4 günlük müharibə...

Dini liderlər münaqişənin həllində rol oynaya bilməzlər



Qarabağ münaqişəsinin nizamlanmasında din xadimlərinin rolu, ruhanilərin sülhün əldə olunmasına dəstək verməsi mövzusu zaman-zaman gündəmə gəlib. Cəbhədə yaşanan dörd günlük müharibədən sonra bu məsələ yenidən aktuallaşıb.

Xatırladaq ki, ötən dövrdə Azərbaycan və Ermənistan dini liderləri arasında bir neçə dəfə görüşlər keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə erməni katolikosu II Qaregin arasında keçirilən görüşlərdə sülhün əldə olunması imkanları ilə yanaşı, əsirlərin dəyişdirilməsi, cəsədlərin qaytarılması kimi məsələlər müntəzəm olaraq gündəmə gətirilib. Çox zaman dini rəhbərlər arasındakı təmaslar "xalq diplomatiyası”nın mühüm elementi kimi dəyərləndirilir. Hesab olunur ki, öz ölkələrində nüfuz sahibi olan ruhani liderlər münaqişə halındakı xalqlar arasında barışığın əldə olunmasına böyük töhfələr verə bilərlər. Məlumat üçün bildirək ki, ötən müddət ərzində Rusiya patriarxı Kirillin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dini liderlərinin Moskvada görüşü baş tutub. Daha sonra Bakıda dini liderlərin toplantısında Ermənistan katolikosu iştirak edib. Dini liderlərin görüşlərinin sülh prosesinə hər hansı təsiri hiss olunmasa da, bu görüşlərin effektivliyinə inananlar var. Lakin ölkə ictimaiyyətinin əksəriyyəti bunun tamamilə əksini düşünür. Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, dini liderlər münaqişənin sülh yolu ilə həll edilməsində əsaslı rol oynaya bilməzlər. Çünki Dağlıq Qarabağ problemi artıq qloballaşıb: "Münaqişə başqa dövlətlərin maraq dairəsinə daxil olub. Heç indiki halda Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa görüşü belə mövcud status-kvonun dəyişdirilməsinə təsir göstərmir. Ona görə ki, bizimlə yanaşı, Qarabağ məsələsi eyni zamanda Fransanın, Rusiyanın, ABŞ-ın problemidir. Bunlar da topu bizə ötürürlər və deyirlər ki, iki dövlət öz aralarında danışıb razılığa gəlsinlər. Amma məsələ burasındadır ki, biz özümüz razılığa gəlsək belə, əgər Rusiya istəməsə, Ermənistan heç bir layihəyə dəstək verə bilməz. Ona görə də düşünmürəm ki, din xadimləri münaqişənin həllində əhəmiyyətli rol oynaya bilər. Ruhanilərin görüşü nəyi dəyişəcək ki?”. Deputatın fikrincə, dini liderlər sadəcə müəyyən epizodlarda rol oynaya bilərlər: "Məsələn, meyitlərin dəyişdirilməsi, əsirlərin dəyişdirilməsi, müəyyən dərəcədə aqressiyanın azaldılması və s. kimi məsələlərdə nəsə edə bilərlər. Amma faktiki olaraq müharibənin əsas ilhamverici qüvvəsi II Qaregin və erməni kilsəsidir. Erməniləri bu vəhşətə, quduz xəstəliyinə həmin kilsə yoluxdurub. Onların nə vaxtsa öz siyasətlərindən əl çəkəcəklərinə isə inanmıram. Bu məsələlərə sadəlövh yanaşmamalıyıq. Əsas rol Azərbaycanın Ordusunun üzərinə düşür. Biz ordumuzu gücləndirməklə problemin həllinə nail ola bilərik”.

İsmayıl