasətlə İranın dövlət siyasəti fərqlidir. Biz deyə bilmərik ki, Azərbaycan beynəlxalq terrorun hədəfindədir, onlar bizim sərhəddə yaxınlaşır və s. Ümumiyyətlə, terrorda sərhədə yaxınlaşmaq anlayışı yoxdur. Bu, müharibə deyil ki, düşmən qonşu ölkəni zəbt etdikdən sonra bizim ərazimizə də hücum etsin. Coğrafi mənada terrorun yaxınlaşması deyə bir şey yoxdur”.

 İ.İsmayıl vurğulayıb ki, əslində Azərbaycan terrorun içindədir: 

"Şimali Qafqazda böyük terror dəstələri yuvalanıb. Ölkəmiz Yaxın Şərqə də nisbətən yaxındır. Amma bu o anlama gəlmir ki, qonşuluğumuzda terror baş verirsə, mütləq Azərbaycanda da olmalıdır. Bizdə terrorlar ən çox ermənilər tərəfindən törədilib, çünki biz onlarla müharibə edirik. İranda baş verən hadisənin ölkəmizə yeganə mənfi təsiri məzhəb məsələsinin hədəf seçilməsi olar. Yəni sünni-şiə qarşıdurması yaşana bilər. Bu məsələdə "qarmağa” düşən şəxslərin olacağını ehtimal edirəm. Çox güman ki, müvafiq orqanlar bu istiqamətdə işlərini gücləndirəcəklər”.

İsmayıl