“Rusiya təhlükəsi ciddi məsələdir”

Fərhad Mehdiyev: “Yubanmadan tədbirlər görülməlidir”



Putin Rusiyası SSRİ-ni bərpa etmək yönündə cəhdlərini davam etdirir. Rusiyanın postsovet ölkələrindəki separatçı bölgələrin əhalisinə rus pasportları paylaması, keçmiş müttəfiq respublikalarda yaşayan insanların rus vətəndaşlığı almasını asanlaşdıran qanunun qəbulu və SSRİ dağılandan sonra ilk dəfə olaraq 1 mayın Kremlin önündə təntənəli bayram kimi qeyd olunması bu cəhdlərin ciddiliyinə şübhə yaratmır.

Şimal qonşumuzun son davranışları, xüsusən də Krım məsələsi sözsüz ki, müstəqil Azərbaycan dövləti üçün də ciddi təhlükə hesab olunur. Ötən gün bir qrup siyasətçinin bir yerə toplaşaraq cəmiyyətə "Rusiya təhlükəsi” mesajını verməsi də məsələnin kifayət qədər ciddi olduğundan xəbər verir. Bu barədə "Şərq”ə danışan Qafqaz Universitetinin professoru, tanınmış politoloq Fərhad Mehdiyev də vurğulayıb ki, tək Azərbaycan üçün deyil, bütün postsovet ölkələri üçün rus təhlükəsi var. Ona görə də, bir sıra ciddi önləmlər almaq vacibdir.

- SSRİ-ni bərpa etmək arzusunda olan Kreml son günlər daha "qətiyyətli” addımlar atır. Sizcə, bu istiqamətdə həyata keçirilən ən təhlükəli və təsirli variant hansıdır?

- Putin müxtəlif üsullardan istifadə edərək köhnə SSRİ-ni bərpa etməyə çalışır. Gömrük və Avrasiya İttifaqı da məhz bu niyyətlə ortaya atılıb. Ancaq Rusiya pasportunun sadələşdirilmiş

qaydada paylanması məsələsi isə tamam başqa şeydir. Bu ideya hər hansı iqtisadi birlik yaratmaq məqsədilə tətbiq edilməyib. Bu, dolayı yolla postsovet ölkələrini, o cümlədən də Azərbaycanı gələcəkdə həmin qurumlara daxil etmək üçün düşünülmüş bir təzyiq vasitəsidir. Yəni postsovet ölkələrində yaşayan insanlar rus vətəndaşlığını nə qədər çox qəbul etsələr, bu amil Rusiyaya əlavə imkanlar və lazım olanda həmin ölkəyə hərbi müdaxilə etməyə əsas verir. Amma Moskva güzəştə gedərək deyir ki, "məni buna vadar etməyin, özünüz könüllü surətdə təklif etdiyimiz qurumlara daxil olun”. Ona görə qeyd edirəm ki, bu faktor Rusiyaya qonşu olan ölkələr, o cümlədən də Azərbaycan üçün ciddi təhlükə hesab olunur. Müstəqilliklərini qoruyub saxlamaq istəyən suveren dövlətlər bu təhlükənin qarşısını almaq üçün mütləq adekvat addımlar atmalıdır.

- "Rusiya təhlükəsi”ni Azərbaycan üçün ciddi hesab etməyənlər də var. Onların fikrincə, Azərbaycanda rusmeyilli qüvvələr çox deyil....

- Mən "rus təhlükəsini” kifayət qədər ciddi hesab edirəm. Sadəcə, Azərbaycan baxımından demirəm. Bütün postsovet ölkələri üçün məsələ olduqca ciddidir. Hətta bu prosesdə keçmiş sovet ölkəsi olmaq şərti də yoxdur. Siz SSRİ-nin Əfqanıstana qoşun yeritməsi hadisəsini yada salın. Həmin ölkəyə indikinə bənzər bir ssenari yaradılaraq hücum edildi. Guya rus qoşunları Əfqanıstana "dəvət olunmuşdu”. Siz hər bir ölkədə başqa dövləti "dəvət” edə biləcək qüvvələr tapa bilərsiz. Əgər bu ideya kənar ölkələrdə baş tutursa, deməli, köhnə SSRİ respublikalarında bunu həyata keçirmək daha asan və rahat olacaq. Çünki postsovet ölkələrində rusdilli əhali və üstəlik, könüllü rus pasportuna can atan xeyli "azərbaycanlılar” var. Bütün bu faktlar Rusiyanın istənilən ölkəyə hərbi və digər sahələrdə müdaxilə etməsini asanlaşdırır. Biz bunu Gürcüstanda, Cənubi Osetiyada, Abxaziyada və Krımda gördük. Bu təhlükə ehtimal olunan deyil, real bir təhlükədir.

- Dediyiniz real təhlükənin qarşısını almaq üçün dövlət nə etməlidir? Rus vətəndaşlığını qəbul etmiş və ya qəbul etmək istəyən insanların "rus oyununa” ortaq olmaması üçün hansı addımlar atılmalıdır?

- Bununla bağlı təklif etmişdim ki, mövcud qanunvericiliyə dəyişiklik edilsin. Bundan əlavə, ikili vətəndaşlıq alan insanlar üçün müəyyən öhdəliklər nəzərdə tutulsun. Məsələn, həmin şəxslər əlavə vergi ödəsinlər və ya bir sıra imtiyazlardan məhrum edilsinlər. Onlardan gəlir vergisi ikiqat alınsın, əlavə rüsumlar nəzərdə tutulsun və s. Bura həmçinin dövlət tərəfindən ödənilən sosial müavinətlər, pulsuz orta və ali təhsil, təsərrüfatda istifadə olunan texniki vasitələr və s. imtiyazlar da daxildir. Dövlət bunları edə bilər və etməlidir. Qanuni sanksiya paketi qəbul olunmalıdır. Fikir verirsizsə, ancaq demokratik ölkələrin tətbiq edə biləcəyi məhdudiyyətlərdən danışıram. Sərt cəzaların verilməsini mən də məqbul hesab etmirəm. Rusiya vətəndaşlığına keçmə tendensiyası şimal rayonlarımızda daha güclüdür. Moskva bu bölgədə separatizmi gücləndirərək buna təkan verə bilər. Bunları nəzərə alaraq gecikmədən tədbirlər görülməlidir.

- "Rus təhlükəsini” əsas gətirən bəzi siyasətçilər Azərbaycandakı solçuları, xüsusən də kommunistləri sərt şəkildə ittiham edərək bu qüvvələrin fəaliyyətinə son qoyulmasını tələb etdilər. Solçuları təhlükə hesab edirsinizmi?

- Sol və kommunist partiyalar və onların üzvləri potensial olaraq "5-ci kolon”un namizədləridir. Bilirik ki, sol hərəkat Rusiyada daha güclüdür. Əgər onlar Azərbaycanda həmfikir partiyalar axtarsalar, solçuları və kommunistləri tapacaqlar. Baxmayaraq ki, cəmiyyətdə bu qruplar çox marjinaldır. Düzdür, solçuları və kommunistləri vətəndaşlıqdan çıxara bilmərik. Buna qanuni haqqımız yoxdur. Amma sol partiyalara qarşı diqqətli olmalıyıq. İctimaiyyət onlara nəzarət etməlidir. Ölkədə qol-qanad açmalarına və kütlə adından çıxış etmələrinə icazə vermək olmaz.

İsmayıl