Məzarlıqlar barədə Nazirlər Kabineti xüsusi qərar qəbul edəcək.
APA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Nazirlər Kabinetinin qərar layihəsi hazırdır: "Onun üzərində mütəxəssislər geniş iş aparıblar. Yeni qaydalar keçmiş qəbiristanlıqlara şamil edilməyəcək, yalnız bundan sonra salınacaq məzarlıqlara aid ediləcək. Yeni qaydalara əsasən, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələr və s. yaradılmasına icazə verilməyəcək”.
M.Qurbanlı vurğulayıb ki, bu qaydalar məzarlıqlarda bütövlükdə vəziyyətin nizamlaması məqsədi daşıyır.
Artıq bir neçə ildir ki, məzarlıqlarla bağlı yeni qaydaların, standartların qəbul olunacağına dair məlumatlar verilir. Amma nədənsə, Nazirlər Kabineti qaydaların təsdiqlənməsini həyata keçirə bilmir. Bu müəmmaya cavab tapmaq da çətindir. Qəbiristanlıqlarla bağlı qərar qəbul etmək beləmi çətindir yəni? Nədir qərarın qəbulunu bu qədər gecikdirən?
"Elə məzarlar düzəldirlər ki, içinə gir, yaşa...”
Yazıçı-dramaturq Seyran Səxavət gecikməni işin çox çətin olması ilə izah etdi. "Şərq”ə danışan ziyalı bildirdi ki, dəfn, məzarlıq məsələləri xalqımızın təfəkkürü, dünyagörüşü və həm də adət-ənənə ilə bağlı olduğundan rəsmi qurumlara da qərar vermək çətindir:
- Məzarlıqlarla bağlı yeni qaydaları mən lap başdan dəstəkləmişəm. Qaydalar qəbul olunsa, çox yaxşı olar. Amma qəbul olunsa da!.. Bu məsələ də, belə görünür ki, daşa dirənib. Çünki qəbiristanlıq hamının həssas yeridir. Birinin dədəsi rəhmətə gedəndə, borc-xərcə düşsə də, çalışır dədəsinə gözəgəlimli baş daşı, sinə daşı düzəltdirsin. Qəbiristanlıqlarda daha nələr yoxdu e?! Elə məzarlar tikirlər, içinə gir, yaşa. Az qala fironların piramidasına oxşayır. Qabaqlar qəbiristanlıqlarda tək-tük seçilən qəbirlər olardı. Məşhur bir seyid rəhmətə gedəndə, üstündə bir çardaq tikirdilər ki, digər qəbirlərdən bir az fərqlənsin. Bizim kənd qəbiristanlığında bircə fərqlənən məzar vardı, o da Əsgərxan bəyin məzarı idi. Onlar məşhur nəsil idilər. Əsgərxan bəy Çar Rusiyası vaxtında pristav olmuşdu. Bir "qruzovoy” medalı vardı. Onun məzarı ətrafına dəmirdən hasar çəkmişdilər. Böyük də deyildi, 3-4 metrlik bir hasar idi. Camaat çəkmişdi o hasarı, guya ki, çörək verən olub və sairə... Ondan savayı kənd qəbiristanlığında hündür, dəbdəbəli bir məzar görməmişdim. Kimisə azca fərqləndirə bilərdilər, amma indiki təntənə yoxuydu. Bu adamlar başa düşmək istəmir ki, bu dünyadakı təntənənin o dünyaya heç bir dəxli yoxdu. Müsəlmançılıqda qəbir zaman keçdikcə itməlidir. Bunu gərək bizim camaat özü dərk etsin. Dərk etsin ki, dəbdəbəli qəbirüstü abidə düzəltməyin ölüyə heç bir köməyi yoxdur. Dirilər üçünsə, əzabdır, yersiz xərcdir, borcdur, havaya sovrulan pullardır və bu lazımsız adətdən imtina etsin. Qərarla, qanunla nəyinsə qarşısını almaq, çox çətin olacaq. Xüsusən, söhbət qəbiristanlıqlardan gedirsə. Bir ara "qızışdılar”, dedilər, yas mərasimləri ləğv olunur. Amma olmadı. Mənə elə gəlir ki, məzarlıqları ölçüyə salmağı da bacarmayacaqlar. Əgər edə bilsələr, çox yaxşı olar. Allah eləsin, bacarsınlar. Onsuz da bu dünyada fərq qoya-qoya gedirik. Heç olmasa ölüyə fərq qoymayaq. Bəs keçmişdəki qəbirlər necə olacaq? Keçmişdəkilər "amnistiyaya” düşürsə, bu da narazılıq yaradacaq. Biri deyəcək ki, nədi, mənim dədəm, onun dədəsindən az hörmətli kişidi?! Biri də deyəcək ki, "kaş dədəm, 2 ay əvvəl öləydi, qərar ona aid olmayaydı”. Belə işlər var. Ona görə də deyirəm ki, bu, çox çətin işdir. Öhdəsindən gəlmək çox çətindir.
"İnsan yaradıldığı torpağa qovuşmalıdır”
Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi, "Məşədi Dadaş” məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli müvafiq qanunun qəbulunun müsbət addım olacağından əmindir:
- Məzarlar üzərində abidə qoymaq, sərdabə tikdirmək, qəbirlərin bahalı daşlarla, mərmərlə bəzədilməsi islam dininə ziddir. Dinimiz hər cür israfçılığı, dəbdəbəni qadağan edir. Müsəlman rəhmətə getmiş birisi üçün savab bir əməl icra etmək istəyirsə, bunun müxtəlif yolları var. Yoxsula əl tutmaq, yetimi sevindirmək, ehtiyacı olanın ehtiyacını ödəmək, xeyirxah iş görmək və s. Vəfat etmiş insan üçün qəbirüstü abidə qoymaq, bahalı daşlardan sinə daşı, baş daşı düzəltdirməyin heç bir savabı yoxdur. Bu, həm dinimizə ziddir, həm də məntiqə. Belə hallar getdikcə insanlar arasında pis, zərərli rəqabətə çevrilir. Bundan da bəzi işbazlar faydalanır. Qafqaz Müsəlmanları İdarəsi də dəfələrlə vurğulayıb ki, bahalı qəbirlər düzəltmək islam dininin qaydalarına ziddir. Biz bir çox müsəlman ölkələrində səfərlərdə olmuşuq. Türkiyədə, İranda, İraqda... Heç bir ölkədə bizdə olduğu kimi dəbdəbəli qəbiristanlıqlar yoxdur. Zənnimcə, dəbdəbəli qəbirdaşları sovet dönəmində formalaşmağa başlayıb. Çünki qəbiristanlıqlarda köhnə qəbirləri də görürük. Sadə, yığcam formalı qəbirlərdir və əksəriyyəti torpağa qarışıb itmək üzrədir. İnsanın məzarı üstündə hansı böyüklükdə başdaşı, yaxud abidə tikilir-tikilsin, bəşər övladı yaradıldığı torpağa qovuşmağa məhkumdur. Torpaqdan yaranıb torpağa gedirik. Təəssüf ki, bəzi insanlar bunu anlamır, qəbir üstündə abidə tikməklə elə bilirlər, doğmaları, əzizləri üçün xeyir əməl edirlər. Əslində isə onlar dinimizin qaydalarını pozur və bununla da məkruh işlər görmüş olurlar.
H.Ş.Həsənli vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmasını da vacib sayır:
- Qanun çərçivəsində qadağalar tətbiq etməklə yanaşı, insanlara qanunun mahiyyəti, faydaları da anladılmalıdır. İnsanlara doğrunun hansı olduğunu başa salmaq lazımdır. İsrar etmək, əbəs yerə rəqabət aparmaq, lüzumsuz mübahisələrə ehtiyac yoxdur. Müsəlman olan kəs dinimizin vacib əməllərini daha yaxşı, daha ləyaqətlə yerinə yetirməkdə bir-birilə bəhsə girməlidir. Əsassız məsələlərdə bəhsə girmək müsəlmana yaraşmayan xüsusiyyətdir.
Məlahət Rzayeva