SİBDPTM- də Qurtuluş günü qeyd edilib - FOTO

Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 15 İyun - Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşdan doğulan yeni Azərbaycan” mövzusunda elmi-praktik keçirilib.
Sherg.az xəbər verir ki, konfransda Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov, Binəqədi rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Seymur Hacıyev, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi və tələbələri iştirak edib. Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru dosent Yusif Alıyev konfransı giriş sözü ilə açıq elan etdi.
Y.Alıyev açılış nitqində bildirib ki,1993-cü ildə müstəqilliyini yenicə qazanmış Azərbaycan parçalanaraq bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üzbəüz qaldığı bir vaxtda xalqı bu bəlalardan xilas edən lider məhz Heydər Əliyev olub.  Hələ ulu öndər Heydər Əliyev sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda da xalqın rifahı, dövlətin inkişafı üçün çox böyük işlər görüb. O, Azərbaycanı aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirdi. Dahi Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda yaranmış hərc-mərcliyin, vətəndaş müharibəsinin və torpaqlarımızın erməni vandalizmi tərəfindən işğalının qarşısını qətiyyətlə aldı. Eyni zamanda ordu quruculuğu sahəsində islahatlar həyata keçirərək mükəmməl ordu yaratdı. Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq qısa müddət ərzində atəşkəs elan olundu, ölkədə sosial və iqtisadi infrastruktur layihələrinin icrasına başlanıldı. 
"Əsrin müqaviləsi”nin bağlanması ilə bütün inkişaf etmiş dövlətlərin marağını Azərbaycana yönəltdi. Ümummilli liderin bütün sahələrdə gördüyü işlərdən söhbət açaraq hazırkı siyasi sabitliyə və firavan həyat tərzimizə görə məhz həmin dahi şəxsiyyətə borclu olduğumuzu bildirərək hazırda onun siyasi kursunun cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.
Sonra Qurtuluş gününə həsr olunmuş film nümayiş olundu.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov "Azərbaycan elminin inkişafında Heydər Əliyevin rolu” adlı məruzəzində ulu öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi yeniliklərdən danışdı. Bildirdi ki, Heydər Əliyevin Azərbaycanda elm, təhsilin inkişafında əvəzolunmaz xidmətləri olub. O qeyd etdi ki, Heydər Əliyev dünya azərbaycanlılarını bir araya gətirərək ölkəmizin üzləşdiyi problemləri ümummilli problemlər kimi birgə həll etməyə nail oldu. 31 dekabr tarixinin Dünya Azərbaycanlıların Həmrəyliyi Günü kimi qeyd olunması məhz Heydər Əliyev tərəfindən həyata keçirilib. O çıxışını Heydər Əliyevin kəlamı ilə yekunlaşdıraraq "Heydər Əliyev: gənclər siyasəti Azərbaycan siyasətinin əsas təməli kimi böyük yer turtur” dedi.
Sonra Binəqədi rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Seymur Hacıyev əvvəlcə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Sonra "15 İyun - xalqın seçimi, xalqın günü, xalqın qələbəsi” adlı məruzəsində Heydər Əliyev haqqında bildirdi ki, 1991-ci ildə Azərbaycan dövləti müstəqillik əldə etməsinə baxmayaraq, hələ də Dövlət Bayrağımız bəzi bölgələrimizdə dalğalanmırdı.
Ölkədə hərc-mərcliyin getdiyi bir dövrdə bəzi etnik qrupların dövlətə qarşı çıxdığı bir vaxtda Heydər Əliyev Azərbaycana gəldi, ölkədə vətəndaş müharibəsinin qarşını aldı. Dahi lider Azərbaycançılıq ideologiyası əsasında dövlətimizi bütöv bir respublika halında birləşdirdi. Azərbaycana rəhbərlik etdiyi müddətdə çoxlu sayda azərbaycanlı fəal gəncləri Rusiyanın tanınmış ali təhsil müəssisələrində təhsil almağa göndərdi. Sonralar həmin gənclər dövlət quruculuğunda Heydər Əliyev səmərəli istifadə etmişdir. Sonra o məruzəsində qeyd etdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyevin hakimiyyəti dövründə təhsil sahəsində bir çox uğurlu islahatlar həyata keçirilmiş, inkişaf etmiş ölkələrin təcrübələri öyrənilmiş və azərbaycanlı gənclər dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərilib. Bununla yanaşı təhsil sahəsində bir çox dövlət proqramları təsdiq olunaraq icra olunub. O çıxışının sonunda qeyd etdi ki, hər birimiz bu gün müstəqil və suveren bir dövlətdə yaşadığımız üçün ulu öndər Heydər Əliyevə borcluyuq.
Daha sonra Azərbaycan Respublikasının əməkdar jurnalisti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Parçalanmadan hüquqi, dünyəvi dövlət quruculuğuna gedən yol” adlı məruzə ilə çıxış edərək qeyd etdi ki, Azərbaycan dövləti bugünkü günə gəlib çatana qədər həqiqətən böyük sınaqlardan keçib. Dövlətimiz 1993-cü ilin 15 iyun tarixində həqiqətən öz qurtuluşuna nail olmuşdur. Əgər həmin dövrlə hazırkı dövr arasında müqayisələr aparsaq müqayisə olunmayacaq dərəcədə böyük fərqliklər vardır. Həmin vaxt biz gənclər çalışırdıq ki, dövlətimiz öz müstəqilliyini qoruyub saxlaya bilsin. Ulu öndər Heydər Əliyevin sonsuz təşəbbüsləri, uğurlu daxili və xarici siyasəti nəticəsində dövlətimiz illər boyu qazanmış olduğu müstəqilliyini qorudu. Hazırkı dövrdə Azərbaycan müsəlman dövlətləri arasında özünün iqtisadi inkişafına, stabil həyat şəraitinə, bir çox sahədə qazandığı uğurlarına görə dünyada öz mövqeyini tutmuş bir ölkə kimi tanınır. Heydər Əliyevin cızdığı inkişaf yolunu, stategiyasını bugün möhtərəm prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Sonra məruzələr ətrafında çıxışlara başlanıldı.
Çıxışlardan sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin ifasında ədəbi-bədii hissədə şeirlər, saz havaları və mahnılar səsləndirildi.
Sonda isə Yusif Alıyev konfrans iştirakçılarına və qonaqlara öz təşəkkür və minnətdarlığını bildirərək elmi-praktik konfransın işini yekunlaşdırdı.