Məhərrəm Zülfüqarlı: “Bu adamlar Azərbaycanı heç vaxt müstəqil görmək istəməyib”
Dilavər Əzimli: “Dünyasını dəyişən insanların qiyməti o dünyada veriləcək”
Fəxri Xiyabandakı bolşevik məzarları ilə bağlı məsələ yenidən gündəmə gəlib. Daha doğrusu, problemin hələ də öz həllini tapmaması artıq ölkə ictimaiyyətində qıcıq doğurmağa başlayıb. Zaman-zaman bu barədə danışılıb, müxtəlif fikirlər irəli sürülüb, təkliflər səslənib. Lakin məzarlar da, onlardan bəzilərinin üzərindəki Azərbaycan Xalq Cümhuriyyəti qurucularına qarşı təhqiramiz ifadələr də öz yerində qalır.
Hazırda Fəxri Xiyabanda Mirbəşir Qasımov, Əli Bayramov, Qasım İsmayılov, Həşim Əliyev, Mirfəttah Musayev və s. kimi bolşeviklərin məzarı qalmaqdadır. Qəbirlərdən bəzisinin başdaşında "Müsavat cəlladları tərəfindən qətlə yetirilmişdir” kimi yazılar var. Bu yazılar ictimaiyyət üzvlərini və sadə vətəndaşların çox ciddi narazılığına səbəb olsa da deyəsən, səlahiyyətli qurumları narahat etmir.
Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının dediyinə görə, həmin məzarların sahibləri Azərbaycanı müstəqil dövlət kimi görmək istəməyən şəxslər olublar. Ona görə də bolşeviklərin məzarının Fəxri Xiyabandan köçürülməsinin daha məqsədəuyğun olduğunu deyib:
"Həmin şəxslər bolşevik ideologiyasına xidmət ediblər və onların "fəaliyyəti” nəticəsində Xalq Cümhuriyyəti süquta uğrayıb. Bu gün onların məzarlarının Fəxri Xiyabanda olması haqqında onu deyə bilərəm ki, ümumiyyətlə, həm məzar daşlarının, həm də Bakıda hələ də qalan bolşeviklərə məxsus heykəllərin yanında xüsusi lövhənin quraşdırılması lazımdır. Bu lövhələrdə o adamların bütün əməlləri öz əksini tapmalıdır ki, müasir nəsil onların kimliyini bilsin. Bu adamlar Azərbaycanı heç vaxt müstəqil görmək istəməyib. Bolşeviklərin məzar daşları ovaxtkı bolşevik ideologiyasına əsasən yazılıb. Bu da, əlbəttə, müstəqil bir dövlətdə yaxşı qarşılana bilməz. Amma məzarların yanına lövhələr vurulsa, onların həqiqi kimliyi hər kəsə məlum olar. Lövhə mütləq vurulmalıdır ki, müasir nəsildə yaranan çaşqınlıq aradan qaldırılsın”.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarixçi-alim Dilavər Əzimli də "Şərq”ə açıqlamasında bolşeviklərin məzarlarının Fəxri Xiyabandan köçürülməsinin tərəfdarı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanın dövlətçiliyinə zidd mövqedə dayanan insanların Azərbaycanın fəxri olan insanlarla bir məzarlıqda uyuması yolverilməzdir:
"Adından da göründüyü kimi, Fəxri Xiyabanda o şəxslər dəfn olunmalıdır ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış olsunlar. Azərbaycanın milli maraqları naminə mübarizə aparan insanlarla Azərbaycan dövlətçiliyinə xələl gətirən, Azərbaycan xalqının başına min oyun gətirən insanların bir məkanda uyuması xoşagəlməz haldır. Həmin məzarlar mütləq şəkildə sökülməli və o lövhədəki yazılar silinməlidir. Bu məsələ kifayət qədər ciddidir və təxirə salınmadan öz həllini tapmalıdır. Bolşeviklərin adına olan küçələr, abidələr hələ də qalıb. Bələdiyyələr, icra orqanları bu problemə diqqət ayırmalıdır”.
Ümumilikdə isə Dilavər Əzimli inanclı bir şəxs olaraq Fəxri Xiyaban anlayışını qəbul etmədiyini deyib. Onun sözlərinə görə, dünyasını dəyişən insanlar arasında ayrıseçkilik olmamalıdır:
"İslamda belə bir hal yoxdur. Dünyasını dəyişən insanların qiyməti o dünyada veriləcək. Fəxrlə dəfn etdiyimiz insanların aqibəti əməllərindən və xidmətlərindən asılı olacaq. Hər kəs öz xidmətinə uyğun dəyər görür və tarixdə də o adla yaşayır. Bu mənada qəbiristanlığı hasara alıb, adını da Fəxri Xiyaban qoymaqla birini digərindən üstün tutmaq doğru deyil. Amma əgər artıq belə bir hal varsa, digər yanlışlıqlar aradan qaldırılmalıdır”.
Şəymən