Azərbaycan da ayıq-sayıq olmalıdır

Ekspertlər hesab edir ki, heç bir ölkə terrordan sığortalanmayıb


Tehranda terroru törədənlərin şəxsiyyətləri müəyyənləşib. İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin açıqlamasına görə, fotoları yayılan 5 terrorçunun İŞİD qruplaşmasının üzvü olduğu təsbit edilib. Nazirlik 5 şübhəlinin adlarını açıqlayıb: Kayyum, Əbu Cihad, Ramiya, Seriyas və Feridun. Onların ailələrinin təhlükəsizliyi baxımından soyadları açıqlanmayıb.

İranda baş verən prosesləri dəyərləndirən politoloq Qabil Hüseynli İŞİD-in çoxdan İranı hədəfə aldığını deyib. O, həmçinin sözügedən terror qruplaşmasının məhv edilməsi üçün İranın əsas qüvvələrdən biri olduğunu vurğulayıb: "İran İŞİD-ə qarşı ən fəal hərəkət edən, təkcə hava qüvvələri ilə deyil, eyni zamanda quru qüvvələri ilə də mübarizə aparan ölkələrdəndir”.

İrandakı terror hadisəsindən sonra Azərbaycanın ayıq-sayıq olmasını vacib hesab edən politoloqa görə, heç bir ölkə terrordan tamamilə qoruna bilməz:

"İŞİD taqətdən düşüb, amma terrorçu qruplaşmanın üzvləri regiona, həmçinin əksər ölkələrə səpələnib. Hesab edirəm ki, İŞİD-ə qarşı ayrı-ayrı ölkələrdə mübarizə aparmaq lazım gələcək. Çünki heç bir ölkə terrordan tamamilə qoruna bilməz. Ona görə də Azərbaycan da ayıq-sayıq olmalıdır. Azərbaycanın hüquq-mühafizə orqanlarının kifayət qədər təcrübəsi var. Ümid edirəm ki, belə bir hadisənin Azərbaycanda baş verməsi mümkün olmayacaq”.

Trampın Səudiyyə Ərəbistanına səfərindən sonra ərəb dünyasında və İranda müəyyən problemlərin yaşandığını vurğulayan politoloq Arzu Nağıyev isə "Şərq”ə açıqlamasında deyib ki, Tehranda törədilən terror aktları İranda proseslərin tam şəkildə idarə olunmadığını göstərir. Deməli, istənilən vaxt İran ərazisində terror törədilməsi ehtimalı mümkündür. Onsuz da İranla Səudiyyə Ərəbistan arasındakı münasibətlərin o qədər müsbət dinamika üzrə inkişaf etmədiyini qeyd edən politoloqa görə, buna səbəb də hər iki dövlətin müsəlman dünyasında liderliyə iddialı olmasıdır.

Politoloqun sözlərinə görə, Suriyada, Qətərdə baş verənlərin, Səudiyyə Ərəbistanı ilə münasibətlərin son nöqtəsi kimi terror gözlənilən olmasa da, baş verməli idi: "İŞİD-in terrorla bağlı məsuliyyəti öz üzərinə götürməsi, eləcə də İran DİN-in verdiyi bəyanatlardan hiss olunur ki, terror elə yerlərdə baş verir ki, bu birbaşa onların dövlətə qarşı yönəldilməsindən xəbər verir və ya xəbərdarlıq kimi qəbul edilməlidir”.
Bütün terror aktlarının arxasında iqtisadi məsələlərin dayandığını qeyd edən A.Nağıyev hesab edir ki, İran Səudiyyəni terrorçuları dəstəkləməkdə ittiham edir, amma "Hizbullah” və "Ənsərullah” kimi silahlı qruplaşmaların da İranın tərəfində olduğu sirr deyil: "Bu terror Suriyadakı müvafiq qurumları dəstəkləyən İrana bir mesajdır ki, eyni hadisələri istənilən an sizin ərazilərinizdə də həyata keçirə bilərik”.

İranın bu siqnal qarşılığında atacağı addımlara gəldikdə isə politoloq hesab edir ki, İran o qədər də böyük proseslərə imza atmayacaq: "Yeritdiyi xarici siyasəti heç vaxt dəyişməyən və ümumiyyətlə belə bir niyyəti olmayan İran elə hesab edir ki, Suriyadan sonra növbəti hədəf onu seçəcəklər. Bu mənada bütün səylərini özünü mühafizəyə yönəltməlidir. Xüsusən də, region dövlətləri münasibətlərində müəyyən korrektələr etməlidir. Çox güman ki, belə də edəcək. Əgər bu gün İran parlamentində də ölkənin ən müqəddəs məkanlarından hesab olunan Xomeyni muzeyində terror faktı qeydə alınırsa, deməli, gələcəkdə bu hadisələrin alovu bütün İranı bürüyə bilər. Qaynar bir nöqtədə yerləşən İran üçün də bu kimi halların yaşanması arzuolunmazdır”.

İranın ən böyük qonşularımızdan biri olduğunu və birgə layihələr icra etdiyimizi vurğulayan A.Nağıyev həmçinin İranda çoxsaylı azərbaycanlıların yaşadığını da qeyd edib: "Hesab edirəm ki, terrorun ünvanı olmur, heç bir dövlət terrordan sığortalanmayıb. Ona görə də informasiya mübadiləsi aparılmalı və terrorla mübarizədə bir yerdə olmaq lazımdır. Terror elə bir hadisədir ki, istənilən vaxt günahlı, günahsız insan ölə bilər. Buna görə də düşünürəm ki, qarşılıqlı əməkdaşlıq labüddür”.

Şəymən