Mediada siyasi təhlillər, analitik yazılar çox azdır

Əksər ekspertlər bunu həmin sahənin gəlirli olmaması və jurnalistikada ixtisaslaşmanın aparılmaması ilə izah edirlər
Azərbaycan milli mətbuatı xalqımızın azadlıq amallarının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, müstəqil dövlətçiliyimizin qurulması və inkişafına mühüm töhfələr verib. Müstəqillik illərində mətbuatımız daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Bununla yanaşı, Azərbaycan mediasında bir sıra problemlər hələ də həll olunmamış qalmaqdadır.
Belə problemlərdən biri də ölkə mətbuatında yer alan siyasi təhlillərin azlıq təşkil etməsidir. Bunu isə əksər ekspertlər həmin sahənin gəlirli olmaması və jurnalistikada ixtisaslaşmanın aparılmaması ilə izah edirlər. Əksər ölkələrdə, eləcə də Qərb mətbuatında ixtisaslaşma elə sürətlə gedir ki, bizlər bu sürəti heç təsəvvür belə edə bilmirik. Belə ölkələrdə iqtisadiyyatdan yazan jurnalistə siyasətdən və ya mədəniyyətdən yazı tapşırmaq ənənəsi yoxdur. Bizdə isə vəziyyət başqa cürdür. 
Siyasətdən yazan müxbir zərurət olduğu halda iqtisadi təhlillərə də baş vurur. İxtisaslaşmanın doğurduğu mühüm problemlərdən biri də Azərbaycan jurnalistikasında siyasi təhlillərin az olması, mövcud analitik məqalələrin isə zəif alınmasıdır. Çox az sayda media orqanına rast gəlmək olar ki, beynəlxalq aləmdə və ölkədə baş verən siyasi dəyişikliklərlə bağlı düzgün təhlil versin. Əksər ekspertlər də vurğulayıblar ki, hazırda Azərbaycan mətbuatında siyasi təhlillərə ehtiyac duyulur. Çünki indi informasiya əsridir. Hamı xəbərləri sosial şəbəkələrdən izləyə bilir. Amma bu xəbərlərin mahiyyəti və hadisələrin necə inkişaf edəcəyi vətəndaşı həmişə narahat edir. Bu səbəbdən oxucular məlumatların analizini də görmək istəyir. Lakin belə analizlərin sayı çox azdır. Analizlərin olmaması müəyyən mənada maliyyə ilə də bağlıdır. Çünki təhlillər üzərində işləmək çox vaxt tələb edir. Bəzən qonorarın azlığı da təhlilçilərin ciddi siyasi təhlillər yazmasına mane olur. Siyasi təhlillərə vaxt və enerji çox sərf olunur. Hesab edilir ki, siyasi təhlillərə verilən dəyər artarsa, təhlilçilər də maraq göstərərlər.
Ekspertlərin fikrincə, hər jurnalist təhlil yaza bilməz. Jurnalistikaya yeni başlayan insan dərhal təhlilə keçərsə, müsbət nəticə ala bilməz. 
İlk növbədə təcrübə qazanmalıdır. Məsələn, Qərb ölkələrində, eləcə də Türkiyədə təhlili yazıları müəyyən həyat təcrübəsi olan insanlar qələmə alırlar. Ciddi təhlil üçün həyat təcrübəsi və yaxşı mütaliə lazımdır. Siyasi təhlildə tarixi hadisələri və siyasi gedişləri bilmək vacibdir. Təhlilçilər ona da diqqət çəkib ki, çox uzun təhlilləri oxuyan az olur. Belə analizləri yalnız peşəkar oxucular oxuyur. Sıravi vətəndaş yaxın durmur. Bu səbəbdən təhlil çox lakonik və aydın olmalıdır ki, daha çox oxucu qazansın. Qərbdə bu məsələ ön plandadır. Yəni təhlilçilərin əsas hədəfi odur ki, təhlilləri qısa və aydın olsun. Yəni 10 səhifəlik təhlil nə qədər maraqlı olsa da, onu ancaq peşəkarlar oxuyacaq. Təhlilçi yazının oxunmasını istəyirsə, qısa və aydın yazmalıdır. Xatırladaq ki, müxtəlif ölkələrin medialarında təhlili yazılara yanaşma fərqlidir. Daha geniş yayılmış forma təhlili yazıların keçmiş diplomatlara, siyasətçilərə etibar edilməsidir. Çünki bu adamların rəyi peşəkar sayılır.
Millət vəkili, siyasi elmlər doktoru, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu məsələnin olduqca aktual olduğunu deyib. Deputatın fikrincə, Azərbaycan jurnalistləri siyasi təhlil məsələsində doğru ittihama məruz qalırlar: 
"Müəyyən istisnalar olmaqla bütövlükdə ölkə mediasında analitik yazılar yazmaq, gündəm yarada biləcək təhlillərlə çıxış etmək, hadisələri qabaqlayaraq proqnozlaşdırmaq və şərh etmək ənənəsi hələ də arzuolunan səviyyədə deyil. Bunun bir səbəbi odur ki, Azərbaycanda təkcə jurnalistikada deyil, sosial-siyasi fənləri öyrənən fakültələrdə də siyasi təhlil və proqnozlaşdırma tədris olunmur. Azərbaycanda ilk belə dərsliyi mən yazmışam - "Siyasi təhlil və proqnozlaşdırma”. Kitab Bakı Dövlət Universitetinin sifarişi, Təhsil Nazirliyinin qrifi ilə 2012-ci ildə çap olunub. Hazırda bu dərslik BDU-nun Politologiya və Sosiologiya kafedrasında tədris edilir. Həmin kitabda əks olunan məsələləri bilmədən siyasi təhlil aparmaq mümkün deyil. Çünki təhlil çox mürəkkəb bir şeydir. Onun çoxsaylı metodları mövcuddur. İntuitiv təhlil metodu, rasional təhlil metodu, riyazi modelləşdirilmənin tətbiq olunduğu metodlar var. Çox təəssüf ki, Azərbaycan jurnalistlərinin bir qismi bu metodları bilmirlər. Ona görə də təhlil aparmaqda çətinlik çəkirlər”. 
H.Babaoğlu bildirib ki, bir işin metodologiyasını və onun həyata keçirilmə üsullarını bilmədən təhlil aparmaq olmaz:
 "Düşünürəm ki, bu məsələdə irad bildirənlər haqlıdırlar. Amma təhlil aparmaq təkcə jurnalistlərin işi deyil. Hadisələrin təhlilini vermək, şərh etmək, onu diplomatik dildən, siyasi terminlərdən tərcümə edərək, o etiketlərdən, simvollaşdırılmış, kodlaşdırılmış siyasi kontekstdən çıxarıb geniş ictimaiyyətə təqdim etmək çətin məsələdir. Bu həm də QHT-lərin, həm də ölkənin digər intellektual institutlarının işidir. Əlbəttə, ilk növbədə Azərbaycan mediasının işidir. Çünki media daha funksionaldır, daha çox göz önündədir. Media cəmiyyətin tələblərini ödəyən ən populyar institutdur. Ona görə düşünürəm ki, bizim media cameəsi bu məsələyə mütləq diqqət yönəltməlidir. Azərbaycanda son illərdə böyük alimlərimizin kitabları çap olunub. 
Ölkəmizin sosial, mədəni və siyasi həyatının elmi-fəlsəfi əsaslarının şərhi ilə bağlı akademik Ramiz Mehdiyevin böyük əsərləri var. Professor Əli Həsənovun Azərbaycanın geosiyasəti ilə bağlı, xarici siyasəti ilə bağlı çox qiymətli əsərləri var. Dünyada baş verən qlobal siyasi proseslərin məntiqini anlamaq və onu təhlil etmək üçün jurnalistlərin elmi-nəzəri bazası olmalıdır. Onun üçün də media mənsublarımız çoxlu mütaliə etməlidirlər. Mövcud olan əsərləri oxumalıdırlar ki, bu işə hazır olsunlar . Biz görürük ki, Türkiyədə hər hansı bir jurnalist çox maraqlı bir təhlil yazıb. Ancaq biz onun avtobioqrafiyasını bilmirik, onun elmi karyerasından xəbərimiz yoxdur. Araşdırsaq, görərik ki, həmin şəxs ya güclü intellektdir, ya da konkret həmin sahə üzrə elmi araşdırmaların müəllifidir, elmi adı var və s. 
Fikrimcə, bu istiqamətdə görəcəyimiz işlər çoxdur”. Müsahibimiz mediada çıxış edən siyasi şərhçilərlə bağlı da danışıb: 
"Mətbuatda çox yaxşı rəylərlə çıxış edən politiloqlarımız var, ancaq bəzən verilən rəylər ictimai rəyi qane etmir. Bununla bərabər Azərbaycanda xarici və daxili siyasət sahəsində, hərbi siyasi proseslərlə bağlı çox yaxşı çıxış edən ekspertlərimiz var. Məsələ ondadır ki, ekspert qismində mövzuya cəlb etdiyimiz şəxslər məcbur olduqları üçün müəyyən məsələləri tam çılpaqlığı ilə deyil, kodlaşdırılmış şəkildə söyləyirlər. Bir sıra mövzular, açıqlamalar diplomatik korpusun nümayəndələri tərəfindən izlənilir. Çünki xarici informasiya mərkəzləri yerli ekspertlərin açıqlamalarına dərhal reaksiyalar verirlər. Hesab edirəm ki, xeyli sayda yaxşı politoloqlarımız var və onlar ən müxtəlif mövzuların şərh edilməsi ilə bağlı kifayət qədər profesionallıq göstərə bilirlər”.
Araşdırmaçı-jurnalist, analitik yazılar müəllifi Kənan Rövşənoğlu da "Şərq”ə açıqlamasında bildirib ki, artıq dünya dəyişir. Jurnalistin sözlərinə görə, qəzet xəbərin yayılma sürətinə görə, televiziya, radio və internet mediasından geri qalır. Ona görə də qəzetləri indi ayaqda tutan əsasən eksklüziv xəbərlər, analizlər və maraqlı müsahibələrdir:
"Burada analizlərin xüsusi yeri var. Bizdə analizlərin olmaması mətbuatın maddi durumu ilə bağlıdır. Xaricdə əsasən bu işi sahə mütəxəssisləri görür. Məsələn, beynəlxalq siyasət professoru bir qəzetə təhlil yazır və hər kəs üçün maraqlı olur. Amma professoru bu işə cəlb etmək üçün qəzet yaxşı qonorar verir. Bizdə isə medianın o imkanları yoxdur. 
Ona görə bu işi jurnalistlər görürlər. Yəni hansısa məşhur analitikləri danışdırır, şərhlərini alır və münasibət yazısı kimi oxucuya təqdim edir. Bu zaman təbii ki, müəllif yazısı effekti olmur. Amma şərtlərə görə, daha yüksək səviyyədə etmək də mümkün deyil”.
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə isə məsələyə bu cür münasibət bildirib: "Bu gün bizim təhlil, araşdırma janrımız arxa planda qalıb. Bəlkə, bu fikrə etiraz edənlər olacaq, amma biz təbiət etibarı ilə şair xalqıq. Azərbaycan yeganə ölkədir ki, burada demək olar ki, hamı şeir yazır. Danışanda da qafiyə tutmağa çalışırıq. Jurnalistikamızda analitik janrın arxa planda qalmasının əsas səbəbi elə budur. Digər səbəb, yazarların öz oxucu kütləsini formalaşdıra bilməməsindədir. Bu gün yazılı mətbuat tənəzzül dövrünü yaşayır. Hamı elektron mediada xəbər axtarır, analiz yox. Buna görə də analitik yazıların sayı çox məhduddur. Analitik jurnalistikamızın vəziyyətinin pis olmasının əsas səbəblərindən biri də maliyyə azlığıdır.
 Bir jurnalist araşdırma yazmaq üçün bəzən bir neçə ay yazı üzərində işləməli olur. Amma onu bir redaksiyaya təqdim edəndə dəyərindən dəfələrlə aşağı qonorar təklif edilir. Jurnalist də həvəsdən düşür. Həmişə deyirik ki, kəmiyyət yox, keyfiyyət önəmlidir, amma bazar qanunları başqa şey tələb edir. Mənim 300 dəfə oxunan yazıma heç bir redaksiya qonorar verməz. Bu gün təəssüf, hamımız reytinq arxasınca qaçırıq. Digər problemlərdən biri də analitik yazıların jurnalistlər tərəfindən yazılmasındadır. Elə jurnalist var ki, xəritədə Misirin yerini göstərə bilmir. O, Misirdəki hadisələri necə təhlil edə bilər?! Türkiyə mətbuatına baxsaq görərik ki, orada belə ciddi yazıları Türkiyənin keçmiş xarici işlər naziri səviyyəsində adamlar yazır. Ona görə də yazı oxunur. 
Mən əminəm ki, bizdə də bu təcrübə olsa, təhlil yazılar oxunar. Biz bütün yükü jurnalistin çiyinlərinə atırıq. Yaxşı material istəyiriksə, peşəkar qrup yaratmalıyıq. Biz səfirləri, nazirləri və s. insanları mətbuata cəlb etməliyik”.
İsmayıl