Həkimlər damara düşə bilmir

19 günlük körpənin qızdırması səhiyyəmizin iç üzünü bir daha açdı
“Təcili yardım briqadası xəstənin yanında 45 dəqiqə ərzində qala bilər. Sonrakı 2 saat ərzində təcili yardım briqadası xəstənin qapısını döyüb təkrar onunla maraqlanmalıdır”

Həmkarımız Ülkər Qasımova 19 günlük körpəsinin səhhətində yaranmış nasazlıqla bağlı günlərlə stress keçirib. Bu barədə Ülkər xanım sosial şəbəkədə paylaşım edib. Səhiyyəmizin bəzi hallarda bərbad vəziyyətinə şahidlik etmiş xanımın həmin paylaşımını oxuculara təqdim edirik:

"Səhiyyədə çalışanlar, Allah sizə insaf versin! İnsanların pulu ilə oynamağınız cəhənnəmə, heç olmasa, körpəsinin taleyi ilə oynamayın! Qandığınız işin qulpundan yapışın, qanmırsınızsa, çomağınızı götürüb işinizin arxasınca gedin!”

"Körpəmin bədənini deşik-deşik etdilər”

Ülkər Qasımova daha sonra bunları yazıb:  

"...Son 5 gün ərzində qızımın səhhəti ilə bağlı gördüklərim məni çox məyus edib. Bu məyusluğun səbəbi məmləkətim olan Azərbaycan səhiyyəsindəki ciddi boşluqlardı. Cümə günündən etibarən körpəmin qızdırması 39-40 civarındadı. İlk əvvəl özüm ev şəraitində müdaxilə elədim. Daha sonra heç bir vasitənin yüksək hərarəti salmayacağını görüb Təcili Tibbi Yardıma müraciət etdik. Gəldilər, həmişəki kimi "Dimedrol”, "Analgin”, "Novokain” vurub "çatacaqlarını” alıb tez-bazar qaçdılar. Bir gözləmədilər ki, görsünlər hərarət düşür, ya yox. Hərarət daha da artdı. Səhərisi evdə müalicənin əhəmiyyətsiz olduğunu görüb "özəl klinika daha yaxşıdır” deyib yaxınlıqdakı "Baku Medical Plaza”ya üz tutduq. Neçə gündür bu klinikadan "yığıram”, səbrimi basıb dözürdüm. Əvvəl müşahidə otağında saxladılar - otağın qiyməti 61 manat, sistem qoşuldu, qan analizi, rentgen, USM, təqribən 200 manat civarında. Gözümün önündə 19 günlük körpəni "damarını tapa bilmirik” deyib deşik-deşik elədilər. Sonra daha professional olan reanimasiyadan birini çağırdılar, damara düşdü nəhayət, körpənin hələ iniltisi qulağımdadı. Bir analiz yaddan çıxıb, əlində hansı analizi götürməlidi kağızda yazılıb və unudub. Neçə dəfə artıq incitmişdilər balamı. Əlində iynə gördüm gəlir yenə balamın üstünə, mənə də deyirlər çıx çöldə gözlə. Evə getdik, qızdırma yenə qalxdı, yenidən qaytardılar ki, yatışa yazılmalıdı, uşağın vəziyyəti yaxşı deyil. O an nə düşünə bilər ki, bir valideyn. Gecəylə gətirdik. Palataya giriş bir nəfərə olarmış, ikinci adam üçün 50 manat ödəmək lazımdı. Hər şey yaxşı, gözəl qiymətlər təşkil etmisiniz ay xəstəxana rəhbərliyi xəstələrə, xüsusən uşaqlara, xidməti nədən o qiymətə uyğun eləmirsiz? Dünən gecə uşağa yuxuda olarkən inqlayasiya edib uşağı səhərə kimi ağlatmaq, sistemi vəhşicəsinə dəyişmək bu qiymətlərlə uyğun gəlmir axı! Normal damar tuta bilməyənlərin çalışdığı tibb müəssisəsi, insanlarla anormal münasibət yaraşırmı bu qoyduğunuz qiymətlərə?! Mən 2 gündür qeydiyyatdan nəyə nə qədər ödəniş yazıldığı ilə bağlı faktura kağızı ala bilmirəm. Normal haldır bu?! 500 manat ödəniş olacaq, amma nəyə olacaq, göstərmək lazımdır. Barı buna uyğun davranın. Sanki bu xəstəxanada çalışan hər kəs milyonerdi, insana yuxarıdan aşağı baxırlar. Türkiyədə yox e, lap Amerikada təhsil al, vicdanınıza and içmirsinizmi siz?! Xəstə üçün gətirdiyiniz düyü həlimi günlərlə masada qalır. Budurmu özəl klinika xidməti? Əsəblərim tarıma çəkildi, burdakıları müşahidə etməklə.

"Həkimlər ola bilər  taktiki səhvə yol verib”

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında baş vermiş hadisədən təəssüfləndiyini bildirdi:
- Səhiyyə Nazirliyinin qərarı var və bu qərar təcili yardım sistemini də əhatə edir. Yeni doğulmuş və 1 yaşadək körpələr xüsusi nəzarət altında olmalıdır. Çünki bilirik ki, hazırda dünyada ana və körpə ölümləri bir nömrəli problemdir. Çağırışa gələn təcili tibbi yardım briqadası müdaxilədən sonra 15 dəqiqə gözləməlidir, sonra çıxıb getməlidir. Körpədə qızdırma olduqda tibbin qaydası budur, yayındırıcı müamilələr edilir - bədənin nəm əski ilə silinməsi, imalə, "Parasitomol” siropu içirdilir. Bu alqoritmləri edə-edə həkim körpənin vəziyyətini müşahidə altında saxlamalı və hərarətin düşüb-düşmədiyini müəyyənləşdirməlidir. Təcili Tibbi Yardıma 45 dəqiqə möhlət verilir. Yəni, təcili yardım briqadası xəstənin yanında 45 dəqiqə ərzində qala bilər. Sonrakı 2 saat ərzində təcili yardım briqadası xəstənin qapısını döyüb təkrar onunla maraqlanmalıdır. Mən təcili yardımın tez çıxıb getməsini taktiki səhv hesab edirəm. İlk müamilələr edildikdən sonra həkim 15 dəqiqə gözləməlidir. Hərarət düşmədisə, yenidən "smes” vurulur, 5-10 dəqiqə də gözləyirlər, əgər hərarət düşmürsə, körpə təcili surətdə Respublika Pediatriya İnstitutuna aparılmalıdır. Bəlkə də xanım jurnalist bu barədə məlumatsızdır, yaxud da özünün dediyi kimi evlərinə yaxın olduğu üçün özəl klinikanı seçib. Amma yeni doğulmuş və 1 yaşadək uşaqlara bağlı Səhiyyə Nazirliyinin xüsusi qərarı var ki, səhhətində problem yaranırsa, təcili Pediatriya İnstitutuna aparılmalıdır.

Körpənin damarının tapılmamasına gəlincə, Ş.Məmmədov bunun professionallıqla bağlı olduğunu dedi:

- Hazırda Təcili Tibbi Yardıma həkimləri yalnız sertifikasiya ilə qəbul edirlər. Təcili Tibbi Yardımda qeyri-peşəkarların olması mümkün deyil. Amma özəl klinikalara hansı meyarlarla işçi qəbul edilir, bunu deyə bilmərəm. Damarın tapılmasının bir çox üsulları, yolları var. Şah damar - vena təkcə qolda deyil ki! Professional tibb bacısı boyun nahiyəsindən - körpücük altından da damarı tapıb iynə vura bilər. Əllərdə, ayaqda, baş nahiyəsində... bədənin bir çox yerlərində damara düşmək olur. Bəlkə də körpəyə iynə vurmaq, yaxud qan analizi almaq üçün sadəcə, professionallıq yetərli olmayıb. Körpə incidilib.

Ş.Məmmədov da özəl klinikalardakı qiymət bahalığından xəbərdar olduğunu dedi:
- Hamımız bilirik ki, özəl klinikalarda xidmət haqqı yüksəkdir. Xanım bu məsələdə haqlıdır ki, qiymət bahadırsa, xidmət də ona müvafiq olsun. Nə deyim, əlində əsas varsa, şikayət edə bilər.

Məlahət Rzayeva