Kartlar vətəndaşlara pulsuz paylanmalıdır

Elə kartlar hazırlanmalıdır ki, bütün nəqliyyat vasitələrində istifadə edilə bilsin


Ötən aydan Azərbaycanda yerüstü nəqliyyatda ödənişlərin gediş kartları ilə ödənilməsi prosesinə başlanılıb. Gediş kartlarını tapa bilmədiklərindən şikayətlənən sərnişinlər də kifayət qədərdir. Sərnişinlərin kartla bağlı narahatlıqlarına son qoymaq üçün müvafiq orqandan bildirilib ki, "Yolkart” adlanan layihə çərçivəsində hazırlanan nəqliyyat kartlarının emitenti ilə "Bank of Azerbaijan” ASC məşğul olur.

Kartları "Topaz” məntəqələrində, "Qasid” və yeni köşklərdən, həmçinin "Bank of Azerbaijan”ın bütün filiallarından almaq mümkün olacaq. Sərnişin nəqliyyat kartı almayıbsa, o zaman sürücüdə

ehtiyat kartın olması nəzərdə tutulub. Onun köməyi ilə gedişhaqqını ödəmək olar. Nəqliyyat kartları iki növdə - ümumi və adlı olacaq. Ümumi kartın alınması üçün hansısa sənəd təqdim etmək lazım deyil. Kartın sahibi ona gün ərzində 20 manatadək pul yükləyə bilər. Karta ehtiyac olmadıqda, onu geri qaytarmaq mümkündür. Bu zaman kart sahibi balansında olan pulları geri alacaq. Vətəndaşlar nəqliyyat kartının balansını "Bank of Azerbaijan”ın filiallarında, "Qasid” məntəqələrində, "Yolkart” loqosu ilə təchiz olunmuş supermarket və digər ticarət obyektlərində ödəyə bilərlər. Gedişhaqqının ölçüsü qəbul edilmiş tariflərə uyğun olacaq.

Xatırladaq ki, kartın qiyməti 3 manatdır. Bunun 2 manatı depozit məbləği, 1 manat isə balansa yüklənəcək. Kartın balansına köçürüləcək minimal məbləğ 1 manatdır.

Ödəniş kartlarının satılması üçün yerlər, balansa pul yükləmə qaydaları və kartın qiyməti ilə bağlı "Şərq”ə danışan İqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, kartlara ödəniş yükləmək üçün elektron ödəmə məntəqələri yaradılmalıdır: "Bu, beynəlxalq təcrübədə də belədir. Bu elektron ödəmə məntəqələri insanların daha sıx olduğu məkanlarda yerləşdirilməlidir. İnsanlar ödəmə məntəqələrinə görə, əziyyət çəkməli deyillər. Belə məntəqələr adətən dayanacaqlarda quraşdırılır. Adi məsələlərdir. Bunu problem səviyyəsində qabartmaq yanlışdır. Sadəcə, düzgün təşkil etmək lazımdır”.

Professor onu da qeyd edib ki, nəqliyyatda vahid ödəniş sistemi olmalıdır: "Avtobus və metro üçün bir kartın yaradılması daha əlverişli olar. Elə kartlar hazırlanmalıdır ki, bütün nəqliyyat vasitələrində istifadə edilə bilsin”.

Kartların pulla satılmasına etiraz edən Z.Məmmədovun sözlərinə görə, kartlar vətəndaşlara pulsuz paylanılmalıdır: "Kart satışı anlayışı yoxdur. Təəssüf olsun ki, əyləncə mərkəzlərimizdə belə kartlar pulla satılır. Bu, gülünc məsələdir. Sadəcə, gülüş doğurur”.

Karta yüklənəcək ödənişin minimal 1 manat olmasına gəldikdə isə ekspert söyləyib ki, vətəndaşa bu cür limit qoymaq olmaz: "Bu, doğru addım deyil. Ödənişin qəpik deyil, yalnız kağız əskinaslarla yerinə yetirilməsi yaxşı hal deyil. Əhalinin maddi durumunu da nəzərə almaq lazımdır”.

Ayyət Əhməd