İstirahətsiz qalan uşaqlar

İndi nə pioner düşərgəsi var, nə də manqa rəhbəri




Nə az, nə çox, düz bir aydan sonra bütün məktəblilər yay tətilinə çıxır. Azərbaycanda minlərlə məktəblini hər il olduğu kimi qarşıda istirahət və boş vaxt gözləyir. Bəs bu 3 ay ərzində yeniyetmələrin asudə vaxtlarının təşkili necə olacaq? Maraqlıdır ki, uşaqların yay istirahət düşərgələrindən, asudə vaxtlarının səmərəli keçirilməsindən söhbət düşəndə, çoxları sovet dövrünün nisgili ilə köks ötürür. Necə ki, o dövrdə uşaqlar yay istirahətləri zamanı pioner düşərgələrinə göndərilir, müxtəlif ekskursiyalara gedirdilər.

Heç şübhəsiz, asudə vaxtın səmərəli təşkili uşaqların inkişafında mühüm rol oynayırdı. İndiki uşaqlar isə bütün imkanlardan məhrumdurlar. Məhz bu məhrumiyyət də gələcəyimiz olan uşaqların cəmiyyətə inteqrasiyasına mənfi təsir edir. İstirahət düşərgələri olmadığı üçün uşaqlar asudə vaxtlarını ancaq evdə və ya internet klublarda geçirərək pis vərdişlərə aludə olur. Valideynlərin bəzilərinin dediyinə görə, yay tətilində uşaqlarını istirahətə göndərə bilməmələrinin səbəbi imkansızlıqdan çox, istirahət yerlərinin qıtlığı ilə bağlıdır. Vaxtilə pis-yaxşı fəaliyyət göstərən istirahət düşərgələrindən indi cəmi bir neçəsinin qaldığını deyən valideynlər həmin düşərgələrdə artıq boş yer olmadığını bildirirlər. Qeyd edək ki, məhz uşaqların istirahəti ilə bağlı qanun layihəsinin qəbulu bir müddət gündəmdə idi. Qanun çərçivəsində ölkədə uşaq istirahəti üzrə dövlət standartları və onun təsnifatı müəyyənləşəcəkdi. Amma müxtəlif səbəblərdən qanunun qəbulu ləngiyir. Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli isə hesab edir ki, "Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsinin qəbulu məhz Maliyyə Nazirliyinin uşaqların istirahət mərkəzlərinin tikintisi üçün vəsait ayırmaması səbəbindən geçikir. O bildirib ki, "Uşaqların istirahətinin təşkili haqqında” qanun qəbul olunduqdan sonra istifadəsiz qalmış pansionatlardan istifadə olunacaq: "Uşaqlar üçün istirahət mərkəzlərinin tikintisi üçün Maliyyə Nazirliyinə müraciət edəndə cavab verirlər ki, bu qədər vəsaiti haradan alaq? Biz isə deyirik ki, yenilərini tikməyək, bu gün mövcud olan pansionatlar var, onlardan istifadə edək. Hazırda 30-a yaxın pansionat dağılmış, yararsız vəziyyətdədir. "Uşaqların istirahətinin təşkili haqqında” qanun qəbul olunduqdan sonra yəqin ki, məcburi köçkünlərin məskunlaşdığı pansionatlar da boşaldılacaq.

Ekspertlərin isə məsələyə yanaşmasında fərqlilik var. Belə ki, onlar problemin dövlət büdcəsi hesabına həll olunmasının tərəfdarıdırlar.

Hər bir məktəb uşaqların istirahətini özü təşkil etsə, daha yaxşı olar.

"Ümidli gələcək” Gənclər Təşkilatının sədri Kəmalə Aşumova hesab edir ki, standartları müəyyənləşdirmək üçün dövlət büdcəsindən maliyyə ayrılmalıdır. "Uşaqların asudə vaxtının və istirahətinin təşkili üçün düşərgələrin olması çox vacibdir. Çünki uşaqların asudə vaxtının təşkil olunmaması çox ağır nəticələr verir. Onların yay və qış tətilləri təmin olunmur. O cümlədən, valideyn də öz uşağının istirahətini təmin etmək qərarında olmur. Bu üzdən uşaqlar pis yola düşür, fiziki davranışa meyilli olur, oğurluq edir və s. müxtəlif hüquqi pozuntular törədirlər. Uşaqlar ağır nəticələrlə üzləşə bilirlər”. K.Aşumovanın fikrincə, qanun qəbulundan sonra iş hansısa dövlət qurumunun nəzarətində həyata keçirilməlidir. Belə ki, orada xüsusi kadrlar çalışmalı, onların asudə vaxtlarının təşkili müxtəlif sahələr üzrə aparılmalıdır. Bununla bağlı xüsusi proqramlar qəbul olunmalıdır ki, məsələ tənzimlənsin. Təşkilat sədri hesab edir ki, uşaqların asudə vaxtının təşkili onların oxuduqları məktəb çərçivəsində təşkil olunsa, daha məqsədəuyğun olar: "Hər bir məktəb uşaqların istirahətini özü təşkil etsə, daha yaxşı olar. Onlarla psixoloqlar, bu sahəni bilən müəllimlər çalışar ki, orada təkcə yeyib-yatmaq yox, həmçinin, onların dünyagörüşünün artırılması sahəsində və emosional durumunun yaxşılaşdırılması baxımından da işlər aparılsın. Yəni onlar üçün maraqlı dərnəklər, viktorinalar olmalı, ora idman mütəxəssisləri, psixoloqlar cəlb edilməlidir. Qrup işləri, oyun terapiyaları təşkil edilməlidir”. K.Aşumova təkcə ölkə və şəhər daxilində deyil, həmçinin beynəlxalq səviyyədə istirahət düşərgələrinin təşkil olunmasını dəstəkləyir. Hazırda ölkədə fəaliyyət göstərən uşaq düşərgələrinin şəraitinin o qədər də pis olmadığını söyləyən təşkilat rəhbəri hesab edir

ki, həmin düşərgələr pullu olduğu üçün hər valideyn ora yaxın düşə bilmir: "Qidalanma və uşaqların istirahəti orada normal şəkildə təşkil olunmur. Ancaq bu o demək deyil ki, uşaqlar orada tam düşərgə tipli istirahət edə bilirlər. Əgər həmin düşərgələr üzrə monitorinq aparılsa, onlarla işləyən kadrların bacarıqları və yaxud lazımi kadrların olub-olmaması problemləri meydana çıxa bilər. Buna görə də təkcə qidalanmaya yox, digər sahələrə də diqqət yetirmək lazımdır”.

Pullu düşərgə problemi

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov hazırda ölkədə uşaq istirahətinin aşağı səviyyədə təşkil olunduğunu qeyd edib. Belə ki, hazırda Daxili İşlər Nazirliyi, Dəniz Donanması və s. qurumların öz işçilərinin uşaqları üçün yay düşərgələri fəaliyyət göstərir. O cümlədən, Həmkarlar İttifaqının tərkibində fəaliyyət göstərən əlil uşaqlar üçün az sayda yay düşərgələri var. "Digər uşaqlar isə istirahət etmək üçün konkret olaraq yer tapmırlar. Uşaqlarını pullu düşərgələrə göndərmək üçün valideynlərin sadəcə imkanları çatmır. 15-20 günlük istirahət üçün 200 və ya 300 manat heç bir valideyn ödəyə bilmir”. Sovet dövründə uşaqların istirahətinin daha mənalı və məzmunlu təşkil olunduğunu qeyd edən liqa rəhbəri bildirib ki, əvvəllər hər bir qurumun həmkarlar təşkilatı fəaliyyət göstərirdi və onlar istirahət düşərgələri təşkil edirdilər. "Bu cür yay düşərgələrində uşaqlar maraqlı istirahət edirdilər”. Y.Bəkirovun fikrincə, ilk növbədə uşaqlar üçün istirahət düşərgələri təşkil olunmalı və daha sonra normativlər müəyyənləşməlidir: "Hazırda ölkədə çoxlu miqdarda həmkarlar təşkilatları yoxdur. Zavod və fabriklər çox olmadığı üçün onların da həmkarlar təşkilatları fəaliyyət göstərmir. İlk növbədə istirahət düşərgələrini təşkil etmək üçün dövlət büdcəsindən pul ayrılmalıdır. Belə ki, yayda tətildə olan məktəbləri yay düşərgəsinə çevirmək olar. Cüzi miqdarda dövlət büdcəsindən pul ayrılanda 3 ay müddətində həmin düşərgələr fəaliyyət göstərə bilər”.

Şəymən