"ABŞ-ın xaos nəzəriyyəsinin hədəfində Azərbaycan da ola bilər"- MÜSAHİBƏ
Azər Rəşidoğlu: "Trampın əsas hədəfi idarə olunan xaos nəzəriyyəsini davam etdirmək, bütün müsəlman ölkələrində insanları üz-üzə qoyub qanlı vətəndaş müharibələrinə sövq etməkdir..."
Siyasi analitik Azər Rəşidoğlu Sherg.az-a danışıb. Onunla Rusiyanın ABŞ, Fransa və Niderlanddakı prezident seçkilərinə müdaxiləsi, Trampın impiçmenti, ABŞ Türkiyə və Azərbaycan münasibətləri, Vaşinqton və Moskva arasındakı gərginlik, Amerika və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olub-olmamaları və s məsələlər ətrafında maraqlı söhbət apardıq.
- ABŞ dövlət katibi Reks Tillerson bəyan edib ki, Niderland və Fransada baş tutan prezident seçkilərinə Rusiya müdaxilə edib. Bundan öncə Moskvanın ABŞ-dakı seçki prosesinə müdaxiləsi də iddia olunurdu. Bu, nə dərəcədə inandırıcdır?
- Rusiya kəşfiyyatının hansısa ölkədə keçirilən seçki prosesinə müdaxiləsi mümkündür. Söhbət dünyanı bölmə uğurunda mübarizə aparan Rusiya və ABŞ -dan gedirsə, onda hakerlərin, komputer texnoloqlarının bu imkanlarının geniş olduğunu ehtimal edə bilərik. Amma bütün prosesləri haker və kəşfiyyatın üzərinə atmaq da düzgün deyil. ABŞ prezidenti Donald Trampın qələbəsinə bir sıra amillərin böyük rolu oldu. Rusiya kəşfiyyatı və hakerlərinin müdaxiləsi və yaxud hansısa məlumatların ötürülməsi barədə deyilənlər şişirdilib. Transmilli neft korporasiyalarına Tramp kimi bir fiqurun hakimiyyətə gəlməsi zəruri idi. Kiçik Buşun dövründə aparılan siyasət Obama dövründə də tamamilə fərqli bir taktika ilə əvəzləndi. Amerikada prezidentləri hakiməyyətə gətirən transmilli neft korporasiyalarının Tramp kimi dəliqanlı oğlan imicli bir şəxsə ehtiyac vardı. Texnoloqlar da Trampın üzərində dayandı. Tramp gələndən sonra Yaxın Şərqə və dünyaya münasibətdə fərqlilik nümayiş etdirdi. Hələ də o fikrimdə qalıram ki, Tramp diplomatiyası kiçib Buş dövrünün diplomatiyası ilə eynidir. ABŞ bir sıra ölkələri hədəfə alıb.
- Bunlar hansı ölkələrdir?
- Trampın hədəfində Yaxın Şərq, İran və digər müsəlman ölkələridir. ABŞ ideoloqlarının idarə olunan xaos siyasəti Yaxın Şərqi qaynadır və fitlini yandırır. Bu proses də bir-bir bütün ölkələrin daxilinə gedir.
- Bildirdiniz ki , müsəlman ölkələrini də hədəf alıb. Bu ölkələr sırasında Türkiyə və Azərbaycan da varmı?
-Deyim ki, hələ Azərbaycanın strarteji müttəfiqi olan Türkiyə bu proseslərdən bir qədər kənarda qalıb. Amma Amerika ideoloqları idarə olunan xaos nəzəriyyəsinə görə, bütün müsəlman ölkələrini etnik fəqlilik və məzhəb zəminində savaşa sürükləmək istəyirlər. Bəlkə bu proseslər Türkiyənin də daxilindən keçəcək və proses daha da ağırlaşacaq. Onda onların hədəfində Azərbaycan da ola bilər. Trampın əsas hədəfi idarə olunan xaos nəzəriyyəsini davam etdirmək, kiçik Buşun dövründə olduğu kimi, bütün müsəlman ölkələrində insanları üz-üzə qoyub qanlı vətəndaş müharibələrinə sövq eləmək, neftin, yanacaq məhsullarının qiymətlərinə nəzarət etməkdən ibarətdir. Bu məsələlər bir qədər ciddidir. Hansısa rus hakeri və kəşfiyyatının gücünə ancaq orta statistik amerikalı inana ilər. Siyasəti bilən hansısa insan bu versiya və ehtimalların ciddi olduğunu qəbul edə bilməz.
- Son günlər Trampın impiçmenti də gündəmdədir. Sizcə, bu, gerçəkləşə bilərmi?
- Yaxın zamanlarda Tramp ciddi uğur qazanmayacaqsa, konqresə seçkilərdə onun arxasında duran partiyası uduza və Tramp üçün ciddi problem yarana bilər. Tramp Rusiya ilə yaxınlaşma xətti seçəcəksə, Yaxın Şərqdə ciddi məğlubiyyətə uğrayacaqsa, nəzərdə tutduğu planları həyata keçirə bilməyəcəksə, bu zaman ona qarşı impiçment qaldırıla bilər. İstənilən halda Tramp çox təhlükəli oyuna girişib. O oyunda dəli oğlan imici müəyyən müddətə hesablanıb. Yəni yaxın zamanlarda olmasa da gələcək planda Trampın impiçmenti gündəmə gələ bilər və bunu istisna etmirəm.
- Çox yaxşı məqama toxundunuz ki, Tramp , neftin, yanacaq məhsullarının qiymətlərinə nəzarət etmək istəyir. Hətta onun seçkiqabağı kampaniyası dönəmində Trampın neftin qiymətini bahalaşdıracağı ilə bağlı iddialar səsləndirildi. Sizcə, o, neftin bahalaşması və ya Amerika dollarını ucuzlaşmasına çalışacaqmı?
- Bu məsələ ABŞ-la Rusiya arasındakı qarşıdurmanın, gərginliyin nə dərəcədə inkişaf etməsindən asılı olacaq. Bu gün ABŞ- ın hədəfindəki məhz Rusiyadır. Tamp Administrasiyansı Rusiya iqtisadiyyatını çökdürmək istəyir. Onun istəyi reallaşarsa, bu, istər -istəməz MDB məkanına təsirsiz ötüşməyəcək. Azərbaycan vətəndaşları Rusiyada çalışır, ailəsinə pul göndərir. Azərbaycan biznesmenləri Rusiyada iş qurub, yatırım edirlər. Yəni Rusiya iqtisadiyyatına olan basqılar Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərəcək. Bu baxımdan Rusiya ABŞ münasibətləri gərginləşməyə doğru gedəcksə, neftin qiyməti ucuzlaşacaq, dollar isə bahalaşacaq. Lakın yaxın zamanlarda dolların kəskin balahalaşması və neftin kəskin ucuzlaşmasını gözləmirəm. Bu proselər olacaq, amma kəskin şəkildə deyil. Sözügedən istiqamətdə hansısa addımların atılacağını proqnozlaşdırmaq istəməzdim.
-Söylədiniz ki, bu məsələlər Vaşinqton və Moskva arasındakı gərginliyin genişlənməsindən asılı olacaq. Hazırda bu ölkələr arasında münasibətlər necədi?
-Rusiya ilə ABŞ arasında qarşıdurma və soyuq müharibə həmişə olub. Sadəcə olaraq zaman-zaman tərəflər öz mövqelərindən bir qədər geri çəkilməli olublar. Bu gün Yaxın Şərq uğurunda mübarizə gedir. Ümumiyyətlə, Şərqi Avropa və dünyanın yenidən bölüşdürülməsi uğurnda mübarizə gedir. Odur ki, Rusiya və ABŞ-ın orta məxrəcə gəlməsini proqnozlaşdırmaq imkansızdır. Lakin hər iki ölkənin açıq qarşıdurmaya gedəcəyini də düşünmürəm. Yaxın Şərqdə hansısa terror təşkilatını dəstəkləməklə bir-birinə əzələ nümayiş etdirirlər. Güman etmirəm ki, onlar arasındakı gərginlik soyuq savaşa çevrilsin. Bu savaş başalayarsa, hər iki ölkənin nüvə silahının olduğunu nəzərə alsaq, onun ağır fəsadları olacaq. Ona görə, gərginlik uzun müddət qalacaq və bunun soyuq savaşdan hərbi əməliyyatlara keçəcəyini proqnozlaşdırmıram.
- Rusiya və ABŞ-ın Azərbaycan və ya ölkəmizin ən ağrılı yeri olan Dağlıq Qarabağ məsələsinin həllinə baxışı necədi? Doğrudanmı bu supergüclər məsələnin həllində maraqlıdırlar?
-Azərbaycan torpaqlarının işğalından 25 il keçib. 25 ildən sonra soyuqqanlı təhlillərlə demək olar ki, istər Azərbaycana, istərsə də Qarabağ münaqişəsinə münasibətdə ABŞ və Rusiya arasında heç bir fərq yoxdur. SSRİ dağılan dönəmdə Azərbaycan cəmiyyətinin Qərbə ümidləri vardı. İnsanlar düşünürdü ki, ABŞ və Qərb Qarabağın azad olunmasına köməklik edəcək. Əslində isə biz nə gördük? Rusiya erməni separatçılarını silahlandıraraq Azərbaycan torpaqlarının işğalına yardım etdi. ABŞ- konqresi də bədnam 907-ci düzəlişlə Azərbaycana a yardımın qarşısı aldı və işğalçılara hər cür dəstək göstərdi. Bunun ardınca erməni lobbisi və xristian dünyası adı altında ABŞ və Avropa Azərbaycan torpaqlarının işğalını ədalətin təntənəsi kimi qələmə verməyə başladı. Bütün bunlar Azərbaycan insanında belə bir sual yaratdı ki, ABŞ- la Rusiya arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycanın deyil, təcavüzkar Ermənistanın yanaındadır. ABŞ -ın yadına demokratiya və insan haqları barədə bəyanatlar o zaman düşdü ki, onlar rəsmi Bakıdan hansısa tələblər irəli sürdülər. Onları nə Azərbaycanın, nə demokratiyanın nə də Qarabağın taleyi maraqlandırır. Bu mənada Azərbaycana münasibətdə ABŞ-la Rusiya arasında heç bir fərq yoxdur.
- Belə olan halda Azərbaycan kimə arxalanmalı, kimə söykənməlidir ?
-Uzun illərin təcrübəsindən sonra yenə də bu nəticəyə gəlirəm ki, Azərbaycanın yeganə strateji müttəfiqi Türkiyədir. Azərbaycan Türkiyənin yanında olmalıdır. Azərbaycan və Türkiyə birlikdə adım atmalıdır. Əlbəttə, Azərbaycan o qədər də böyük ölkə deyil ki, ABŞ və Rusiyaya barmaq silkələsin və yaxud da İranın mövqeini nəzərə almasın. Baxın, regiondakı bütün xaos və savaşların Azərbaycandan kənar keçməsi üçün ölkəmiz balanslı siyasət yürütməyə məcburdur. Azərbaycan ABŞ, Rusiya və Avropa Şurası və Avropa Birliyi ölkələri ilə müəyyən məsafə saxlamaqla yanaşı, yaxınlaşmalara da cəhdlər göstərir. Ancaq bütün bunların fonunda Qarabağ məsələsində Azərbaycanı müdafiə edən, onun yanında olan yeganə ölkə Türkiyədir. Və güman edirəm ki, Azərbaycan Türkiyə ilə hərbi, iqtisadi və sosial əməkdşalığını davam etdirməlidir. ABŞ və Rusiya Azərbaycana dost deyillər. Biz onlara savaş aça bilmərik. Ancaq onlar həmişə xristian Ermənistanın yanında olacaqlar. Və heç zaman Azərbaycanı müdafiə etməyəcəklər.
Hazırladı: Ayyət ƏHMƏD