Ekspert hesab edir ki, regionun imkanlarını öyrənmədən belə dəyişikliyə getməyin xeyri olmayacaq
"Bu ancaq forma dəyişikliyi olacaq, bir mənası, xeyri də olmayacaq"
Özünümaliyyələşdirmə sisteminin uğurlu alınması üçün regionların rəqabət indeksi hesablanmalıdır
Bundan sonra 33 rayon yerli gəlirləri hesabına dolanmalı olacaq. 2017-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 642,4 mln. manat proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faiz təşkil edəcək.
Bu da əvvəlki illə müqayisədə 743,5 mln. manat və ya 42,7 faiz azdır.
Gələn ilin büdcə layihəsində də yerli gəlirləri öz hesabına təmin edəcək rayon və şəhərlərin sayı 33-dür.
Amma dotasiyaların azaldılması ilə razılaşmayanlar, bunun iqtisadi imkanları zəif bəzi rayonlara çətinlik yaradacağı fikrində olanlar da var.
"Samir Şərifovun yerli icra hakimiyyəti orqanlarına dotasiyanın kəsilməsi və öz hesabına büdcə formalaşdırılması barədə təklifini eşidəndə xəcalət çəkdim”.
Modern.az-ın xəbərinə görə, bunu Milli Məclis komitələrinin birgə iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
Deputat bildirib ki, rayonlara dotasiya ayrılmaması və yerli büdcələrini öz gəlirləri hesabına formalaşdırması dövlətin strateji siyasətinə uyğun deyil və bunun ziddinədir:
"Nəyə görə belə olub? Belə bir qərar verməzdən öncə müəyyənləşdiriləydi ki, rayonlar bu büdcəni hansı mənbələr hesabına formalaşdıracaq?! Yoxsa, avtomatik götürüb bunu 33 rayona tətbiq etmək düz deyil. Get, özünü maliyyələşdir, bu nə deməkdir?”.
Arif Rəhimzadə xüsusi vurğulayıb ki, bu metodun seçilməsi düzgün deyil və ümumi strateji xəttə ziddir.
"Biz çalışmalıyıq ki, yerdə həll olunası məsələnin, elə yerindəcə həll olunmasına nail olaq. Hər şeyi mərkəzə gətirmək düz deyil. Məgər yerdəkilərin ağlı və səviyyəsimi çatmır? Yoxsa, səhlənkarlıq edirlər? Səhlənkarlıq edirlərsə, onlardan tələb etməliyik. Bacarmırlarsa, işdən çıxarılsınlar. Daha yaxşı bacaranları ora qoymaq lazımdır”- deyə Arif Rəhimzadə bildirib.
İqtisadçı Qalib Toğrul «Şərq»ə açıqlamasında millət vəkili Arif Rəhimzadənin narahatlığının əsassız olmadığını dedi:
- 33 rayonla bağlı özünümaliyyələşdirmə qərarı verilib. Bu prosesə başlamadan öncə müəyyən islahatlar aparılmalı idi, yerli özünüidarəetmə orqanları prosesə cəlb edilməliydi. Vergilərin mərkəzi büdcəyə ödənilməsi doğru çıxış yolu deyil. Əvvəlcə araşdırılmalıdır ki, 9 iqtisadi rayon hansı prinsip əsasında yaradılıb. Bunun üçün müəyyən kriteriyalar, meyarlar olmalıdır. Bu işlər görülməyibsə, özünümaliyyələşdirmə formasına keçilməklə, mahiyyət dəyişməyəcək. Bu ancaq forma dəyişikliyi olacaq, bir mənası, xeyri də olmayacaq. Çünki indiyədək də biz bunun şahidi olmuşuq ki, hansısa rayon özünü maliyyələşdirmə əsasındadır, amma müəyyən müddətdən bir həmin rayona Prezidentin Ehtiyat Fondundan əlavə vəsait, maliyyə ayrılır.
Özünümaliyyələşdirmə sisteminin uğurlu alınması üçün regionların rəqabət indeksi hesablanmalıdır. Bu nə deməkdir? Yəni, müəyyənləşməlidir ki, hansı rayon investisiya cəlbi üçün əlverişli şərtlərə malikdir, hansı rayonda gəlirli istehsal müəssisələri mövcuddur, hansı rayonun turizm imkanları genişdir. Regionlar üçün əsas kriteriya cəlbedicilikdir. Hansı rayon investisiyalar üçün cəlbedici deyilsə, ona dotasiya ayrıla bilər ki, imkanlar genişlənsin. Ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə xüsusi nəzarət olmalıdır. Həmçinin, yerli bələdiyyə orqanları bu işdə fəal iştirak etməlidirlər. Bizdə bələdiyyələr hərəkətsiz bir qurumdur. Və mərkəzi icra hakimiyyətinə bağlıdır. Amma yerli inkişaf bələdiyyələrdən birbaşa asılıdır. Struktur dəyişikliyi aparılmadan, regional problemlər həllini tapmadan rayonlara özünümaliyyələşdirmə sistemini tətbiq etmək gözlənilən nəticəni verməyəcək. Hansısa rayonun özünü təmin edə bilmədiyi aşkarlananda, məcbur olub ona büdcədən, ya da Ehtiyat Fonddan əlavə vəsait ayıracaqlar. Bununla da heç nə dəyişməyəcək.
Məlahət Rzayeva