MHP sədr müavini Mevlüt Karakaya “Terrorsuz Türkiyə” hədəfi ilə bağlı mühüm açıqlamalar verib. O bildirib ki, MHP lideri Dövlət Baxçalının “daxili cəbhəni gücləndirmə” çağırışı siyasi risk deyil, birbaşa dövlət düşüncəsinə əsaslanan strateji addımdır.
Sherg.az xəbər verir ki, Karakayanın sözlərinə görə, Baxçalının İmralı ilə bağlı “lazım gələrsə təkbaşına gedərəm” çıxışı da bölgədə, xüsusilə İsrailin regional planlarını pozmağa yönəlmiş mesajdır. O vurğulayıb ki, “bir dövlət daxilində paralel silahlı qüvvə ola bilməz” və Suriyanın şimalında aparılan əməliyyatlar beynəlxalq hüquq baxımından terrora qarşı mübarizədir.
MHP-li siyasətçi Suriyanın unitar quruluşunun qorunmasının Türkiyənin milli təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu deyib və bölgədəki sabitliyin Türkiyə üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.
Karakaya həmçinin bildirib ki, İsrailin bölgədəki aqressiv siyasəti Türkiyəni də təhdid edir və əsas məqsəd Türkiyəni zəiflətmək, daxili birliyi sarsıtmaqdır. Onun sözlərinə görə, “Terrorsüz Türkiyə” layihəsinə ən böyük dəstək məhz Şərqi və Cənub-Şərqi Anadoludan gəlir.
MHP rəsmisi əlavə edib ki, partiya təşkilatları Dövlət Baxçalının tam şəkildə arxasındadır və Cumhur İttifaqında hər hansı parçalanmadan söhbət gedə bilməz.