Azad İstehlakçılar Birliyi problemlə bağlı dövlət orqanlarına məktublar hazırlayır
Son günlər hədiyyə və gül mağazalarında canlanma yaşanır. Parfümeriya mağazalarının vitrinləri endirim kampaniyalarını əks etdirən reklamlarla bəzədilib. Lakin 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar fevral ayından etibarən qiymətlərdə artım müşahidə olunur. Əvvəllər qızılgülün bir ədədi 3 manatdan satılırdısa, artıq o qiymətə gül tapmaq müşkül məsələyə çevrilib. Normalda 3 manata satılan güllər artıq 6-7 manata başa gəlir.
Vətəndaşların demək olar ki, əksəriyyəti bu vəziyyətdən narazılığını bildirirlər. Qiymət artımını azad bazarla əlaqələndirən satıcılar isə mövcud durumdan məmnundur desək, yəqin ki, yanılmarıq.
Qiymətlərin artması barədə fikirlərini "Şərq”lə bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bahalaşma ilə bağlı xeyli sayda əhalinin müraciət etdiyini bildirib. Birlik sədrinin sözlərinə görə, qiymət artımı normal haldır:
"Azad bazar iqtisadiyyatı deyilən bir anlayış mövcuddur. Hər bir satıcı müxtəlif məhsulu istədiyi qiymətə sata bilər. Bir sözlə, satıcıların qiyməti dövlət tərəfindən tənzimlənməyən malları azad bazarda istədikləri qiymətə satması mümkündür. Heç kəsin buna nəzarət edib qiyməti aşağı salmaq icazəsi yoxdur. Dövlət məmurlarının yarmarkalarda qiymət təyin etməsi absurd və gülünc bir şeydir. Heç kimin ixtiyarı yoxdur satıcıya desin ki, "bu malı filan qiymətə sat”. Tələb artır, tələb artan zaman da qiymət qalxır, bu, normal haldır”.
E.Hüseynov bazarda saxta malların aşkarlandığını da diqqətə çatdırıb:
"Parfümeriya bazarlarını araşdırmışıq. Brend malların saxta variantlarını satan 40-a yaxın mağaza müəyyən etmişik. Xüsusən "Sədərək” yarmarkasında yerləşən 15 və 50-ci mağazalarda saxta parfümeriya malları satılır. Hazırda bu məsələ ilə əlaqədar dövlət orqanlarına məktublar hazırlayırıq. Bazarın bütün sektorlarında bu problem var. Xüsusilə parfümeriya mallarında ciddi problemlər aşkarlanıb. Yəni, təkcə qiymətlə bağlı deyil, həm də istehsalçının keyfiyyətsiz mal satması ilə bağlı müraciətlər daxil olur. Keyfiyyətsiz məhsullar isə bir çox xəstəliklərə, xüsusilə xərçəng xəstəliyinə səbəb ola bilər. Ona görə də bu məsələ ilə ciddi məşğul oluruq”.
Yeganə Bayramova