Fərrux Məmmədov: “Buna regionda yeni güc balansının yoxlanılması kimi baxmaq olar”
"ABŞ və Avropa Cənubi Qafqaz regionunda sabitliyin tərəfdarıdır. Çünki demokratik proseslerin başlanğıcı stabillikdən keçir”. Bunu NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov "Şərq”ə açıqlmasında deyib. Politoloq bildirib ki, sovet imperiyası dağılarkən bir neçə donmuş münaqişə ocağı yaradıb:
"Bu münaqişə ocaqları yaxın gələcəkdə həmin coğrafiyada Rusiyanın varlığını sürdürməsi və hökmranlıq etməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qərb öz müttəfiqləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır. "Dörd günlük” müharibə əslində Qərbin də müəyyən formada izni ilə baş verdi. Buna regionda yeni güc balansının yoxlanılması kimi baxmaq olar. Əslində bu, Rusiyaya mesaj idi. Azərbaycanda yeni və müasir Qərb silahlarının olduğunu göstərən bir savaş idi. Halbuki, Rusiya bu ölkələrə sadəcə özünün silah satdığını düşünürdü. Rusiya rəsmilərinin "4 günlük” müharibədən sonra atəşkəs üçün Azərbaycana gəlməsi də Kremlin narahatlığını ifadə edirdi. Moskva bildi ki, Amerika İsrail üzərindən Azərbaycana yeni silahlar verir. Bu ona işarədir ki, ABŞ üçün ölkəmizin strateji əhəmiyyəti digər region ölkələrindən daha önəmlidir. Çünki Qərbin əsas qlobal siyasi və iqtisadi layihələri məhz Cənubi Qafqazda formalaşır. Amma bu regionda dünya üçün təhlükəli hesab edilən Rusiya və İrandır. Bu iki ölkənin varlığı dünya üçün olduqca təhlükəlidir. İran radikal islamın dəstəkçisidir, Rusiya isə dünyada separatizmi dəstəkləyən dövlətdir”. Ekspert bildirib ki, Rusiyanın təqdim etdiyi "sülh” layihəsi tamamilə regionun işğalı deməkdir: "Şübhəsiz ki, Azərbaycan bu layihəni qəbul etməyəcək. Çünki Moskvadan gələn təklif Dağlıq Qarabağın "de-yure” tanınması deməkdir. Ona görə də Qərb və Avropa Rusiyanın planlarını dəstəkləmir. BMT isə ümumən bu layihə haqda məlumatlı deyil. ATƏT-in Minsk Qrupunun da "Lavrov planları” ilə bağlı fikirləri müsbət deyil. Bu da onu göstərir ki, Kremlin layihələri sadəcə Rusiya maraqlarına xidmət edir”.
İsmayıl