Erməni politoloq Harutyun Mkrtçyan deyib ki, biz heç vaxt müharibə ilə alınanı (işğal edilmiş əraziləri – red.) müharibəsiz geri verməyə razı olmayacaqdıq.
O bildirib ki, “Bizim” dedikdə, xalqımızın kollektiv əksəriyyətini nəzərdə tutur:
" Bu, milli qürur idi, yoxsa milli macəra? Bir gün ayrı-ayrılıqda müzakirə edəcəyik. Əvvəldən bizi müharibənin nəticəsi (Azərbaycanın ərazilərini geri alacağı – red.) o qədər də maraqlandırmırdı".
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, həqiqətən də Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi:
“Lakin Azərbaycan da itirdiyi əraziləri Ermənistanın nəzarətində buraxmayacaqdı. Nəticə etibarilə siyasi, hərbi cəhətdən güclü olan tərəf qalib gəldi və Azərbaycan öz ərazilərini geri qaytarmağa nail oldu. Həmçinin Azərbaycan Ordusu Ermənistan ordusunu biyabrçı şəkildə məğlub etdi. Bu isə real gücün hansı tərəfdə olduğunu göstərdi. Bundan sonrakı proseslər Ermənistan üçün bir qədər çətin olacaq. Çünki Ermənistanın öz hərbi potensialını bərpa etmək imkanları o qədər də geniş deyil. Hətta bərpa etməyə nail olsa belə, Azərbaycan Ordusuyla rəqabət aparacaq səviyyəyə çatdırmaq imkanları olduqca məhduddur. Ümumiyyətlə Ermənistan iqtisadiyyatının güclü ordu yaratmaq potensialı yoxdur. Bütün bunları nəzərə aldıqda Azərbaycan Ordusunun hərbi yolla dövlətim ərazi bütövlüyünü bərpa etməsi tamamilə normal prosesdir.
Ekspert bildirib ki, Azərbaycan güclü orduya malikdir və ölkənin iqtisadi resursları dövlətin hərbi təhlükəsizlik maraqlarını qorumaq üçün yetərlidir:
“Digər tərəfdən də Azərbaycan öz geosiyasi siyasətini və hərbi hədəflərini birmənalı şəkildə beynəlxalq hüquq normalarına uyğunlaşdırır. Çünki Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq hüququn normalarına uyğun idi. Ona görə də beynəlxalq səviyyədə buna qarşı hansısa hüquqi və siyasi iradların ön plana çıxarılması mümkün deyil. Azərbaycan hazırda beynəlxalq hüquq normalarının himayəsi altındadır. Eyni zamanda Azərbaycanın Türkiyə kimi müttəfiqləri var. Həmçinin Azərbaycan Qərb və güclü Şərq ölkələriylə balanslı siyasət yürüdür. Belə situasiyalat çərçivəsində Ermənistanın Azərbaycanla rəqabət aparması qeyri-mümkündür. Ermənistanda gələcəyin keçmiş üzərində qurulmasına yönəlik açıqlamaların gündəmə gətirilməsi ölkə daxili siyasi mübarizəyə hesablanan addımdır. Növbəti parlament seçkilərinə qədər Ermənistanda daxili siyasi çəkişmələr ən yüksək səviyyədə olacaq”.