“40 ildə yadıma gəlmir ki, yemək üstə əsəbləşsin”
Tamilla xanım: "Alim müəllimin ailə əxlaqı mənim üçün dünyanın bütün hədiyyələrindən qiymətlidi"
Alim müəllimin ailəsinə olan sevgisi, hörməti bu gün bizi tanıyan hər kəsə bəllidir. Ailəsinə qayğı göstərən bir ailə başçısıdı...
- Ən çox sevdiyi yemək hansıdı?
-Alim müəllim evdə heç vaxt yemək üstə söz-söhbət salan insan deyil. 40 ildə yadıma gəlmir ki, yemək üstə əsəbləşsin, evdə söz-söhbət salsın, yeməyə görə qaşqabaq töksün. Niyə bunu bişirmisən sözünü deməyib. O, şükr edən insandı.
- Alim müəllim həyat yoldaşı kimi sizə maraqlı, romantik bir jest edibmi?
- Alim müəllimin ailə əxlaqı mənim üçün dünyanın bütün hədiyyələrindən qiymətlidi.
- Cavan ikən xəyal qururduz yəqin. Bugünkü Alim Qasımovun uğurlarını görə bilirdiz. Nəyə görə soruşuram? Bəziləri ilk dönəmlərdə Alim müəllimin dəsti-xəttini bəyənmirdilər, qəbul etmirdilər. Amma sonralar elə onu bəyənməyənlər də Alim Qasımovun sənətini alqışlamağa başladılar.
- Sizə bir ailə sirrimizi danışım. Demək, mənim ailəm Alim müəllimlə ailə qurmağıma razı deyildilər. Mən onunla ailə quranda valideynlərim il yarım mənimlə danışmadılar. Hətta anam mənimlə danışanda məni çox qınadı. Bir hadisəni sizə danışım. Anam dedi ki, sən başqa bir həyat tərzi yaşayan ailədən çıxmısan, o insanın həyat tərzi başqadı. Kənd adamıdı, filan. Bir sözlə, mənim onunla ailə qurmağımı mənə bağışlaya bilmirdilər. Hətta məni anam da təhqir etdi. Mən də dedim ki, ana, vaxt gələcək təkcə Alimi tanıyanlar, yox, onu tanımayanlar da o insanı sevəcəklər. Onun sənəti, insanlığı çoxlarından üstün olacaq. Onu tanımayanlar belə ona hörmətlə yanaşacaqlar. Bir gün gələcək alimin adı yüksəklərdə olacaq. Bir gün gələcək Alimə həsrət aparanlar olacaq. Anam mənə güldü. İllər ötdü, mən deyənlər baş verdi. Bu gün onun sənəti yüksəklərdədi. Bu gün onun sənətinə də həsəd aparanlar var. Bu gün qohumlar ona böyük hörmətlə yanaşır, tanımadığımız insanlar ehtiramla onun adını çəkirlər. Bəli, mən bu günləri ruhumla hiss edirdim. Bu gün Alim müəllim mənim ailəmin də baş tacıdı, qohumlarımızın fəxridir.
- Ailədə incikliklər, söz-söhbələr olur. Siz bunları necə ötürmüsüz?
- Mən gənclərə də deyirəm ki, ailə müqəddəsdir. Ailənin dəyərini bilin. Ailənin başında olan insana hörmət edin ki, ona kənarda da hörmət edilsin. Şükür ki, Alim kimi ailə başçımız var.
- Bəs ata kimi necə? Alim müəllim necə atadır?
- Mükəmməl atadır. O, övladlarına qarşı qayğıkeş, diqqətli atadır. Bayaq dediniz ki, ailədə söz-söhbətiniz olub? Olurdu. Bilirsiz nə? Hər bir qadın istəyir ki, gözəl şəraiti olan evdə yaşasın, nə bilim, lazım olan məişət avadanlıqlarına sahib olsun, evində bir səliqə-səhman olsun, qonaqlarını qarşılayanda utanıb çəkinməsin. Mən bununla bağlı evdə bəzən gileylik edərdim. Deyirdim ki, evi təmir edək, evdə şərait quraq. Alim müəllim deyirdi ki, sən bu gününü düşünmə, axirətini düşün. Axirətində gözəl həyatın olsun. Bunu düşün. Bu gün başa düşürəm ki, onun dediyi həqiqətdi. Bu həyatdakı maddi hər şey müvəqqətidir. O dünyanı düşünmək lazımdı. Siz bizim evdə illər öncə qonaq olmuşduz. Hansı şəraitdə yaşadığımızı da görmüsüz (red- T.M - illər öncə Alim Qasımovun evinə qonaq getmişdim. Qapıdan içəri daxil olanda gördüyüm mənzərə məni heyrətə saldı. Çünki dünya şöhrətli Xalq artistinin evini belə təsəvvür etmirdim. Köhnə kiçik otaqlı evdə, demək olar, heç bir şərait yox idi. Qonaq otağında yerdə olan mütəkkələr və xalça-palazdan başqa nə mebelə, nə divan-kresloya rast gəldik. Bir də divarda saralmış divar kağızı, uçuq-salxaq divarlar...) O evə mən Tövlə-№ 1 deyirəm. Qayınatamın evinə də Tövlə-№ 2 deyirəm. Artıq bununla da barışmışam.
- Alim müəllimin evsiz olduğunu axı çoxları bilmir. Nə əcəb bu barədə danışmır, demir?
- Deməyib, deməz də. Alim müəllim bunu özünə yaraşdırmaz. Heç mən də istəmərəm ki, o bu barədə danışsın. Evimizdə bir çox telekanallar gəlib çəkiliş aparmaq istəyiblər. Elə siz də öz verilişinizin çəkilişi üçün müraciət etmisiz. Razı olmamışıq. İstəmirik kimsə bu şəraiti görsün. Bizim üçün bu gün evin şəraiti, maddiyyat önəmli deyil.
- Alim müəllim həmişə maddiyyatdan uzaq olub?
- Mən onu tanıyan gündən o insanı pul maraqlandırmayıb. Onun yerində başqa biri olsaydı, bəlkə evinin dirəkləri də qızıldan olardı. Amma o, maddiyatı önəmsəməyib.
Mən evdə bir şey lazım olanda, on dəfə onun adını çəkmişəm ki, filan şey lazımdı. Ya filan nəyəsə ehtiyac var. Amma onun üçün bu maraqlı olmayıb. Bura bu qədər verməliyəm. Bir etirafı da bu gün edim. Mən Alimin qazancından hər zaman oğurluq etmişəm. Mən Alimin cibindən həmişə oğurluq etmişəm. Fırıldaqla, oğurluqla evin hansısa ehtiyacını ödəmişəm. Yəni mən ona qaçdığım üçün cehizim olmayıb, o da kasıb oğlan olub deyə, heç nəyi yox idi. Ona görə də ev qurana qədər əziyyət çəkmişəm. Həmişə ondan oğurluq edib evə nəsə almışam. Ataların bir sözü var e, arvadın bir əli oğru, bir əli doğru olmalıdı. Yəni söhbət ailənin içində olan oğurluqdan gedir. Mən onun halal qazancının oğrusu olmuşam. Evimin içində yoldaşımdan oğurluq etmişəm ki, evə nə lazımdısa onu alıb, düzəldim. Yəni oğurluq edib cehizlərimi düzəltmişəm.
Tahirə