Gənclər onu müdafiə edirlər

Navalnı Moskvanın öz layihəsidirsə belə gələcəkdə Kremlin başağrısı ola bilər
O, faktiki olaraq sistemdən kənar müxalifətin əsas fiquruna çevrilib. Ola bilsin, onun fəaliyyəti getdikcə güclənsin

Rusiyanı son üç gündə etiraz aksiyaları bürüyüb. Ölkənin bir çox iri şəhərlərində antikorrupsiya əleyhinə keçirilən mitinqlərdə on minlərlə adam iştirak edib. Etirazçılar polisin güclü təzyiqi ilə qarşılaşıblar, yüzlərlə rus həbs olunub. Aksiya öncəsi Rusiya müxalifətinin liderinə çevrilən blogger Aleksey Navalnının həbs edilməsi bu şəxs ətrafında yeni müzakirələrə səbəb olub.

İddialar var ki, Qərb bir sıra ölkələrdə olduğu kimi, Navalnının əli ilə Rusiyada "məxməri inqilab” planını həyata keçirmək istəyir. Onların fikrincə, Kremlə son 3 ildə tətbiq edilən sanksiyaların istənilən nəticəni vermədiyini görən Qərbin onu daxildən çökdürmək siyasəti yürütdüyü deyilir. Gündəmdən düşməyən başqa bir iddia da var. Bəziləri hesab edirlər ki, Rusiyadakı aksiyalar məhz Kremlin "icazəsi” ilə reallaşır. Məqsəd isə hökumət başçısı Dmitri Medvedyevi idarəetmədən uzaqlaşdırmaqdır. 

Rusiyada geniş vüsət alan etiraz aksiyalarını "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, əslində aksiya icazəli idi. Amma mitinqə bir neçə saat qalmış Aleksey Navalnı aksiyanın yerini dəyişdi və adamları şəhərin mərkəzinə topladı: 

"Navalnı özü aksiyaya gəlib çata bilmədi, evdən çıxan kimi onu həbs etdilər. Amma vəziyyəti gərginləşdirə bildi. Təkcə paytaxt Moskvada deyil, Sankt-Peterburq və Rusiyanın onlarla şəhərində kütləvi mitinqlər oldu. 12 iyun "Rusiya günü” kimi qeyd olunmalı idi, ancaq həmin gün hamı aksiyalardan danışdı. Navalnı ənənəvi müxalifəti geridə qoydu”. Ekspertin fikrincə, Rusiyada baş verənlərlə bağlı iki versiya var: "Birincisi odur ki, blogger Navalnı həqiqətən siyasətə can atır və Putinə rəqib olmaq istəyir. Gələn il Rusiyada prezident seçkisi keçiriləcək. O, Putinə rəqib olmaq üçün digər müxalif liderlərdən daha güclü olduğunu sübut etməlidir. Məhz ona görə icazəsiz aksiyalar keçirir. Özü də hökuməti ən zəif nöqtəsindən vurur, korrupsiya məsələsini gündəmə gətirir. Gənclər Navalnını müdafiə edirlər. O, faktiki olaraq sistemdən kənar müxalifətin əsas fiquruna çevrilib. Ola bilsin, onun fəaliyyəti getdikcə güclənsin. İkinci versiya isə mitinqlərə Kremlin layihəsi kimi baxılmasıdır. İddia edilir ki, Putin gələn il prezident seçkisində ciddi bir rəqib üzərində qələbə çalmaq istəyir. Parlamentdə 2 əsas müxalifət partiyası var. Biri Vladimir Jirinovskinin rəhbərlik etdiyi Liberal Demokratlar Partiyasıdır. Digəri isə Kommunist Partiyasının lideri Gennadi Züqanovdur. Bu iki şəxs 20 ildir prezident seçkisində məğlub olurlar. Onlar üzərində qələbə çalmaq Putin üçün əhəmiyyət kəsb etmir. Güclü rəqib Kreml tərəfindən ortaya atılan Navalnı ola bilər. Fikir verirsizsə, Navalnını uzun müddət həbsdə saxlamırlar, 15-20 sutka saxlayıb sərbəst buraxırlar. Məsələn, Putinin rəqibi - oliqarx Mixail Xodorkovskiyə 10 il həbs vermişdilər. Sanki Navalnıya imkan yaradılır və bu addım onun nüfuzunu daha da artırır. Fikrimcə, Navalnı Moskvanın öz layihəsi olsa belə gələcəkdə Kremlə başağrısı ola bilər”. Ekspertin sözlərinə görə, mart yürüşlərində əsas hədəf Medvedyev idi. Aksiyaçılar onun rüşvətxor olduğunu deyir, istefasını tələb edirdilər: "Ancaq indi Navalnı Medvedyevdən daha çox məhz Putini hədəf seçib. Aksiyaçılar "Putin getməlidir” şüarı səsləndirirlər. Nəzərə almaq lazımdır ki, Navalnı demokratların təmsilçisi deyil, onun millətçi fikirləri var. Bu yaxınlarda açıqlama verib ki, "Mərkəzi Asiyadan olan insanları Rusiyadan çıxarmaq lazımdır. Onlara qarşı viza rejimi tətbiq edilməlidir”. Halbuki Mərkəzi Asiya dövlətləri Rusiyanın strateji müttəfiqləridir. Bununla bərabər Navalnının Rusiyadakı faşizmi müdafiə edən qüvvələrlə əlaqəsi də var. Təsadüfi deyil ki, onun mitinqlərinə rus faşistləri, demokratlar, millətçilər də qatılır. Bu mənada Navalnıya şübhə ilə yanaşırlar və tam dəstək vermirlər. İstənilən halda hər şeyi zaman göstərəcək. Putin hazırkı dövr üçün güclü siyasi liderdir, amma sabah nə olacağını heç kim bilmir. Rusiya tarixində çox olub ki, əvvəlcə kimisə göyə qaldırıblar, sonra ordan yerə çırpıblar”.

İsmayıl