"...Trampın vəzifədən getməsini aktuallaşdırırlar"

Tofiq Abbasov: "Tramp təcrübəli olsa da, ABŞ idarəçiliyi özündə mürəkkəb və geniş sistemi ehtiva edir"
"Donald Tramp hələ də özünə əminliklə addım atmır”.
Bunu "Sherg.az”a ABŞ-ın texnologiya nəhənglərinin Donald Trampdan imtina etməsindən danışarkən politoloq Tofiq Abbasov deyib. 
O bildirib ki, Trampa rəqib düşərgədə olan qüvvələr hələ də onun qalibiyyətini qəbul edə bilmir:
"Vaxtaşırı impiçment söhbətləri ortaya atılır və Trampın vəzifədən getməsini aktuallaşdırırlar. Prezident güclü biznesmen olmasına baxmayaraq siyasi anlamda həddən artıq və özünü doğrultmayan ehtiyat nümayiş etdirir. Rəqibləri isə bunu onun zəifliyi kimi qarşılayır.
D.Tramp həm iqtisadi, həm də geosiyasi anlamda öz mövqeyini sərgiləməlidir. O, özünə qarşı edilən təzyiqlərlə barışmadığını, vəziyyəti düzəldə biləcək gedişlərinin olmasını ortaya qoymalıdır. Bu baxımdan Tramp təcrübəli olsa da, ABŞ idarəçiliyi özündə mürəkkəb və geniş sistemi ehtiva edir.
Amerika idarəçiliyində elə dairələr var, onlar hərbi-sənaye qruplarının özbaşınalığı ilə özlərini büruzə verirlər. Nahaq yerə deyilmir ki, Amerika siyasətini tək siyasi elita deyil, həm də transmilli şirkətlər müəyyən edir. Bəzi hallarda beyin mərkəzləri bəyan edir ki, klassik milli siyasəti transmilli şirkətlərə tapşırdıqda fəsadlar ortaya çıxır. Əvvəllər biznes elitası siyasi elitanın arxasınca gedirdi, indi isə bəzi hallarda bu əksinə olur. 
Bu zaman anlaşılmayan meyllər ortaya çıxır. ABŞ-da iqtisadi prosesləri, inflyasiyanın göstəricisi və s. problemlər transmilli şirkətlərə bağlıdır. Ona görə, siyasi institutlar transmilli şirkətlərin yedəyində getməməlidir. Tramp dövlətin həm iqtisadi, həm də siyasi istiqamətlərini siyasi institutların müəyyən etdiyini bildirməlidir”.
Qeyd edək ki, ABŞ-ın texnologiya nəhəngi "İntel” və idman məhsulları şirkəti "Under Armour”un idarə heyəti ABŞ prezidenti Doland Trampa müşavirlik edən "Amerika Sənaye Şurası”ndan çıxdıqlarını elan ediblər.
Aysel Aslan