“Uşağın valideynləri Məhkəmə Tibbi Ekspertizasına müraciət etməli və meyit üzərində ölüm səbəbləri araşdırılmalıdır”
4 xəstəxana gəzdi, sonda can verdi
5 yaşlı uşağın ölümü ilə bağlı həkimlər məsuliyyəti üzərlərindən atır
“Uşağın valideynləri Məhkəmə Tibbi Ekspertizasına müraciət etməli və meyit üzərində ölüm səbəbləri araşdırılmalıdır”
“Uşağın valideynləri Məhkəmə Tibbi Ekspertizasına müraciət etməli və meyit üzərində ölüm səbəbləri araşdırılmalıdır”
Səhiyyəmizin ana xəttini təşkil edən səhlənkarlıq daha bir körpəyə həyatı bahasına başa gəlib. Həkimlərin səriştəsizliyi səbəbindən dünyasını dəyişən 5 yaşlı Ömər Fətəliyevin atası Famil Fətəliyev həkimlərin uşağın ölüm səbəbi və xəstəliyi barədə onlara hələ də heç bir məlumat vermədiyini deyib. F.Fətəliyevin sözlərinə görə, Ömər ötən həftənin cümə axşamı bağçadan qayıdandan sonra evdə makaron yeyib. Bir müddət sonra isə uşaq qusub: "Hövsanda 16 saylı poliklinikaya apardıq. Hərarəti var idi, iynə vurdular və hər şeyin normal olduğunu dedilər. Amma şənbə günündən başlayaraq, nə yeyirdisə, qaytarırdı. Təcili yardımla Əmircanda uşaq xəstəxanasına apardıq, zondla uşağın mədəsini yudular. Bir saat orda qaldı. Sonra uşağı 1 saylı Şəhər Kliniki Xəstəxanasına göndərdilər.
Ora çatanda çox halsız idi. Uşağı rentgen, USM etdilər. Amma heç bir problem görmədiklərini dedilər. Daha sonra A.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına aparmağı məsləhət gördülər. Orada uşaq komaya düşdü, mədəsində qan laxtası olduğunu dedilər. Həkimlərin sözlərinə görə, qanaxmanı dayandırdılar. Bir sutka orada qaldı. Amma biz başqa xəstəxana da axtardıq. Müalicə üçün daha fərqli aparata ehtiyac olduğunu demişdilər. Əvvəlcə Mərkəzi Kliniki Xəstəxana ilə əlaqə saxladıq. Uşağı aparmaq üçün pul ödəməli olduğumuzu dedilər. Xəstəxananın reanimasiya şöbəsinin müvəqqəti işləmədiyini, ancaq palataya yerləşdirə
biləcəklərini dedilər. Uşaq komada idi, adi palatada qala bilməzdi. Ona görə razılaşmadıq. Sonra A.Qarayev adına xəstəxanadan məsləhət gördülər ki, yaxınlıqdakı Tibb Universitetinin xəstəxanasına köçürək. Amma bunun üçün əvvəlcə həkim müayinə edib, uşaqda reaksiya olub-olmadığını müəyyən etməli idi. Həkim baxdı, martın 7-də qərar verdi ki, həmin klinikaya köçürülsün, uşaqda reaksiya var. Bir gün orda qaldı. Uşağın təzyiqi yüksəlmişdi, rəngində dəyişiklik var idi. Amma sonradan yenə əvvəlki halına qayıtdı. Dünən günorta həkimlə danışdım, vəziyyətinin ağır olduğunu dedilər. Axşam isə uşağın öldüyünü dedilər”.
Bilmirəm pula görə edirlər, yoxsa səbəb nədir?
Atanın sözlərinə görə, bu vaxta qədər ölüm kağızı onlara təqdim edilməyib və uşağın ölüm səbəbi barədə onlara məlumat verilməyib. Uşaq xəstəxanaya qəbul olan günü 1000 manat pul ödənildiyini vurğulayan F.Fətəliyev oğlunun ölümündən sonra xəstəxanaya 750 manat borcu olduğunu öyrənib: "Ödənişlə bağlı söhbətdən bir neçə saat sonra uşaq öldü. Mənə uşağın ölüm xəbərini verən xanım 750 manatdan 350 manatı keçdiklərini, 400 manatı sabaha qədər ödəməli olduğumuzu dedi. Mənə bu, həddən artıq çox pis təsir edib. Mənim övladım dünyasını dəyişib. Bunlar məndən pul tələb edir. Həm də əgər kömək edə bilməyəcəkdilərsə, nə üçün bizə ümid vermişdilər? Bilmirəm pula görə edirlər, yoxsa səbəb nədir? Ehtimal edirik ki, mədəsinə zond salınmasına görə vəziyyət belə olub. Amma yenə də dəqiq səbəb bilmirik. Hər xəstəxanada bizə bir söz dedilər. Vərəm, pnevmoniya, damarın əzilməsi, beyinə qan sızması dedilər. Amma dəqiq heç nə bilmirik”. Qeyd edək ki, ata bu vaxta qədər uşağın mədəsi ilə bağlı heç bir problemin olmadığını deyib.
Bizim klinikaya gələndə beyin ödemi, ensefalit əlamətlər, törədicisi məlum olmayan pnevmoniya olub
5 yaşlı Ö.Fətəliyevin ölümü ilə bağlı ailənin iddialarına cavab verən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev deyib ki, Ömər Fətəliyev valideynlərinin israrlı təkidi ilə klinikaya yerləşdirilib: "Onlar uşağın yaşamasının 1 faiz şansı olsa belə, klinikaya qəbul etməyimizi istəyiblər. Bizim klinikanın həkim-reanimatoloqu da A.Qarayev adına 2 saylı Uşaq Xəstəxanasında uşağa baxıb və yaşama şansının çox aşağı olduğunu deyib”.
Klinikaya yerləşdiriləndə artıq uşağın komada olduğunu, işığa, ağrı-qıcığına reaksiyası olmadığını vurğulayan direktorun sözlərinə görə, Ömərin fizioloji reaksiyası sönüb, zondla yedizdirilib, temperaturu 40 dərəcə olub: "Həkim bir daha valideynlərinə xəbərdarlıq edib, lakin ailənin təkidi ilə uşaq martın 7-də klinikamıza saat 19:36-da köçürülüb. İntensiv müalicə başlasa da, valideynlərinə vəziyyətinin kəskin olduğu barədə məlumat verilib. Martın 9-da axşam saat 19:16-da qəflətən ölüm baş verib. Çünki qan təzyiqini normal saxlamaq üçün dopamin deyilən dərman vurularkən qəfildən təzyiq düşüb və uşaq ölüb. A.Qarayev adına uşaq xəstəxanasında olarkən uşağın mədəsində qan laxtası olduğu müəyyən edilib. Həmin qan analiz edilib. Mikroskopik müayinədən sadəcə qan görünüb, başqa heç nə aşkarlanmayıb. Mədədə qanama olduğu bildirilib. Bizim klinikaya gələndə beyin ödemi, ensefalit əlamətlər, törədicisi məlum olmayan pnevmoniya olub. Uşaq bizə daxil olanda artıq sepsis olmuşdu. Bununla yanaşı, kalsium mübadiləsi pozulmuşdu, qaraciyər həddən artıq böyümüşdü. Belə halların nəticəsi olaraq uşaq dünyasını dəyişib. O, klinikamızda qaldığı iki gün müddətində 24 saat həkim nəzarətində olub. Bu vaxta qədər klinikamızda 20-25 belə uşaq müalicə olunub, tam sağalıb. Ö.Fətəliyevin ölüm səbəbi beyin ödemi, ensefalit, septik vəziyyətin ağırlaşmasıdır. Bildiyiniz kimi, uşaq bizim klinikaya gətirilənə qədər 4 xəstəxanada olub”.
Zond mədədə qıvrıla bilər, lakin mədəni deşməsi mümkün deyil
Bu cür ağır xəstəliklərin birdən-birə baş verməsinin nə qədər real olduğuna gəlincə, S.Musayev uşaq barədə əvvəldən məlumatlı olmadıqlarından konkret fikir irəli sürə bilmədiklərini deyib: "Uşaqda bu vəziyyətin nə vaxtdan formalaşdığını deyə bilmirik. Belə hallar tədricən olur, bəzən valideynlər diqqət etmirlər. Xəstəliklərə adi yanaşılır, sonra belə bir vəziyyət yaranır. Lakin bu halların yaranması səbəbi, xəstəliyin nə vaxtdan yarandığını araşdırmaq üçün də vaxtımız olmadı. İki gün ərzində əsas məqsəd uşağı həmin vəziyyətdən çıxarmaq olub”.
Mədədəki qan laxtasının mədəyə zond yeridilməsi zamanı baş verməsi iddiasına gəldikdə, baş həkim bununla razılaşmayıb: "Həmin zondlar mədəni zədələyəcək qədər sərt olmur. Zond mədədə qıvrıla bilər, lakin mədəni deşməsi mümkün deyil”.
Uşağın ölüm xəbəri verilərkən klinikada 400 manat ödəniş tələbinə gəldikdə, S.Musayev bildirib ki, xəstəxanadan çıxan hər kəsdən klinikaya qalan borcu və klinikanın ona olan borcu barədə məlumat verilməsi tələb edilir: "Nazirlər Kabinetinin qərarı ilə klinikamız təsərrüfat hesablıdır. Ölüm və ya sağalma ilə klinikadan ayrılmasından asılı olmayaraq, xəstəyə faktura kəsilir. Onlara da klinikadan ayrılanda 409 manat borclarının olduğunu deyiblər. Borca görə uşağı verməsək, bu qəbahət olardı. Lakin ölüm faktı olanda borcu olsa belə, xəstəxanadan çıxmasına mane olmuruq. Famil Fətəliyevə də borcu barədə məlumat verilib”.
Tibb elmləri doktoru, ekspert Adil Qeybullanın sözlərinə görə, 5 yaşlı uşağın həkimlər tərəfindən öldürüldüyünü iddia etmək birbaşa ittiham xarakterli olduğu üçün mümkün qədər bu ifadədən qaçılmalıdır: "Öldürmək əvvəlcədən hazırlanmış qəsd anlamına gəlir. Xəstənin həkim səhlənkarlığından, səhv diaqnoz qoyması ucbatından ölməsi ilə bir insanın öldürülməsi arasında çox böyük fərq var.
Konkret hadisənin mahiyyətinə gəldikdə isə ekspert məsələnin çox ciddi şəkildə araşdırılmasını vurğulayıb: "Ev şəraitində, xəstəxanada dünyasını dəyişən, yaxud xəstəliyi dəqiqləşdirilməyən bütün ölüm halları Məhkəmə Tibbi Ekspertizasının subyektləridir. Bu cür hallar mütləq təşxis
olunmalı, autopsiyadan sonra diaqnoz qoyulmalı və həmin diaqnoz əsasında qərar çıxarılmalıdır. Məsələn, Ebola virusu və ondan əvvəlki respirator xəstəliklərinin bəziləri ilkin olaraq xeyli insan tələfatına səbəb olandan sonra xəstələrə onun diaqnozu qoyuldu ki, insanlar arasında belə bir virus yayılıb. Hansı ki, bütün bunlar dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxildir. Hesab edirəm ki, uşağın valideynləri Məhkəmə Tibbi Ekspertizasına müraciət etməli və meyit üzərində ölüm səbəbləri araşdırılmalıdır. Əgər əlimizdə dəqiqləşdirilmiş diaqnoz olsa, biz daha əsaslı fikir yürüdə bilər, məsələyə daha obyektiv qiymət verə bilərdik. Xəstənin xəstəxana şəraitində dünyasını dəyişməsi dünyanın hər yerində var. Amma burada səhlənkarlıq, qeyri-peşəkarlıq faktının, ümumiyyətlə, ölümün bu məsələlərlə əlaqəsinin olub-olmaması araşdırılmalıdır. Çox təəssüflər ki, bizim insan Məhkəmə Tibbi Ekspertiza məsələsinə bir o qədər də əhəmiyyət vermirik. Hadisənin konkret səbəbləri öyrənilməyəndə isə ortaya birtərəfli ittihamlar çıxır. Digər tərəfdən həkimlər də onlarlıq bir şey olmadığını iddia edir və beləcə ölümün səbəbləri müəmmalı olaraq qalır”.
Azərbaycanda icbari tibbi sığorta olmadığı üçün bütün yük vətəndaşların çiyinlərinə düşür
Zond udma zamanı xəstənin mədəsinin deşilmə ehtimalının çox az olduğunu deyən Adil Qeybullaya görə, fibroendoskoplar mədəni deşmir: "Ezofaqoqastroduodenoskopiya, yəni həcm endoskopik müayinə zamanı ancaq endoskopost təcrübəsiz olarsa, müəyyən zədələnmələr olar. Amma bir şeyi nəzərə alaq ki, endoskopiya video görüntülərlə təmin olunur. Hər bir endoskopist endospik alətlərin yeridilməsi zamanı önünü görür və hava vuraraq mədəni genişləndirir və endoskopu irəli itələyir. Zondun udulması zamanı mədənin deşilməsi ancaq kobud müdaxilə zamanı ola bilər. Onu da deyim ki, Azərbaycanın son endoskopiya tarixində bu cür halla rastlaşmamışam. İndiki fibroendoskopiyalar isə bərk deyil, onlar əyildiyi üçün mədənin deşilmə təhlükəsi çox aşağıdır”.
Xəstəxana əməkdaşlarının elə həmin andaca dünyasını dəyişən uşağın atasından qalıq borcu tələb etməsinə gəldikdə isə ekspert deyib ki, sözügedən Klinika özəl müəssisədirsə, xəstənin ailəsindən ödənişin sona qədər ödənməsini tələb etmək realdır: "Özəl sektora müraciət edən şəxs birmənalı olaraq, xəstəxananın tibbi xərclərini qarşılamalıdır. Vətəndaşların dövlət xəstəxanalarında pulsuz müayinə olunmaq hüququ var. Əgər onların əlində icbari tibbi sığorta olsaydı, həmin ailənin pul qayğısı da olmazdı və bütün müalicə xərcləri həmin sığorta hesabına qarşılanardı. Çox təəssüflər olsun ki, Azərbaycanda icbari tibbi sığorta olmadığı üçün bütün yük vətəndaşların çiyinlərinə düşür. Bu isə son nəticədə həkimlərlə xəstələr arasında müəyyən qarşıdurmalara gətirib çıxarır. Sözün açığı, Tədris Terapevtik Klinikasının özəl və ya dövlət əsasları ilə fəaliyyət göstərməsi, qiymətlərin necə tənzimlənməsinə dair məlumatlı deyiləm. Ancaq onu deyə bilərəm ki, sözügedən xəstəxana özəldirsə, xəstə öldükdən sonra müalicə xərclərinin onun ailəsindən tələb olunması təbiidir. Təsəvvür edin ki, ev şəraitində müalicə olunan bir xəstənin yaxınları aptekdən dərman almağa gedir və qayıdanda xəstənin artıq dünyasını dəyişdiyini görür. Həmin adam artıq aldığı dərmanları da götürüb, aptekə qaytara bilməz ki, mənim xəstəm ölüb, bu dərmanların pulunu geri ver. Həmçinin də xəstəxana şəraitində vəfat edən birinin yaxınları müalicə xərcini ödəmədən oranı tərk edə bilməz. Ən azından həmin uşaq keçinənə qədər həkimlər tərəfindən müvafiq tədbir görülüb və onların hər birinin də qiyməti var”.
Şəymən