Gülər Əhmədova: “Güllələnmə versələr də, fikrimi dəyişməyəcəm”

“Məni Azərbaycanın bir nömrəli pis adamı kimi təqdim etməyə çalışırlar”



Ötən gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan keçmiş millət vəkili Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkilləri bir neçə vəsatət veriblər. Amma vəkillərin vəsadətlərinin heç biri təmin olunmayıb.

"Hər gün efirdə olan qardaşıma, həyat yoldaşıma gəlib deyə bilərdi”

Bundan sonra sabiq deputat ifadə verib. G.Əhmədova deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sevinc Babayevanın onun başına açdığı oyunları tam yox, qismən danışıb. Müttəhim deyib ki, ölmüş adamın arxasınca danışmağı düzgün hesab etmir: "Video ilə bağlı deyə bilərəm ki, onlar montajdır. Ekspertlərin çıxışları da bunu təsdiq elədi. Həmin videolarda xeyli qüsurlar var ki, ekspertlər bunları qeyd edib. Elşad Abdullayevin dediklərinə gəlincə, əgər onun məndə pulu olsaydı, bu qədər vaxt susmazdı. 7 il ərzində mənim iş yerimə, hər gün efirdə olan qardaşıma, həyat yoldaşıma gəlib deyə bilərdi. Bu adam sonuncu müsahibəsini də ANS-ə verib. Sonra da çıxıb gedib Fransaya. Arzu Kazımovun və digərlərinin işində pulun alınıb-verilməsi təsdiq olunub. Arzu Kazımov 3 il müddətinə həbs edilib, Binəqədinin prokuroru isə şərti cəza alıb. Amma mənimlə bağlı cinayət işində bu sübutlar olmaya-olmaya 3 il həbs veriblər. Mətbuatda bu işləri inqubator cücələri kimi eyniləşdirirlər. Amma elə deyil. Mən Azərbaycan dövlətinə xidmət etmiş adamam, anayam, qadınam, bu gün də dövlətçiliyə xidmət edirəm. Heç vaxt bu yoldan dönən deyiləm. Nəyə görə Binəqədinin prokuroru şərti iş alır, amma bu mənə şamil edilmir?”.

"Mən öz ölkəmdən heç yerə şikayət edən deyiləm”

G.Əhmədova üç dəfə parlament seçkilərində iştirak edib, qalib gəldiyini də xatırladıb: "Mənim müxtəlif təbəqələrdən olan adamlara ehtiyacım olurdu. Sevinc mənimlə bağlı heç vaxt rəsmi vəzifə tutmayıb, mənim rəfiqəm olmayıb. Sadəcə mən bir millət vəkili kimi çox insana kömək etmişəm. Bilirsiniz ki, yıxılana balta çalan çox olar. Məni Azərbaycanın bir nömrəli pis adamı kimi təqdim etməyə çalışırlar. Həmişə reklamlardan uzaq olmağa çalışmışam”.

Sabiq deputat həmçinin ailəsinin bu gün çox dramatik vəziyyətdə olduğunu diqqətə çatdırıb: "Anam, yoldaşım xəstədirlər. Körpə yaşında oğlum qapılarda qalıb. Məni Heydər Əliyev siyasətə gətirib. Mən hər zaman bu yolda olacağam. YAP-da olub-olmamağımın heç bir fərqi yoxdur. Kimsə YAP-dan çıxan kimi mövqeyini dəyişirsə, mən onu etməyəcəyəm. Məni heç kimlə səhv salmasınlar. Düzdür, prokurorluq mənə çox əziyyət edib. Amma incikliyim yoxdur. Bura Azərbaycandır. Mən öz ölkəmdən heç yerə şikayət edən deyiləm. Huri mələklər gəlsə də, fikrimdən dönməyəcəm. Mənə güllələnmə versələr belə, fikrimi dəyişməyəcəyəm”.

Dövlət ittihamçısı isə G.Əhmədovanın bu sözlərinə etiraz edib: "Mən sizi mahiyyəti üzrə ifadə verməyə dəvət edirəm”.

"Hər şeyə baxdılar, hətta qadına məxsus şeylərə də göz gəzdirdilər”

Sualları cavablandıran keçmiş deputat bildirib ki, Qazaxa gedəndə ona ölkədən çıxmasına qadağa qoyulduğunu bilirmiş: "Qazaxın prokuroru və polis şöbəsinin rəis müavini gəlib dedilər ki, axtarış aparmalıdırlar. Hər şeyə baxdılar, hətta qadına məxsus şeylərə də göz gəzdirdilər. Xahiş elədim ki, heç olmasa, məni maşının yanına aparmayın, hamı məni tanıyır. Dedilər ki, mümkün deyil. Mənə bildirdilər ki, disk, ya da yaddaş kartı axtarırlar. Guya məndə kiminsə barəsində məlumat olan disk var. Bunu mənim əleyhimə olan adamlar mətbuatda yaymışdılar. Sonra Bakıya gətirdilər. Gecə saat 10-da dedilər yazın ki, Elşadın pulun qaytaracağam. Mən də gülüb dedim ki, nə istəsəniz yazacağam, amma öz bildiyimi də yazacağam. Razılaşdıq. Yazdım ki, Elşaddan pul almamışam, heç kimə pul verməmişəm. Soruşdum ki, nə qədər pul qaytarmalıyam? Dedilər, bir milyon manat. Cavab verdim ki, məndə bu qədər pul heç vaxt olmayıb, mümkün deyil. Müstəntiq isə dedi, yaz ki, evimi satıb hissə-hissə qaytaracağam. Yatsam, heç yuxuma da girməzdi ki, mənə belə münasibət olar. Bakı Şəhər Prokurorluğunda yazmışam ki, işgüzar nüfuzuma xələl gəlməməsi üçün pulu qaytararam, özüm çadırda yaşayaram. Məni həbs elədilər, amma Elşadın qardaşı hələ də oturub prokurorluqda”. G.Əhmədova çıxışında özünü qətiyyən təqsirli bilmədiyini vurğulayıb. Bundan sonra məhkəmədə istintaqın tamamlanması barədə müzakirələr aparılıb.

G.Əhmədova və vəkilləri istintaqın tamamlanmasına etiraz ediblər. Lakin məhkəmə istintaqın tamamlanması barədə qərar qəbul edib.

Son qərarın verilməsi mayın 5-nə qaldı

Günün ikinci yarısında davam etdirilən prosesdə dövlət ittihamçısı Rəsul Abbasov çıxış edərək G.Əhmədovanın təqsirinin öz təsdiqini tapdığını, onun çıxışının özünü müdafiə xarakteri daşıdığını diqqətə çatdırıb. Prokuror məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını və hökmün qüvvədə saxlanmasını istəyib.

Bundan sonra sabiq deputatın vəkillərinə çıxışa hazırlaşmaq üçün vaxt verilib. Amma vəkillər çıxışa hazır olmadıqlarını bildirərək, məhkəmənin mayın 5-nə qədər təxirə salınmasını xahiş ediblər.

Hakim Ə.Qasımov isə vəkillərin xahişini nəzər alaraq, məhkəmə prosesini mayın 5-nədək təxirə salıb.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra G.Əhmədova mandatından imtina edib. G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Qeyd edək ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.

Anar Bayramoğlu