İqtisadçı: kommunal xidmətlərin ucuzlaşmağı...

Bəzi ekspertlər növbədənkənar parlament seçkilərindən sonra kommunal xidmətlərlə bağlı tarif qiymətlərinin aşağı endiriləcəyini iddia edirdilər.
Hazırda cəmiyyətdə ilin sonuna doğru işıq, qaz və su kimi başlıca kommunal xidmətlərlə bağlı müəyyən ucuzlaşmanın olacağına dair gözləntiləri var. Amma bunun əksinin ola biləcəyini, yəni bahalaşmanın növbəti dalğasının gələcəyini düşünənlər də var.
Bəs görəsən, yaxın gələcəkdə kommunal xidmətlərlə bağlı bizi hansı sürprizlər gözləyir?

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, nəyinsə ucuzlaşacağını gözləməyin heç bir məntiqi əsası yoxdur:

''Bir sözlə, bu fikirlər boş xülyadan ibarətdir. Yəni, kommunal xidmətlərin ucuzlaşmağı qəti şəkildə mümkün deyil. Çünki hazırda inflyasiya mövcuddur və işçi qüvvəsinin qiyməti də getdikcə qalxır. Ümumiyyətlə, hökümətin 30 ildə hansısa tarifi azaltdığını görmədim. Təbii ki, bu kimi məsələlər hökümətin Tarif Şurasının səlahiyyətindədir. Onlar istədiyi məhsulu mayasından baha və yaxud əksinə, ucuz da verə bilər. Xidmətlərin əhalinin üzərinə gəlməsi barədə obyektiv və şəffaf informasiya yoxdur. Yəni, onların hesabatlarının ədalətli olması haqda yetərli fakt mövcud deyil. Təbii ki, Tarif Şurası özbaşına fəaliyyət göstərmir. Həmin şura hökümətin nümayəndələrindən təşkil olunur, İqtisadiyyat Nazirliyi isə başçılıq edir. Siyasi rəhbərliyin qərarı olmadan Tarif Şurası hansısa məsələni qaldırmaq kimi cəsarət nümayiş etdirə bilməz. Ona görə də burada iqtisadi məntiqdən daha çox siyasi-sosial yanaşma var. Bu baxımdan əvvəlcədən proqnoz vermək çətindir. Amma ilin sonunadək qiymətlərdə bahalaşma gözlənilmir".