Dünya dini liderlərinə müraciət ünvanlandı




İyulun 6-da Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri beynəlxalq təşkilatlara və dünya dini liderlərinə müraciət ünvanlayıblar. 

Lent.az-ın məlumatına görə, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milih Yevdayev, Azərbaycan Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili imzalayıb.
Bununla bağlı Dövlət Komitəsində keçirilən görüşdə bildirilib ki, müraciət ingilis dilinə tərcümə olunaraq Xarici İşlər Nazirliyi vasitəsilə beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, eləcə də Moskva və Ümumrusiya Patriarxı Kirillə, Roma Papası Fransiskə, İstanbuldakı Fənər Rum Patriarxı I Varfolomeyə və digər dini liderlərə göndəriləcək.
BMT-nin Baş Katibi Antonio Quterreşə, Avropa Şurasının (Aİ) Prezidenti Donald Tuska, Avropa Şurasının Baş katibi Torbyorn Yaqlanda, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurtsa, İƏT Baş katibi Yusef Əl-Osaymenə və dünya dini liderlərinə ünvanlanmış müraciətdə deyilir:
"Bu il iyulun 4-də Ermənistan tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində Azərbaycan Respublikasının döyüş bölgəsində Füzuli rayon sakini 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyeva qətlə yetirilib. İstər bəşəri, istərsə də ilahi qanunlarda günahsız insanların, xüsusilə də uşaqların qətli ən ağır cinayət hesab edilir. Təəssüflə qeyd edirik ki, 2 yaşlı Zəhra terrorun ilk qurbanı deyil. 2011-ci ildə Ağdam şəhərindən olan 9 yaşlı Fariz Bədəlov snayper atəşi nəticəsində həlak olub. Ümumilikdə, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında razılaşma əldə edildikdən sonra 33 uşaq terrora məruz qalıb. Onlardan 14-ü dünyasını dəyişib, 19-u isə yaralanıb.
Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törətməsini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünya dini liderlərini mülki şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırırıq.
Biz bir daha bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Bu, Yaradanımız və xalqlarımız qarşısında məsuliyyət və borcumuzdur. Belə ki, bütün səmavi dinlər dinc, günahsız insanların, məsum körpələrin qətlini ən ağır cinayət kimi qiymətləndirir.
Biz beynəlxalq ictimaiyyəti dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırır, bu kimi halların qarşısının alınması, ədalətli sülhün bərqərarı naminə səyləri birləşdirməyə çağırırıq”.