“Təklif edirəm ki, Minsk Qrupundan birdəfəlik qurtaraq”

Akif Nağı: “Ermənilərin həyasızlığına son qoymaq üçün müharibədən başqa yol yoxdur”


Xəbər verdiyimiz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri iyun ayının 10-da Ermənistana, 12-də isə Dağlıq Qarabağa səfər ediblər. Vasitəçilər Xankəndində və işğal edilmiş digər bölgələrə baş çəkiblər.

Minsk Qrupunun həmsədrləri iyunun 19-da Bakıya səfər edəcəklər. Məlumat üçün bildirək ki, vasitəçilər işğal altındakı torpaqlarımızda olarkən erməni quldur dəstələri ağır silahlardan istifadə edərək dəfələrlə atəşkəsi pozublar. Lakin həmişə olduğu kimi həmsədrlər düşmənin həyasızlığını görməzdən gəliblər. Elə bu səbəbdən Azərbaycan ictimaiyyəti qərəzli mövqe sərgiləyən vasitəçilərin ölkəmizə səfərindən heç bir nəticə gözləmirlər. 

Baş nazirin müavini Əli Əhmədov deyib ki, Minsk Qrupunun üzvləri uzun illərdir fəaliyyət göstərsələr də, münaqişənin ədalətli həlli üçün lazımi addımlar atmırlar: "Həmsədrlərin regiona səfərindən gözləntimiz odur ki, onlar ədalətli qərar qəbul olunması üçün daha ciddi şəkildə çalışsınlar. Vəzifələrini təkcə regiona səfər etməklə bitmiş bilməsinlər. Müəyyən işlər görürlər, onların fəaliyyətinə ədalətsiz qiymət vermək istəmirəm. Amma münaqişənin həll olunması üçün bizim arzuladığımız əsas işlər görülməyib. Torpaqlarımız azad olunmayıb və insanlarımızın öz yurd-yuvasına qayıtması üçün şərait yaradılmayıb. Bizim onlardan gözləntimiz bunlardır. Bu yaxınlarda müxtəlif bəyanatlar səsləndiriblər. Əsas bəyanat o olmalıdır ki, nəhayət, bu problem öz həllini tapsın”. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərindən heç nə gözləmir. Onun sözlərinə görə, həmsədrlərin səfərindən gözləntilər o vaxt olacaq ki, onlar irəliləyiş əldə edə biləcəklər: "Məsuliyyəti öz üzərindən atmaq, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsinlər demək nə deməkdir? Əgər, Azərbaycan və Ermənistan razılığa gələ bilsəydilər, sizlərə nə ehtiyac vardı? Həmsədrlər deməlidirlər ki, Ermənistan, sən işğalçısan, otur yerində, torpaqları işğaldan azad et. Bunu deməyincə, bu istiqamətdə işlər görülməyincə, həmsədrlərdən heç nə gözləmirəm”.

Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, həmsədrlərin ikili standartlardan çıxış etdiyi heç kimə sirr deyil. QAT rəhbərinin fikrincə, Azərbaycan tərəfinin dəfələrlə müraciət etməsinə baxmayaraq, vasitəçilər Ermənistanı işğalçı dövlət kimi tanımaqdan imtina ediblər: 

"Ermənistan rəhbəri Serj Sarkisyan, o cümlədən müdafiə naziri və digər rəsmilər Dağlıq Qarabağa qanunsuz səfər ediblər. Amma həmsədrlər buna reaksiya verməyib. Düşmən işğal etdiyi ərazilərimizdə hərbi təlimlər keçirib, Qarabağda demoqrafik şəraiti dəyişib, abidələrimizi məhv ediblər, lakin yenə də vasitəçilərin səsi çıxmayıb. Əgər həmsədrlər azacıq obyektiv olsaydılar, qanunsuz hərəkətlərə görə düşməni cəzalandırardılar. Təəssüflər olsun ki, Minsk Qrupu hər şeyə loyal yanaşır. Məncə, bunun səbəbi həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın tərəfində olmasıdır. Ona görə də düşmən rahatdır, həmsədrlərin qarşısında istədiyini edir, atəşkəsi pozur. Bilir ki, hərəkətlərinə görə cəza almayacaq. Cəzasızlıq duyğusu ermənilərə geniş meydan yaradır”. 

A.Nağı bildirib ki, həmsədrlərin Dağlıq Qarabağa səfər etməsi, qondarma rejimin rəhbəri ilə görüşməsi, əski parçası altında şəkil çəkdirməsi onların kimin dostu olduğunu göstərir: 

"Ayın 10-da Ermənistana, 12-də Qarabağa gediblər. Bu günə qədər nə işləri var orda, nəyi gözləyirlər, niyə Azərbaycana ayın 19-da gəlməyi planlaşdırırlar? Vasitəçilərin düşmən ölkədə çox qalmasının səbəbi ermənilərlə birgə Azərbaycana qarşı plan cızmalarıdır. Təklif edirəm ki, Minsk Qrupu ilə birdəfəlik qurtaraq. Ermənilərin həyasızlığına son qoymaq üçün müharibədən başqa yol yoxdur”.

İsmayıl