“ASAN” ən uğurlu modeldir

Gömrük Komitəsinin bəzi funksiyalarının bu mərkəzə verilməsi məqsədəuyğundur



Azərbaycanda Gömrük Komitəsinin səlahiyyətləri azalır. Belə ki, Xəzər Avropa Klubunun tədbirində jurnalistlərə açıqlama verən Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, gömrük yüklərinin Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) vasitəsilə bəyan edilməsi planlaşdırılır. İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin (İSTM) rəhbəri, iqtisadçı Vüqar Bayramov isə Gömrük Komitəsinin bir çox funksiyalarının "ASAN " xidmətə verilməsinin məqsədəuyğun olduğunu deyib. Ekspertin qənaətincə, "ASAN” xidmət praktik olaraq Azərbaycanda korrupsiyaya qarşı mübarizə aspektindən ən uğurlu mübarizə modelidir.

Onun sözlərinə görə, "ASAN” xidməti regionda korrupsiyaya qarşı mübarizədə elektron xidmətdən istifadə ilə bağlı ən yaxşı model kimi qiymətləndirilir. Ekspertin sözlərinə görə, məsələ real olacağı təqdirdə süründürməçilik və bürokratiyanın aradan qaldırılması, həmin xidmətlərdə şəffaflığın artırılması və korrupsiyanın aradan qaldırılmasında mühüm addım olacaq:

"Çox güman ki, Gömrük Komitəsinin bəzi xidmətləri "ASAN”-a veriləcək. Çünki nəzərə alsaq ki, ölkə prezidentinin bu ilin mart ayında sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı xüsusi bir sərəncamı oldu. Həmin sərəncama uyğun olaraq Azərbaycan məhsulunun idxal edilməsi, Azərbaycana məhsulun gətirilməsi ilə bağlı gömrük proseduralarının sayının azaldılması, tələb edilən günlərin sayının azaldılması ilə bağlı təkliflərin hazırlanması Nazirlər Kabinetinə tapşırılıb. Dünya Bankının bizneslə məşğul olmaq hesabatındakı indiqatoruna uyğun olaraq həyata keçirildiyi üçün düşünürəm ki, yaxın zamanda gömrüyün bəzi xidmətlərinin "ASAN” xidmətə verilməsi mümkün olacaq. Bu addımı birmənalı şəkildə müsbət hal kimi qiymətləndirirəm.”

Gömrük Komitəsinin konkret olaraq, hansı səlahiyyətlərinin "ASAN” xidmətə veriləcəyinə gəldikdə isə İSTM rəhbəri hesab edir ki, elektron bəyannamələrin, gömrük proseduraları ilə bağlı müxtəlif sadələşdirilmələr kimi məsələlərin verilməsi mümkündür və lazımdır: "Məsələn, avtomobillərin ölkəyə gətirilməsi zamanı rəsmiləşdirmələrin "ASAN” xidmətin nəzarətinə verilməsi mümkündür. İndiki potensialı ilə, asanlıqla avtomobillərin ölkəyə gətirilməsini asanlaşdıra bilər. Çünki praktik olaraq meyarlar bəllidir. Ölkəyə gətirilən avtomobillərin dəyərinə, mühərrikin gücünə və intensivliyinə görə rüsumun hesablanması mümkün ola bilər”. Bununla yanaşı, ekspertin fikrincə, gömrüyün bütün xidmətlərinin "ASAN” xidmətə verilməsi real deyil. Onun sözlərinə görə, Gömrük Komitəsinin bütün xidmətlərinin "ASAN” xidmətin nəzarətinə keçirilməsi mexanizmi və modelləri digər ölkələrdə olmadığı üçün Azərbaycanda gözlənilən deyil.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də Gömrük Xidmətinin bəzi səlahiyyətlərinin "ASAN” xidmətə verilməsinin müsbət hal olduğunu vurğulayıb: "Gömrük fəaliyyətini tənzimləyən çox mühüm sənəddir. Gömrük Məcəlləsinin əsas xüsusiyyətlərindən biri də gömrük prosesinin tamamilə sadələşdirilməsini nəzərdə tutur və bütün bu proseslərin elektron formada həyata keçirilməsini tənzimləmək üçün ciddi əsaslar yaradıb. Gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönələn və gömrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində Komitə tərəfindən irəli sürülmüş bir təşəbbüsdür”.

Fond rəhbərinin sözlərinə görə, bu gömrük orqanları ilə yanaşı, "ASAN” xidmət tərəfindən də yükdaşımaların tənzimlənməsi iqtisadiyyatın daha da liberallaşdırılması və gömrük proseduralarının daha da sadələşdirilməsi, eyni zamanda bu xidmətlərdən istifadənin keyfiyyətinin daha artırılmasına gətirib çıxaracaq: "İlk növbədə isə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına yönələn prioritet kimi qəbul etmək olar. Gömrük orqanlarının bəzi səlahiyyətlərinin "ASAN” xidmətə verilməsi o demək deyil ki, həmin xidmət Komitə tərəfindən göstərilməyəcək. Xeyr, hər iki qurum bu funksiyaları paralel şəkildə həyata keçirəcək. "ASAN” xidmətdə əyləşərək həmin işi gömrük orqanlarının əməkdaşları yerinə yetirəcək. Həm də qeyd etdiyim kimi, müvafiq gömrük strukturları da həmin xidmətlərin həyata keçirilməsini davam etdirəcək. Sadəcə olaraq, vətəndaşlara göstərilən xidməti asanlaşdırmaq üçün belə bir təklif irəli sürülüb. Zənnimcə, Gömrük Komitəsinin müəyyən funksiyalarının paralel olaraq, "ASAN” xidmətdə həyata keçirilməsi kifayət qədər əhəmiyyətli və ölkədə iqtisadiyyatın inkişaf etdirilməsinə və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına yönələn növbəti addımlardan biridir”.

Şəymən