İmkansızlara süni mayalanma təklifi...

Biri-birinin eyni olan insanlar dünyaya gələcək
Süni mayalanma nəticəsində şəxsiyyətin unikallığı getdikcə aradan qalxacaq. İnsanlar biri-birinə bənzəyəcək


Sonsuzluq problemi ilə üzləşmiş şəxslərə dövlət hesabına süni mayalanma təklif ediləcək. Milli Məclisin Sosial siyasət komitəsi bunu ölkədə sonsuzluğun faizinin azaldılması istiqamətində addım sayır. Dövlət dəstəyinin şərtlərini jurnalistlərə açıqlayan komitə sədri, millət vəkili Hadı Rəcəbli sonsuzluq müddəti kimi 10 il götürüləcəyini deyib. Millət vəkili qeyd edib ki, qanunda 10 ildən çox uşağı olmayan ailələrə dövlət hesabına süni mayalanma təklif ediləcək.

Çünki bu, çox bahalı əməliyyatdır, kasıb ailələrin buna imkanı çatmır. Millət vəkili hesab edir ki, əgər hazırda nikaha daxil olanların 9-11 faizi sonsuzluq problemi ilə qarşılaşırsa, dövlət dəstəyi nəticəsində bu faiz xeyli aşağı salına bilər.

Fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında süni mayalanma məsələsinin həmişə geniş müzakirə və mübahisələrə səbəb olduğunu bildirdi:

- Övladı olmayan ailələrə dövlət dəstəyi veriləcəksə, bu, ancaq alqışlanmalıdır. Amma süni mayalanma elə bir məsələdir ki, burada Azərbaycan cəmiyyəti birmənalı mövqe bildirmir. Məsələnin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi budur ki, övlad həsrəti çəkən ailələr arzularına qovuşacaq. Mənfi tərəfi isə bizim mental xüsusiyyətlərimizlə bağlıdır. Azərbaycan Şərq ənənələrini özündə yaşadan ölkədir və biz Şərq ailəsiyik. Düşünmək ki, istər qadın, istərsə də kişi süni mayalanmaya asanlıqla razılıq verəcək, absurd olardı. Bunun özü də ailələrdə böyük problemlər yarada bilər. Qadın istəyəcək, kişi istəməyəcək, yaxud əksinə. Və ailələrdə narazılıqlar, söz-söhbət başlayacaq. Bu məsələlərdə ailələrə sərbəstlik verilməlidir. Bir nəfərin yalnız bir dəfə donor kimi çıxış etməsi şərti də məncə, düzgündür. Çünki bir nəfərin bir neçə dəfə donor kimi çıxış etməsi genetik qohumluqların sayını artıra bilər, həm də irsi xəstəliklərin yayılmasında da mənfi tendensiya kimi ortaya çıxar. Bu, çoxşaxəli problemdir. Həm ictimai, həm sosial tərəfləri var. Süni mayalanma hansısa ailələr üçün çıxış yoludursa, cəmiyyət üçün təhlükəli məqamları da var. Süni mayalanma nəticəsində şəxsiyyətin unikallığı getdikcə aradan qalxacaq. İnsanlar biri-birinə bənzəyəcək. Biri-birinin eyni olan insanlar dünyaya gələcək. İslam dini, müqəddəs "Qurani-Kərim” heyvanlar üzərində hər hansı elmi yeniliklər, elmi tədqiqatlar aparılmasını qadağan edir, o ki olsun, insanlar üzərində. Görürük ki, artıq insan öz elmi nailiyyətləri ilə özünün qəniminə çevrilməkdədir. Bioetika elmi məhz bu zərurətdən yarandı. Və insanlara xəbərdarlıq etdi ki, ehtiyatlı olun.

Ş.Namazova hesab edir ki, sonsuzluq probleminin minimuma endirilməsi üçün gənc ailələrə dövlət dəstəyi gərəkdir:

- Bu gün bir çox gənc ailələr var ki, vaxtlı-vaxtında həkim nəzarətindən keçə bilmir, müayinəyə gedə bilmir, lazımi dərman preparatlarını almağa imkanları çatmır. Məncə, gənc ailələrlə bağlı xüsusi dövlət proqramı işlənməlidir. Bəzən gənc ailələr sadəcə, həkim bilgisizliyinin qurbanına çevrilirlər. İllərlə müalicə alırlar, heç bir nəticəsi olmur, sonunda məlum olur ki, artıq orqanizm zədələnib və valideyn olmaq imkanlarını itiriblər. Ona görə də ailələrə ilkin mərhələdə yardım göstərilməsi vacibdir. Azərbaycan Avropaya, mütərəqqi dünyaya inteqrasiya yolunu tutmuş bir ölkədir. Bir halda ki, dünyanın bir çox ölkələrində süni mayalanma ilə bağlı qanunlar qəbul edilib, biz də bunu edə bilərik. Amma qanunun qəbulu başqadır, onun işləməsi başqadır. Qanunlar qəbul olunduqdan sonra onların işlək mexanizmlərinin tapılması üçün bir qədər müddət lazım gəlir. Ümid edək ki, bizdə qanunun işlək mexanizmləri tez bir zamanda tapılacaq.

"Qadın Krizis Mərkəzi”nin rəhbəri Mətanət Əzizova da sonsuzluq problemi ilə mübarizədə ailələrə dövlət dəstəyinin olacağını müsbət dəyərləndirdi:

- Prinsipcə, bu, yaxşı haldır. Çünki sonsuzluq ikiarvadlılıq, məişət zorakılığı problemlərini yaradır. Amma ilk növbədə onu bilmək lazımdır ki, burada söhbət nədən gedir? Qadın sonsuzluğundan, yoxsa kişi sonsuzluğundan. Çox zaman donor həyat yoldaşı olur. Hətta sonsuzluğun aradan qaldırılması üçün 1 faiz şans varsa, istər qadın, istərsə də kişi tərəfindən, belə olan halda ailə cütlüklərinin özləri donor qismində iştirak etməlidir. Çünki biz Azərbaycanda tamam kənar bir şəxsin donorluğunun qəbul edilməsi halına yəqin ki, çox nadir halda rast gələ bilərik. Adətən, donorların kimliyi anonim saxlanır. Ancaq bu, sonradan ailələr üçün problem yaratmayacaq ki. Deyək ki, uşağın atasının həqiqi kimliyini bilmək hüququ tanınacaqmı? Ailələrin sonsuzluq probleminin həllinə dövlət dəstəyi çox yaxşıdır. Ancaq burada artıq problemin son mərhələsindən bəhs edilir. Bəs ilkin mərhələ barədə nə vaxt düşünəcəyik? Problem varsa, onu doğuran səbəblər araşdırılmalıdır. Səbəblər göstərilməlidir ki, problemdən çıxış yolları da ortaya qoyulsun. Səhiyyənin yüksəldilməsi ilə bağlı qanunlar qəbul edilməlidir. Ana və analığın qorunması lazımi qaydada həyata keçirilməlidir. Nə qədər gənc ana doğuş zamanı, doğuşdan sonra dünyasını dəyişir, övladları tələf olur. Biz hələ bunun əsl səbəblərini tapmamışıq. Elə gənc qadınlar var, doğuş zamanı aldığı zədə səbəbindən bir daha ana ola bilmir, analıq keyfiyyətlərini tamamilə itirir. Bəs onlara necə dəstək göstəriləcək? Süni mayalanma sonsuzluq probleminin həlli deyil. Bu, ancaq 1-2 faiz insana kömək edə bilər. Sonsuzluğun daha dərin kökləri var. Qidalanmadan tutmuş, gənclərin sağlamlığı, həkim nəzarətindən keçmələri, periodik müayinələrə cəlb olunması, gənc ailələrə sosial yardımlar... Bunlardan danışılmalıdır və problemin aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir.

Məlahət Rzayeva