Məhkəmə Ərdoğanın istədiyini etsə belə...

“ABŞ Güləni Türkiyəyə verməyəcək”



Amerikada yaşayan dini lider Fətullah Gülənlə bağlı Ankara Baş Prokurorluğunda cinayət işi açılıb. Gülən və "paralel yapı” adlanan qruplaşmanın üzvləri Türkiyə hökumətini devirmək təşəbbüsündə ittiham olunurlar. Gülənin Türkiyəyə qaytarılması üçün hüquqi prosesin başlayacağını bildirən baş nazir Ərdoğan ABŞ-ın dini liderini deportasiya etməli olduğunu qeyd edib.

Politoloq Qabil Hüseynli deyir ki, Gülən haqqında toplanan istintaq materialları məhkəməyə getdikdən və məhkəmə konkret hökm çıxardıqdan sonra Türkiyə Fətullahı ABŞ-dan istəyə bilər. Amma bu o demək deyil ki, Ərdoğan Güləni tələb edən kimi ABŞ dərhal dini lideri Türkiyəyə verəcək: "Əvvəla onu deyim ki, Türkiyə prokurorluğunun və məhkəməsinin müstəqilliyinə ümidimi tam itirməmişəm. Baxmayaraq ki, bu strukturlar müəyyən siyasi dairələrin təsiri altındadır. Amma hər halda prokuror və hakimlər cəmiyyətin ümumi əhval-ruhiyyəsini nəzərə alacaqlar. Məsələ

burasındadır ki, indiki məqamda F.Güləni günahkar çıxarmaq o qədər də asan deyil. Ərdoğan Gülənə qarşı qaldırılmış cinayət işini istədiyi istiqamətə yönəldə bilməyəcək. Əgər yönəltsə və məhkəmədən baş nazirin istədiyi nəticə çıxsa belə, ABŞ Güləni Türkiyəyə verməyəcək. Çünki Gülənin ölkəsinə qaytarılması ABŞ-a olan beynəlxalq etimadı zədələyə bilər. Burada ilk olaraq Fətullahın yaşı nəzərə alınacaq. Gülənin "yaşıl kartı” da onun Türkiyəyə verilməsi prosesini çətinləşdirir. Eyni zamanda hamı bilir ki, Gülən ABŞ-ın siyasi dairələri ilə ciddi əlaqədə olan, birbaşa rəsmi Vaşinqtonun göstərişləri ilə oturub-duran bir adamdır. Üstəlik, ABŞ-ın Ərdoğanla haqq-hesabı hələ bitməyib. Üzdə Türkiyəni dəstəkləsə də, bu ölkədə gedən proseslərin heç də hamısı Vaşinqtonun ürəyincə deyil. Ərdoğanın özündən razı hərəkətləri ABŞ tərəfindən o qədər də xoş qarşılanmır”.

Q.Hüseynlinin sözlərinə görə, istintaq ümumi şəkildə Gülən camaatının zəiflədilməsinə xidmət etsə də, onların reytinqlərinin azalmasına təsir etməyəcək: "Türkiyə cəmiyyətinə xas olan bir xüsusiyyət var. İctimaiyyət əzilən, suçlanan insanlara əksinə daha artıq rəğbət göstərməyə başlayır. Ümumiyyətlə, Gülən və onun qrupuna qarşı aparılan repressiv əməliyyat ölkə əhalisinin böyük əksəriyyəti tərəfindən düzgün başa düşülmür. Çünki vaxtı ilə bu camaatın adamları qapı-qapı düşüb Ərdoğana səs yığıblar. İki tərəf arasında dərin işbirliyi olub. İndi birdən-birə bu kursun dəyişməsi, camaatın düşmən elan edilməsi ölkədə birmənalı qarşılanmır”.

İsmayıl