Qaraçuxurda ekoloji böhran yaşanır

Bir qrup sakin “Şərq”ə dözülməz vəziyyətlə bağlı məlumat verib




Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsinin bir qrup sakini yaşadıqları ərazinin sağlamlıqları və təhlükəsizliklərini təhdid etməsindən, ekoloji fəlakət həddinə çatmasından, antisanitariya şəraitinin hökm sürməsindən şikayətçidirlər.

"Şərq”ə müraciət edən sakinlər bildirir ki, ölkə Prezidenti hökumət nümayəndələri ilə keçirilən aprel müşavirəsində Bakının ekoloji vəziyyəti, ağacların qeyri-qanuni kəsilməsi məsələlərinə toxundu və əlaqədar təşkilatlara ciddi tapşırıqlar verdi. Hesab etmək olardı ki, bundan sonra əlaqədar qurumlar paytaxtda yaşıllıqların sayının artırılması, təmizliyə, sanitar normalara riayət edilməsinə və paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına səy göstərəcəklər. Amma əfsus ki, bunların şahidi olmuruq. Qaraçuxur qəsəbəsində ekoloji durum nəinki müsbətə doğru dəyişir, əksinə, günü-gündən pisləşir.

Qəsəbənin dağlıq hissəsinin (Qaraçuxur qəbiristanlığı ilə Kərpic zavodunun arasındakı məsafə) Xətai rayonu ərazisinə düşən hissəsindən dərəyə hər gün məişət tullantıları atılır. Vəziyyət dəhşətli hal alıb. İş o yerə çatıb ki, dərəaşağı nəinki gündəlik məişət tullantıları, artıq ağır beton lövhələr də atılır. Nəzərə alınmır ki, ağır tikinti materialları dərənin ətəyində yaşayanların həyatını təhlükə altında qoyur, zibilliklərsə insanların sağlıq durumunu təhdid edir. Sakinlər dərənin hazırkı halını əks etdirən fotoları da redaksiyamıza təqdim ediblər. Fotolardan ərazinin necə bərbad durumda olduğu aydın görünür. Üstəlik, dərəyə yaxın ərazidə yaşayanlardan biri küçənin ortasında tualet də "inşa edib”. Həyətdəki kirayənişinlər ayaqyolu kimi məhz buradan istifadə edirlər. Bu da, ətrafda antisanitariyanın hökm sürməsini şərtləndirir. Sakinlərin bir problemi də, böyük sahəni əhatə edən yaşayış massivində bir dənə də zibil qutusunun qoyulmamasıdır.

Sakinlər yaranmış vəziyyətlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə, Qaraçuxur qəsəbə nümayəndəliyinə müraciət edirlər. Sakinlər deyir ki, "eşitmişik, Suraxanı Rayon İcra Hakimiyyəti ağacəkmə kampaniyası keçirir. Görəsən, o kampaniya bizim tərəflərə niyə gəlib çıxmır. Əsl ağac əkilməli yer elə bizim dağın döşüdür. Orada çox gözəl yaşıllıq salmaq olar. Həm ekoloji durumun yaxşılaşmasına xidmət etmiş olar, həm də antisanitariya şəraiti aradan qaldırılar”.

Sakinlər rayon icra hakimiyyətindən təcili tədbir görülməsini xahiş edirlər.

Məlahət Rzayeva