İKT mütəxəssisi: "Şarj"da telefonla oynamaq partlayışa səbəb ola bilər

100 faizə çatdıqda cihazı enerji mənbəyindən çıxarmaq vacibdir

7 yaşlı Lorenzo Lopes elə yataqdaca axşam telefonunu elektrik enerjisi ilə doldurarkən, cərəyan vurmasından az qala öləcəkdi. ABŞ-nin Kanzas ştatının Viçita şəhərində yaşayan uşaq sakin boynuna taxdığı boyunbağı uzatma kabeli ilə "şarj" cihazının arasında qaldığını deyir.Dəhşətlisi odur ki, onu elektrik cərəyanı vurub və yalnız möcüzə nəticəsində boynundan boyunbağını qoparmağı bacarıb. Lorenzo xatırlayır ki, o anda heç nəyi düşünməyib. Həkimlər sonradan təsdiqlədilər ki, oğlan zinət əşyalarından qurtulmasaydı, ölə bilərdi.

Xəstəxanaya yerləşdirilən Lorenzoya başından və ayaqlarından dəri transplantasiyası etdirməli olublar. Xeyirxah insanlar ianələr vasitəsilə xəstənin anasına müalicə xərclərini ödəməyə kömək ediblər. İndi o, bütün valideynləri ayıq olmağa və uşaqlarının yataqda telefonlarını doldurmasına icazə verməməyə çağırır.

Mövzu ilə bağlı Sherg.az-a danışan İKT üzrə mütəxəssis Elvin Abbasov “Şərq”ə bildirib ki, telefonların partlaması və batareya problemləri bir çox səbəblə bağlıdır və bu, həm texniki, həm də təhlükəsizlik aspektini əhatə edir. Onun sözlərinə görə, ən başlıca səbəblərdən biri batareyanın dolma səviyyəsidir:

“Batareya 100 faizə çatdıqda cihazı enerji mənbəyindən çıxarmaq vacibdir. Lakin bir çox istifadəçi telefonu enerji mənbəyinə qoşulu vəziyyətdə istifadə edir və hətta gecə boyu "şarj"da saxlayır. Bu zaman batareya öz maksimal enerji tutumundan artıq enerji yığmağa çalışır ki, bu da onun şişməsinə, aşırı istilənməsinə və nəticədə partlamasına səbəb ola bilər. Batareyanın təhlükəsizliyinə təsir edən digər amillər də var. Bunlardan biri orijinal olmayan və keyfiyyətsiz şarj cihazları və kabellərdir. Bu cür aksesuarlar enerji axınını düzgün tənzimləyə bilmədiyi üçün batareyanın zədələnməsinə, istilənməsinə və potensial partlamaya səbəb olur. Həmçinin, batareya və enerji mənbəyi ilə metal əşyaların təması qısaqapanmaya gətirib çıxara bilər, telefon işləyərkən "şarj" edilməsi isə batareyanın daha çox istilənməsinə səbəb olur”.

Ekspert tövsiyə edir ki, telefon şarj" edilərkən mümkün qədər istifadə etməmək, hətta gecə "şarj" edərkən cihazı söndürmək lazımdır:

“Həmişə orijinal və sertifikatlı "şarj" cihazlarından istifadə etmək və batareya şişməsi və ya telefonun çox isindiyi hallarda dərhal "şarj"ı dayandırmaq vacibdir.Uşaqların "şarj" olunan cihazlarla nəzarətsiz oynamasına isə icazə vermək olmaz. Bu sadə tədbirlər telefonların batareya problemlərinin qarşısını alır, istifadəçilərin təhlükəsizliyini təmin edir və potensial partlama riskini əhəmiyyətli dərəcədə azaldır”.Şəymən