"ÜAK-ı xilas etmək mümkün olmayacaq”- Qərar təsdiqlənəcək

Elxan Şahinoğlu: "YAP-çı deputatların da çıxışlarından görürük ki, məsələnin qəlizləşdirilməsini istəmirlər"
"ÜAK -la bağlı Rusiya məhkəməsinin qərarı bəllidir”.
Bunu Sherg.az-a Ümumrusiya Azərbaycanlılar Konqresinin taleyi ilə bağlı danışarkən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. 
O bildirib ki, sonrakı mərhələdə apelyasiya məhkəməsi də Rusiya ali məhkəməsinin qərarını təsdiq edəcək:
"Sanki bu olaya görə, məsələni qəlizləşdirmək istəmirlər. İlkin olaraq, Azərbaycan hakimiyyəti, cəmiyyəti və mən də daxil olmaqla siyasi ekspertlər kəskin reaksiya verdik. Hətta mən məsələ ilə bağlı Rusiya dövləti ilə ciddi dialoq aparılmasını təklif etdim. Amma indi hiss olunur ki, müəyyən sakitliklə hərəkət edirlər. YAP-çı deputatların da çıxışlarından görürük ki, məsələnin qəlizləşdirilməsini istəmirlər".
Ekspert hesab edir ki, boşluq buraxmaq olmaz: 
"Bu gün bir boşluq, sabah başqası, beləliklə, bundan istifadə edən Rusiyadakı ermənilər üstümüzə gəlirlər. ÜAK-ı bərpa etmək mümkün deyil. Ola bilər ki, Rusiyada başqa təşkilat formalaşdıraq, amma bu dəfə keyfiyyətcə daha fərqli təşkilat olsun. ÜAK-ın qeydiyyatının ləğvi əleyhinə çıxsaydıq, düzgün olmazdı. Etiraf etməliyəm ki, Rusiyada yaşayan azərbaycanlılardan təşkilat haqqında xoşagəlməz fikirlər də eşitmişəm. Deyirdilər ki, təşkilatın quruca adı var. Azərbaycanlıların xeyrinə heç bir iş görmür və s. Ona görə, yeni təşkilat yaradılacaqsa, daha effektiv fəaliyyət göstərməli, sənədləri də qaydasında olmalıdır ki, Rusiya hər hansı maddəyə ilişə bilməsin. Mənə elə gəlir ki, gələcəkdə bu istiqamətdə işlər aparıla bilər. Faktiki ÜAK-ı xilas etmək mümkün olmayacaq”.
Aysel Aslan