Zahid Oruc: "Topaz”ın fəaliyyətini dəstəkləyirəm, çünki bunun alternativi “qara bazar” dövriyyəsi olacaq"
""Topaz” bütün cəmiyyətlərdə qeyd olunan qanunlar vasitəsilə tənzimlənir”.
Bunu Sherg.az-a "Topaz”ın müxtəlif filiallarında zaman-zaman baş verən qanlı hadisələr barədə danışarkən millət vəkili Zahid Oruc deyib.
Parlament üzvünün sözlərinə görə, onun alternativi prosesin ayrı-ayrı üzvlərinin öz sərəncamında olmasıdır ki, bunun fəsadları da 90-cı illərdən sonrakı Azərbaycan həyatında yaşandı:
"Oturuşmuş Qərb cəmiyyətlərində bukmeykerlər sistemi mövcuddur. Orada nədənsə qan tökülmələri baş vermir. Hər kəs bunu artıq qəbul edib, hesab yazmaq, təyin etmək, bir neçəsinin üzərində böyük pul uduşlarını qazanmaq riyazi aranjemanları və kombinasiyaları bilmək tələb edir. Bu, həm də bir qədər şans məsələsidir.
Yaxşı xatırlayıram, parlamentdə bu məsələ qaldırılmışdı. Hətta qeyd olunurdu ki, bu qazanclar sayəsində böyük biznes quranlar da var. İnsanların malik olduqları mülkiyyətə, sərvətə, bəzən şəxslərə belə gedib çıxan bu cür proseslər həyata keçirilirdi. Bunu aradan qaldırmaq üçün təkcə futbol fəaliyyəti ilə "Topaz” quruldu. Eyni zamanda dövlətə də müxtəlif ödənişlərin həyata keçirildiyi bu sistem parlamentdə hökumət təmsilçiləri tərəfindən təqdim olundu. Bundan sonra hər kəsə məlum oldu ki, proses hüquqi müstəvidə həyata keçirilir. Sistemli şəkildə varlanmaq yolu tapmayanda təsadüflərə bel bağlamaqdan kənara çıxmaq mümkün deyil. Biletlər almaq, öz mövqeyini sınamaq geniş yayılıb. Bu, aparıcı Qərb dövlətlərində də mövcuddur”.
Deputat Azərbaycanın daxil olduğu postsovet məkanında 90-cı illərdə bu sahədə daha geniş praktika olduğunu xatırladıb. O bildirib ki, müxtəlif qüvvələr rəqabət prosesini tanımadan biletlər istehsal etmək, uduş fondu yaratmaq vasitəsilə insanları cəlb etməklə onların bir çoxunu var-yoxdan çıxarmaq xəttini seçmişdilər:"İndiki situasiyada düşünmürəm ki, bu sistemi ləğv etmək, ümumiyyətlə, yasaqlamaq olmaz. Çünki bunun alternativi "qara bazar” dövriyyəsi olacaq. Bir tərəfdən nəzarət olunmayan, qaydaların düz olmadığı, hikkə və emosiyaların dərhal mənfi hallara aparıb, çıxardığı proseslər baş verəcək. Ona görə, düşünmək lazımdır ki, prosesi necə daha da təhlükəsiz etmək olar. Müxtəlif əlavə hüquqi təminatlar işə salınmalıdır. Bu, bəlkə başqa yoldur. İnsanlar sistemli şəkildə öz gələcəklərini qurmaq imkanını görməyəndə belə hadisələrə daha çox gedirlər. Ona görə də mən parlamentdə bu istiqamətdə müzakirələr aparıldıqda ləğvetmə və qadağanetmə deyil, daha da təkmilləşdirmə tərəfdarıyam. Beləliklə, "Topaz”ın fəaliyyətini dəstəkləyirəm”.
Ayyət Əhməd