Lapşin mütləq cəza almalıdır

Çünki onun Qarabağda olarkən qanuna zidd hərəkətlərə rəvac verməsi faktlarla sübut olunub



Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin barəsində başlanmış cinayət işinin materialları baxılmaq üçün məhkəməyə göndərilib. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib. Lapşinin məhkəməsinin hazırlıq iclası iyunun 22-də baş tutacaq. Yaxın günlərdə iş üzrə məhkəmə prosesinin hazırlıq iclasının vaxtı müəyyən ediləcək. İttihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Lapşin Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib, dövlətimiz əleyhinə çıxışlar edib.

Dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda keçib. Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər” siyahısına daxil edib. Lapşinin həbsindən ən çox narahat olan Rusiya olub və həbslə bağlı dəfələrlə qıcıqlı reaksiyasını gizlətməyib. Üç ölkənin vətəndaşlığını daşıyan bloggerin bəhsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. 

Bəziləri hesab edir ki, Lapşin ən ağır şəkildə cəza almalıdır ki, ondan sonra heç kim işğal altındakı torpaqlarımıza ayaq basmağa cəsarət etməsin. Digər qisim düşünür ki, Lapşinin jurnalist-blogger fəaliyyəti, siyasi məsələlər nəzərə alınaraq, "yüngül” cəza verilməlidir. Əksəriyyət isə deyir ki, heç kimin xahiş və tələbi nəzərə alınmamalı, qanunlar çərçivəsində Lapşinə hökm oxunmalıdır. 

Bu barədə "Şərq”ə danışan tanınmış vəkil İradə Cavadova deyib ki, Lapşinə cinayət maddələrinə uyğun olaraq cəza verilməlidir: 

"Aleksandr Lapşin Azərbaycan qanunlarını pozub. Ola bilər, bloggerin jurnalist olması və başqa siyasi məsələlər müəyyən problemlər yaratsın. Çünki bəziləri hesab edir ki, Lapşin jurnalist fəaliyyətini həyata keçirmək üçün Qarabağa gedib və s. Lakin onun Qarabağda olarkən qanuna zidd hərəkətlərə rəvac verməsi faktlarla sübut olunub. Cinayət işinin materialları bizdə olmadığı üçün məsələnin mahiyyətini bilmirik. Sadəcə vəkilin dediklərinə əsasən fikir yürüdürük. Düşünürük ki, Aleksandr Lapşin mütləq cəza almalıdır. Heç kimin xahişi ilə daha yüngül və daha ağır cəza verilməsindən söhbət gedə bilməz. Kim hansı qanunları pozursa, ona uyğun cəzasını çəkməlidir”.

İsmayıl